Abşeronda şəhid Vüsal
Tahirovun doğum günü qeyd edilib
Abşeronda Xüsusi Təyinatlı Qüvvələrin giziri Vüsal Tahirovun doğum günü qeyd edilib. Rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər İkinci Fəxri xiyabanda uyuyan şəhidin məzarını ziyarət edərək vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhlarına dualar oxumuş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.
Bildirilib ki, hər bir azərbaycanlı kimi Vüsal Tahirov da torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Bu səbəbdən də Vətən müharibəsi zamanı silaha sarılaraq cəbhəyə yollanıb və düşmənin qarşısında sipər olub. Tanıyanlar Vüsalın keçdiyi döyüş yolundan söhbət açaraq göstərdiyi şücaətlərdən danışıblar. Ziyarətə gəlmiş məktəblilər isə vətənpərvərliyə və qələbəyə aid şeirlər səsləndiriblər.
Anım tədbiri daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam edib. Burada şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət himni səsləndirilib. Bildirilib ki, Abşeronda şəhid və qazi ailələrinə böyük diqqət və qayğıkeşlik göstərilir. Sonda Abşeron məktəblilərinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunub və şəhid Vüsal Tahirovun həyat və fəaliyyətindən söz açılıb.
Qeyd edək ki, Vüsal Tahirov ölümündən sonra "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Akif ƏLİYEV
Azərbaycan.- 2022.- 5 may.- S.14.