Maarifçilik məşəli

 

Heydər Əliyev Fondu ölkədə aparılan təhsil islahatlarına böyük dəstək verir

 

İnkişaf dəyişiklikdir. Mütərəqqi ənənələr üzərində yeni dəyərlərin yaradılmasıdır. Həyatımızdakı ən böyük dəyişikliklər isə məhz təhsillə, məktəblə başlanır.

Son illər elmimiz, təhsilimiz daha geniş inteqrasiya proseslərinə cəlb olunur. Həyata keçirilən tədbirlər sayəsində həm infrastruktur yenilənir, həm də kadr potensialı müasir dünyanın tələblərinə uyğun tərzdə formalaşdırılır. Ölkəmizin iqtisadi qüdrəti yeniyetmələrimizin, gənclərimizin yeni bilik, bacarıq, informasiya və texnologiyaları mənimsəmə qabiliyyəti ilə bilavasitə bağlıdır. Ona görə də Prezident İlham Əliyev intellektual potensialın zənginləşdirilməsini, elm və təhsil ocaqlarımızın iqtisadi islahatlarla həmahəng inkişafını öz çıxışlarında dönə-dönə qeyd edir. Aparılan köklü islahatlar bu sahənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin edir.

Ölkə təhsilinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın gördüyü işlər isə maarifçilik tariximizin böyük səhifəsini təşkil edir. Fondun yarandığı gündən aparıcı bir fəaliyyət sahəsi mövcuddur: bu, təhsil və geniş mənada sosial tərbiyə məsələləridir. Həmin məsələlər, əslində, xalqımızın gələcəyini qurmağın mühüm yollarıdır. "Bu gün, hər bir dövlətin, hər bir cəmiyyətin bundan önəmli hədəfi yoxdur", - deyir Mehriban xanım Əliyeva.

 

Təhsil strateji hədəfimizdir

 

 Heydər Əliyev Fondu 2005-ci ildən "Yeniləşən Azərbaycana yeni məktəb" çağırışını irəli sürməklə cəmiyyət həyatında böyük bir dəyişikliyin əsasını qoydu. Bu təşəbbüs çox böyük ictimai dəstək qazandı. Təhsilə insanlarımızın marağını artırdı. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin məqsədi təhsil sahəsindəki mövcud problemlərin həllinə kömək göstərmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerlixarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir.

Proqram çərçivəsində ölkənin müxtəlif bölgələrində yüzlərlə məktəb binası inşa olundu və yenidən quruldu. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi yaradıldı. Bununla tam fərqli, müasir, müsbət dəyişikliklərlə zəngin təhsil mühitinin qapıları gənc nəslin üzünə açıldı.

Heydər Əliyev Fondu  "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin uğurları ilə göstərdi ki, təhsil kimi strateji, cəmiyyət üçün həyati vacib sahələrdəki mövcud problemlərin yoluna qoyulmasına hər kəs bacardığı dəstəyi göstərməlidir. Çünki təhsil adına görülən hər kiçik bir işin nəticəsi müəyyən müddətdən sonra çox böyük faydalarla geri dönür.

"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin xoş bəhrələrini artıq gündəlik həyatımızda hiss etməkdəyik. Bu layihə çərçivəsində 3 mindən çox tikilmişya  yenidən qurulmuş məktəb fəaliyyət göstərir. Təhsilini müəyyən siniflərdən sonra məhz həmin yenilənmiş məktəblərdə davam etdirmiş gənclərimizin bir qismi artıq ali məktəbləri də başa vurublar. Onlar bu məktəblərlə dövlətimizin diqqət və qayğısını, gücünü, ali məqsədlərini görüb hiss ediblər. Layihə yenə də davam etdirilir. Mərkəzi şəhərlərimizdə və ucqarlarda inşa edilən, yaxud yenidən qurulan təhsil ocaqları ilə maarif  nurunu insanlara yetirir.

Bu günlərdə isə "Yeniləşən Azərbaycana yeni məktəb layihəsi" çərçivəsində Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəb istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təhsil ocağının açılışında iştirak edib, məktəb binasında yaradılan şəraitlə tanış olublar.

Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov məktəb haqqında geniş məlumat verib. Qeyd olunub ki, yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı yüksək səviyyədə, müasir standartlara uyğun şəkildə qurulub. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlərin müraciəti əsasında şagird sıxlığı nəzərə alınaraq, yeni məktəb binasının tikilməsi üçün göstəriş verib. 2020-ci ildə qəsəbədə yeni təhsil ocağının tikintisinə başlanılıb. İndi isə 960 şagird yerlik 304 nömrəli məktəb artıq şagirdlərin istifadəsinə verilib. Bütün bu işlərin hətta pandemiya dövründə həyata keçirilməsi isə bir daha göstərir ki, dövlətimizin əzmkarlığı, elmə, təhsilə qayğısı qarşıya çıxan bütün maneələrdən daha güclüdür. Heç bir çətinlik bizi tutduğumuz inkişaf yolundan çəkindirə bilməz.

Onu da qeyd edək ki, son dörd il yarımda Sabunçu rayonu üzrə yeni inşa edilən, əsaslı təmir olunan və əlavə korpuslar tikilən məktəblərin sayı 13-dür. Heydər Əliyev Fondunun uğurla icra olunan layihəsi çərçivəsində inşa edilən Kürdəxanı qəsəbəsindəki 304 saylı tam orta məktəb isə sayca 14-cüdür.

Kürdəxanı qəsəbəsinin 15 min 120 nəfər əhalisi var. Burada əhali sayının artması yeni yerlərinin, tibb, təhsil ocaqlarının tikilməsini və digər infrastruktur layihələrinin həyata keçirilməsini zəruri edir. Qəsəbədə inşa edilən yeni məktəb binası Bakı şəhərinin, ətraf kənd və qəsəbələrin sosial iqtisadi inkişafı ilə bağlı görülən işlərin davamıdır. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və ya yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.

 

 Fondun xətti ilə həyata keçirilən təhsil layihələri

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun təhsil sahəsində reallaşdırdığı möhtəşəm layihələrdən biri də "Təhsilə dəstək"dir. Bu layihə qısa zamandan sonra hüdudlarını daha da genişləndirdi. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki təhsil ocaqlarına, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilməyə başlandı.

"Təhsilə dəstək" layihəsi çərçivəsində indiyə qədər Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan, Hollandiya, Vyetnamda bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində zəlzələdən sonra dağılmış orta məktəb binasının inşası bu baxımdan Heydər Əliyev Fondunun ən uğurlu və rəğbət doğuran layihələrindən biridir. Yada salaq ki, həmin məktəb qızlar üçündür. Bu da bütün dünyada qızların təhsilinin, ictimai fəallığının, iqtisadi müstəqilliyinin təmin olunmasının Heydər Əliyev Fondu üçün nə qədər böyük önəm kəsb etdiyini göstərir.

Fondun uğurla reallaşdırdığı işlərdən biri də "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" layihəsidir. Layihə çərçivəsində Bakıda və ucqarlarda 100-ə yaxın məktəbəqədər təhsil müəssisələri inşa edilmiş, yaxud yenidən qurularaq körpələrin istifadəsinə verilmişdir. Bu proses indidavam etdirilməkdədir.

Təhsil sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilir. UNESCO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması nüfuzlu təşkilatlarla münasibətləri daha da dərinləşdirmiş, bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr, əsasən, "Təhsil hamı üçün" proqramını, texniki peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələri əhatə etmişdir.

Fondun təhsil sferasında illərdən bəridir ki, reallaşdırdığı layihələrdən biri də "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı"dır. Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli hər zaman qurumun qarşıya qoyduğu əsas vəzifələrdən olmuşdur. Bu proqram bilavasitə Fondun prezidentinin təşəbbüsü ilə hazırlanmışdır. Layihə çərçivəsində görülən tədbirlər də Mehriban xanım Əliyevanın təşkilatçılığı, daimi nəzarəti ilə həyata keçirilməkdədir. Proqramı uğurlu edən onun ciddi bir təhlil əsasında hazırlanması və icrası gedişində hər bir sahənin dəqiqliklə nəzərə alınmasıdır. Bakıda, ətraf qəsəbələrdə yerləşən uşaq evlərində və internat məktəblərində mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmüşdür.

"Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində respublika üzrə 50-dən çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqlarla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş, kommunal şərait yaxşılaşdırılmışdır. Müəssisələrdə kitabxanalar yaradılmışdır. Onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuşdurlar. Əksər uşaq evləri və internat məktəblərində kompüter avadanlığı quraşdırılmışdır. Sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır. Uşaqların hərtərəfli inkişafına müvafiq şəraitin yaradılması məqsədilə müəssisələrdə mütəmadi olaraq treninqlər davam etdirilməkdədir.

2009-cu ildən başlayaraq Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında bu müəssisələrlə bağlı daha bir xeyirxah həyata keçirilir. Uşaq evlərində tərbiyə almış, yaşı 18-ə çatandan sonra isə müstəqil həyata atılan gənclər üçün Bakıda və bölgələrdə yaşayış binaları tikilir. Onlar mənzillərlə, öz peşə bacarıqlarına uyğun yerləri ilə təmin olunurlar.

 

Heydər Əliyev Fondu layihələri ilə hər zaman gəncliyin yanındadır

 

Heydər Əliyev irsində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ulu Öndər gənclərə xüsusi qayğı göstərir, onların müstəqil Azərbaycanın gələcəyinin təmin olunmasındakı roluna diqqət çəkərək deyirdi: "Gənclərimizə arzu edirəm ki, onlar həmişə sağlam olsunlar, yaxşı təhsil alsınlar, yaxşı tərbiyə alsınlar, cəmiyyətdə öz yerlərini tuta bilsinlər, cəmiyyət üçün faydalı ola bilsinlər, bizim milli ənənələrimizi həmişə yaşatsınlar, valideynlərinə sadiq olsunlar... məktəbdə, ictimai yerlərdə yüksək mədəniyyət nümayiş etdirsinlər".

Mehriban xanım Əliyeva da Heydər Əliyev Fondunun layihələri ilə hər zaman Azərbaycan gəncliyinin yanındadır. Bu layihələrdə gənclərimiz fəal iştirak edirlər. Onlara öz potensiallarını reallaşdırmaq, öyrəndiklərini həyatda tətbiq etmək, zəngin təcrübə, faydalı bacarıqlar qazanmaq, sosial çevrə formalaşdırmaq imkanı yaradılır. Fondun prezidenti gəncləri bu layihələrə cəlb etməklə ölkəmizdə gənc könüllülər hərəkatını formalaşdırıb. Xalqımızın tarixi keçmişindən gələn əlbir ənənələrinə, el-oba naminə təmənnasız xidmətlərə müasir dövrdə yeni məzmun qazandırıb. Bu, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun daha da yüksəlməsinə, onların fərdi inkişafına, öz gələcəklərini arzularındakı kimi qura bilmələrinə çox böyük dəstəkdir. Bütün bunlar, Heydər Əliyev irsinin ana xəttini təşkil edən Vətənə, xalqa təmənnasız xidmət ideyasının gənc nəslə aşılanması baxımından misilsiz əhəmiyyətə malikdir.

İşğal altındakı torpaqlarımız da məhz bu gəncliyin gücü, əzmkarlığı, vətənpərvərliyi, döyüş ruhu sayəsində azadlığa çıxdı. Vətən müharibəsindəki zəfərimizdə bütün nəsillərin böyük əməyi, zəhməti var. Amma bu zəfəri, bu qalibiyyəti qazananlar cərgəsində Prezident İlham Əliyevin ölkəmizə  rəhbərliyi dövründə yetişən, formalaşan gəncliyin xüsusi rolu oldu. Bu gənclik dövlət başçısı İlham Əliyevin yetişdirdiyi gənclikdir: Qəlbi Vətən sevgisi ilə dolu, qürurlu, yüksək ruhlu, milli-mənəvi dəyərlərə yiyələnmiş, dövlətinə, torpağına, xalqına bağlı gənclik. Başqa cür ola da bilməzdi.

Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən bütün təhsil layihələri də məhz gənc nəslin firavan gələcəyinin təminatına yönəlmiş böyük işlərdir. Bu layihələr həm də dünyaya yeni bir Azərbaycan təqdim edir. Ölkəmizi dünyaya elm, təhsil, mədəniyyət işığında tanıdır. Bizə rəğbət bəsləyənlərin, bizimlə həmrəy olanların sırasını genişləndirir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2022.- 5 may.- S.8.