Peşəkarlığın, fədakarlığın və vətəni sevməyin təcəssümü

 

Heydər Əliyevin yaratdığı, İlham Əliyevin daha da gücləndirdiyi Xüsusi Təyinatlı Qüvvələr qəhrəmanlığın ən mükəmməl nümunələrini göstərirlər

 

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilən İkinci Qarabağ müharibəsi barədə tarix boyu çox deyiləcək, çox yazılacaq. Çünki bu savaş beynəlxalq hüquq normalarının tapdalandığı, ayrı-ayrı dövlətlərin hüquqlarının pozulduğu dünya nizamında haqsızlığa  məruz qalmış bir xalqın güc yolu ilə ədaləti bərpa etməsinin nümunəsinə çevrildi. Bu savaş göstərdi ki, qüdrətli və müdrik lideri, milli həmrəyliyi olan xalqın qarşısında dayanmaq mümkün deyil.

 

Ordumuz hər birimizə məğrurluq hissi yaşatdı

 

Torpaqlarımızın azad olunması ilə başa çatan bu müharibə nəticəsində həm də bütün dünya gördü ki, Azərbaycan güclü, ən müasir döyüş imkanlarını mənimsəmiş orduya malikdir. Hansı ki, bu ordu işğalçı  qoşunların 30 ilə yaxın müddətdə yaratdığı və möhkəmləndirdiyi bir neçə mərhələli mühəndis-istehkam qurğularını ilk həmlədəcə keçmiş və düşməni darmadağın etmişdi.  Hərbi əməliyyatların davam etdiyi 44 günün hər biri ordumuzun uğurlu əməliyyatları ilə əlamətdar oldu, hər gün cəbhədən qələbə xəbərləri gəldi.

Bu müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz yüksək döyüş peşəkarlığı və müasir hərbi əməliyyatların aparılması ilə yanaşı, ləyaqətlə döyüşməyin və vətənpərvərliyin ən gözəl nümunələrini yaratdı. Düşməni döyüş meydanında diz çökdürən ordumuz hər bir azərbaycanlıya tarixi və əvəzolunmaz məğrurluq hissi yaşatdı, bütün dünyaya bizi müzəffər xalq kimi tanıtdı.

Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N" saylı hərbi hissəsində çıxışı zamanı dediyi kimi, bu sevinci bizə bəxş edən əsgər və zabitlərimizdir: "Azərbaycan Silahlı Qüvvələrinin tarixi Zəfəri bizim tariximizdə əbədi qalacaq. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Bu sevinci bizə bəxş edən bizim övladlarımız, əsgər və zabitlərimiz olub. Bütün Silahlı Qüvvələr bu qələbənin əldə olunmasında öz dəyərli töhfəsini vermişdir və cəmi 44 gün ərzində tarixi Zəfər əldə olundu, düşmən bizim qabağımızda diz çökdü və məcbur oldu öz əli ilə kapitulyasiya aktına imza atdı".

 

Ən güclü, ən hazırlıqlı və ən çevik

 

Qeyd edək ki, aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasının 23-cü ildönümü tamam oldu.  Ali Baş Komandan İlham Əliyevin XTQ-nin "N" saylı hərbi hissəsinə gəlməsi də bununla bağlı idi. 1999-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin əsasının qoyulması Ulu Öndər Heydər Əliyevin uğurlu ordu quruculuğunun nümunələrindən biridir. Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən olan Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər.

Heydər Əliyevin yaratdığı bu nümunəvi hərbi birlik döyüş qabiliyyətini durmadan təkmilləşdirib. Onun sıralarına  düşmək hərbçidən fiziki güclə yanaşı, psixoloji iradəli olmaq, ekstremal şəraitlərdə düzgün qərarlar qəbul edə bilmək kimi keyfiyyətlər və bacarıqlar tələb edir. Yalnız ən çətin imtahan və sınaqlardan çıxmağı bacaranlar xüsusi təyinatlıların sıralarına qoşula bilirlər. Ötən illər ərzində xüsusi təyinatlıların şəxsi heyəti respublikamızda, Türkiyədə və başqa ölkələrdə keçirilən müxtəlif hərbi təlimlərdə ən ekstremal şəraitlərdə döyüş aparmaq baxımından peşəkarlığını sürətlə artırıb.

Azərbaycan ictimaiyyəti Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətini əvvəlcə hərbi paradlarda görmüşdü. 2016-cı ilin aprel döyüşləri isə XTQ-nin ən yüksək döyüş qabiliyyətinə malik peşəkar hərbi birlik olduğunu yaxından nümayiş etdirmişdi. Aprel döyüşlərində düşmənin hərbi təxribatının qarşısını alan XTQ bölmələri onun çoxsaylı canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdilər.

 

44 gündə daim öndə

 

Vətən müharibəsində XTQ Azərbaycanın hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazdı. XTQ bölmələri bu müharibədə döyüşdükləri bütün istiqamətlərdə öndə idilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər.

Ümumiyyətlə, Vətən müharibəsində xüsusi təyinatlılarımızın hər bir əməliyyatı uğurla həyata keçirilib. Ən çətin yerlərdə düşmənin müdafiəsini məhz XTQ yarıb. Bunların arasında Hadrutun və Şuşanın azad olunmasını xüsusi qeyd etməliyik. Məhz Hadrutun azad edilməsi ilə hərbçilərimiz Şuşaya doğru istiqamət götürüblər. Şuşanın azad edilməsi əməliyyatı isə müasir hərb tarixinin ən maraqla qarşılanan hadisələrindən biridir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanı azad edərkən elə bir hərbi peşəkarlıq ortaya qoyublar ki, ona bənzər nümunə tapmaq mümkün deyil.

Xüsusi Təyinatlı Qüvvələrin mənsubları döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə dövlət başçısının müvafiq sərəncamları ilə "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adlarına layiq görülüblər, eləcə də müxtəlif ordenmedallarla təltif olunublar. Ona görə Azərbaycan xalqı haqlı olaraq öz ordusuXüsusi Təyinatlı Qüvvələri ilə fəxr edir. "Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq", - deyə Prezident İlham Əliyev bildirib.

Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin keçdiyi döyüş yolu yüksək hərbi peşəkarlığın, fədakarlığın və vətəni sevməyin təcəssümüdür.  Ulu Öndər Heydər Əliyevin yaratdığı, İlham Əliyevin daha da gücləndirdiyi bu hərbi birliyin göstərdiyi nümunələr başqa cür ola da bilməzdi.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 5 may.- S.8.