“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Mayın 4-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Baş nazirin müavini Əli Əhmədov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti dünyanın ən dinamik və gənc dövlətlərindən biri olmaqla yanaşı, əmin-amanlıq, vətəndaş təhlükəsizliyinin təmin olunduğu azsaylı ölkələrdən biridir. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin gənclərlə bağlı həyata keçirdiyi siyasət hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirlər sırasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rolunu vurğulayan Əli Əhmədov artıq ənənəyə çevrilən bu müsabiqənin gənclərin vətənpərvər ruhunda yetişməsində xüsusi rol oynadığını qeyd edib.

Baş nazirin müavini çıxışının sonunda müsabiqənin təşkilində əməyi olan bütün təhsil işçilərinə minnətdarlığını bildirib, qalib şagirdləri təbrik edib.

Təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Təhsil naziri bildirib ki, Azərbaycan təhsilinin və elminin son 50 ildəki istiqaməti Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci illərdə Heydər Əliyevin səyi nəticəsində Azərbaycanın məktəb şəbəkəsi genişləndirilib. Belə ki, hazırda Azərbaycanda 4 400 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir, ötən əsrin 70-ci illərinin əvvəllərində isə bu rəqəm 765 olub. 1970-ci illərin sonuna qədər 2117-yə çatıb.

Nazir bildirib ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi ölkəmiz müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilib.

Çıxışının sonunda təhsil naziri qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev isə bu müsabiqənin əhəmiyyətini, gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini qeyd edib.

Mərasimdə I yerə layiq görülmüş şagirdlərdən birinin - Bakı şəhəri 83 nömrəli məktəb-liseyin XI sinif şagirdi Altay Əlinin təqdimatı nümayiş olunub.

Daha sonra müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə tərifnamə ilə təltif olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

 

Azərbaycan.- 2022.-5 may.- S.9.