Vətən sevdalı şair
Əhməd Cavad - 130
Ötən əsrin
əvvəllərində Azərbaycan
Xalq Cümhuriyyəti
rus imperiyasının
XI ordusu tərəfindən
süquta uğradıldıqdan
və ölkəmiz bolşevik-erməni silahlı
birləşmələri tərəfindən
işğal edildikdən
sonra respublikamızın bir çox milli düşüncəli yazıçıları,
şairləri, dövlət
xadimləri sovet quruluşunun əleyhinə
çıxdıqlarına görə işgəncələrə
məruz qaldılar, həbsxanalara salındılar,
sürgünə göndərildilər,
gizli və açıq şəkildə
güllələndilər. Bəziləri isə bu haqsızlıqlara görə
Azərbaycanı tərk
etməyə məcbur
oldular, xarici ölkələrdə mühacir
həyatı yaşadılar.
XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpasından sonra tarixin yaddaşından silinməyən belə insanlar zəngin dövlətçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin qədirbilənliyi sayəsində sağlam həyata qaytarıldılar. Onlardan biri də Azərbaycan ədəbiyyatında istiqlal şairi kimi tanınan Əhməd Cavaddır.
Xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün dövlət səviyyəsində qeyd olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam böyük sənətkarın məsləkinə, qiymətli və çoxşaxəli yaradıcılığına dərindən bələd olmaq baxımından olduqca qiymətlidir. Bu barədə dövlət başçısının 20 aprel 2022-ci il tarixli sərəncamında deyilir: "Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir".
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən məşhur şairi olan Ə.Cavadın şəxsi həyatı, ictimai fəaliyyəti və yaradıcılığı uzun müddət xalqdan gizlədilmişdir. Lakin Azərbaycan öz tarixi müstəqilliyinə qovuşduqdan sonra böyük şəxsiyyətin zəngin yaradıcılığı, ictimai-siyasi fəaliyyəti tədqiqatçı və araşdırmaçıların tez-tez üz tutduqları ünvanlara çevrildi. Əsərləri toplanıb nəşr olundu, haqqında elmi məqalə və monoqrafiyalar yazıldı, orta və ali məktəb dərsliklərində həyat və yaradıcılığı öyrənilməyə başlandı.
Görkəmli şair, tərcüməçi, maarifçi-pedaqoq və ictimai xadim, ən nəhayət, Azərbaycan Respublikası Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə) 1892-ci il mayın 5-də Şəmkir rayonunun Seyfəli kəndində, Qaraqocalı tirəsində ruhani ailəsində dünyaya gəlmişdir. Cavad uşaq ikən yazıb-oxumağı atası molla Məhəmmədəlidən öyrənib. Sonra kənddəki üçillik mollaxanada təhsil alıb. Yaxşı yaddaşı olan Cavad 7-8 yaşlarında Qurani-Kərimi sərbəst oxuyur, bəzi surələri əzbərdən deyirmiş. Lakin 1900-cü ildə atası vəfat etdikdən az sonra onun Gəncədə yaşayan qardaşlarının tövsiyəsi ilə Yaxşı ana Cavadı da götürüb Gəncəyə köçür və xalça fabrikində işə düzəlir. Cavadın savadına, gələcəyinə böyük ümidlərlə baxan əmilərinin dəstəyi ilə Cavad 1906-cı ildə Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani Seminariyasına qəbul olur. Bu zaman o, seminarist yoldaşlarından Quranı-Kərimi səlist və ahəngdar səslə oxuması, habelə gözəl şeirlər yazması ilə seçilirdi. Cavad yaxşı oxuduğuna və incə ruhlu şeirlər yazdığına görə müəllimlərinin sevimlisi idi. 1910-cu ildə Cavadın müəllimi Abdulla Tofiq (Abdulla Sur) Bakıya dostu Abdulla Şaiqə göndərdiyi məktubunda yazırdı: "Tələbələrimin içində Cavad adlı gənc bir yazar var. Mənə oxuduğu ilk mənzumələri gələcəyə böyük ümidlər verir. Lisanı (Dili - R.S) sadə və gözəldir".
Gəncə mədrəsəsində Hüseyn Cavid, Abdulla Sur, Savad Cavad, İdris Axundzadə, Mirzə Abbas Abbaszadə, Rza Zaki, Əli Razi, Əli Nəzmi və digər görkəmli pedaqoqlardan dərs alan Cavad Axundzadə 1912-ci ildə seminariyanı 10 fəndən əla qiymətlərlə bitirir. Həmin ili Çar Rusiyasının Osmanlı Türkiyəsinə qarşı Balkan yarımadası uğrunda müharibəyə başlayanda yüzlərlə Azərbaycan gənci kimi Əhməd Cavad müəllimi olmuş İdris Axundzadə, İsa Əlizadə, Əli Əsədulla ilə birlikdə "Qafqaz könüllü hissəsi"nə qatılaraq İstanbula getmiş, türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdur.
1913-cü ildə Balkan müharibəsindən geri dönən Əhməd Cavad Gəncədə Qafqazın Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək "şərəfli türk və fars dilləri müəllimi" adını alır, Gəncədə 1 nömrəli qızlar məktəbində və Gəncə ətrafı yaşayış məntəqələrində müəllimlik fəaliyyətinə başlayır. Məktəblərdə rus, erməni uşaqlarının say çoxluğunu görəndə hardadır mənim millətimin balaları, - deyə tanışlarına, dostlarına və tanımadığı qapılara üz tutub uşaqlarını məktəbə yazdırmağa çalışıb, savadsızlığın ləğvi üçün kurslarda təmənnasız məşğələlər keçib. 1913-cü ildən başlayaraq Əhməd Cavadın şeirləri dövrün qəzet və dərgilərində nəşr olunmağa başlayır.
