Tarixi zəfər
Heydər Əliyev siyasətinin təntənəsidir
Mayın 4-də Milli Məclisin Regional məsələlər komitəsi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Tarix yazan imza” mövzusunda videokonfrans keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfransda Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin, “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndələri, həmçinin 59 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrləri iştirak ediblər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov müasir və qüdrətli Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim böyük ehtiramla yad edildiyini bildirib. Komitə sədri müasir Azərbaycan tarixində misilsiz xidmətlər göstərmiş Ümummilli Liderin anadan olmasının növbəti ildönümünün 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin olunduğu dövrdə qeyd edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
S.Novruzov ümummilli lider Heydər Əliyevin əzəli torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində apardığı ədalətli mübarizənin onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən qalibiyyətlə başa çatdırılmasından bəhs edib. Komitə sədri qazanılan tarixi Zəfərin Heydər Əliyev siyasətinin təntənəsi olduğunu bildirib. Deyib ki, ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın müasir tarixinin bütün mərhələləri, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi və demokratik-hüquqi islahatlar məhz Ulu Öndərin adı ilə bağlıdır.
Tədbirdə Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev Ümummilli Liderin həyat və fəaliyyəti barədə geniş məruzə ilə, komitənin üzvləri Emin Hacıyev, Məzahir Əfəndiyev isə “Tarix yazan imza” mövzusunda çıxış ediblər.
Videokonfransda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Quba bələdiyyəsinin sədri Humayə Məmmədova, Xəzər rayonunun Binə bələdiyyəsinin sədri Habil Həmidov Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılmasından və bələdiyyələrə dövlət qayğısından söz açıblar.
Sonra mövzu ətrafında müzakirələr
aparılıb.
Ə.QARDAŞXANOVA
Azərbaycan.-
2022.-5 may.- S.8.