Qazaxıstanlılar ermənilərin Gəncədə törətdikləri vəhşiliyin şahidi olublar

 

Qazaxıstan ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri Gəncəyə səfər etmişlər. Qonaqlar Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror nəticəsində dağılan ərazilərə baş çəkmişlər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqlara erməni terroru barədə ətraflı məlumat verərək diqqətə çatdırmışdır ki, Vətən müharibəsi dövründə hərbi əməliyyatlar zamanı məğlubiyyətə uğrayan Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatlarının qarşısını almaq, bu hücumları dayandırmaq, xalq arasında qorxu və vahimə yaratmaq məqsədilə cəbhədən uzaq yaşayış məntəqələrini, o cümlədən Gəncəni qadağan edilmiş raketlərdən atəşə tutmuş və nəticədə mülki vətəndaşlar arasında böyük tələfatlar olmuşdur. Təkcə Gəncədə aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olmuş, 130-dan çox dinc sakin yaralanmışdır. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Qonaqlar Ermənistanın törətdiyi bu terror aktını pisləmiş və həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzmüşlər.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 5 may.- S.14.