1914-cü ildə Ələkbər bəy Rəfibəyli və Nəsib bəy Yusifbəylinin zəmanəti ilə Gəncədə doktor Xosrov paşa Sultanov tərəfindən yaradılmış "Xeyriyyə cəmiyyəti"nin katibi və cəmiyyətin sədri Xosrov bəyin müavini təyin edilir. Cəmiyyətin xətti ilə dəfələrlə Qars, Ərzurum ərazilərində və Batum yaxınlığında daşnaklar tərəfindən kütləvi qırğınlara məruz qalmış, yerləyeksan olunmuş kəndlərdə olur, təsadüfən sağ qalan uşaqlara, qocalara, kimsəsizlərə, imkansızlara yardım edir.
Əhməd Cavad şeirlərinin birində özünün portretini cızaraq:
Mən çeynənən bir ölkənin,
Haqq bağıran səsiyəm,
- deyən şairin şeirlərinin əsas leytmotivi xalqı itaətkar vəziyyətə salmaq istəyənlərə qarşı milləti oyatmaq, azadlıq, müstəqillik uğrunda mübarizəyə səfərbər etmək idi. Yaradıcılığa lirik şeirlərlə başlayan şairin 1916-cı ildə "Qoşma", 1919-cu ildə isə "Dalğa" adlı kitabları işıq üzü görür.
Şairin yaradıcılığının ən məhsuldar və parlaq dövrü 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olmuşdur. Bu dövr ərzində Azərbaycan ədəbiyyatına nadir incilər bəxş etmişdir. Cümhuriyyətin tərənnümçüsü olan Əhməd Cavadın yaradıcılığı xüsusi bir ilhamla, ovqatla qanadlanmışdır. İdealı, məsləki yeni yaranmış milli dövlətə şərəfli xidmət idi. Bu səbəbdəndir ki, akademik, ədəbiyyatşünas-tənqidçi Yaşar Qarayev yazır: "İntibah" deyəndə ilkin xatırlanan Nizami olur, "Məhəbbət" deyəndə birinci Füzulinin adı çəkilir. "Cümhuriyyət" deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür". Əhməd Cavad 1918-ci ildə yazdığı bir şeirində yeni yaranmış Cümhuriyyəti belə vəsf edirdi:
Mən röyada nazlı yarın,
Tellərini hörmüşdüm.
Bu sevincli zamanların,
Röyasını görmüşdüm.
Əhməd Cavad dövrün böyük şəxsiyyətlərindən və ziyalılarından olan, cümhuriyyətin rəsmi orqanı "Azərbaycan" qəzetinin redaktoru Üzeyir bəy Hacıbəyli ilə yaxın münasibətdə olmuşdur. Görüş günlərinin birində Üzeyir bəy dostunun "Azərbaycan marşı" şeirini oxuyaraq bəyənir. Odur ki, 1919-cu ildə iki hürriyyət aşiqi, xalqımızın iki böyük oğlu Üzeyir bəy Hacıbəyli və Əhməd Cavad bu şərqi əsasında Azərbaycan Xalq Cümhuriyyətinin himnini yazmaq qərarına gəlirlər. Və çox keçmədən Azərbaycan parlamentində sözləri Əhməd Cavadın, musiqisi Üzeyir bəy Hacıbəylinin olan bu marş Dövlət himni olaraq səslənir. Sovet dönəmində məhkumluq həyatı yaşayan bu möhtəşəm himn 70 illik ayrılıqdan sonra - müstəqil Azərbaycanın Dövlət Himni kimi dünyanın ən böyük salonlarında, dövlət tədbirlərində, idman meydanlarında, beynəlxalq tədbirlərdə əzəmətlə səslənir. Ümummilli Lider Heydər Əliyev demişdir: "Azərbaycanın gözəl himni var. Sevindirici haldır ki, bu himn hələ 1918-ci ildə yazılıb. Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnin sözlərini böyük şairimiz Əhməd Cavad yazıb. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir".
Əhməd Cavadın unudulması mümkün olmayan belə möhtəşəm şərqilərindən biri də 104 il bundan əvvəl - 1918-ci il mayın 1-də Gəncədə qələmə aldığı "Çırpınırdın, Qara dəniz " kimi məşhurlaşan "Qara dəniz" şeiridir. Türklüyümüzün, mübarizliyimizin əks-sədası olan bu şeir Türkiyədə illərdir ki, az qala, himn qədər kütləvi şəkildə oxunur və sevilir. Bu əsərin populyarlığının səbəblərindən biri də qardaş ölkədə "Mehtər marşları" adı ilə tanınan milli marşlar sırasında xüsusi yer tutmasıdır. Sözləri Əhməd Cavada, musiqisi Üzeyir bəy Hacıbəyliyə məxsus bu şərqinin möhtəşəmliyi qürurvericidir.
Görkəmli şairimizin ictimai-siyasi fəaliyyətinin ən parlaq dövrü cümhuriyyətin yaranması və inkişafı illərinə təsadüf edir. Əhməd Cavad istedadlı və vətənpərvər gənc olaraq cümhuriyyət qurucuları sırasında nüfuz qazanır. Ona böyük ümidlər bəslənilirdi. Odur ki, milli hökumətin daxili və xarici siyasətində iştirakı üçün 1918-ci ildə ona Gəncə qubernatoru tərəfindən xarici pasport verilir. AXC-nin rəsmi nümayəndəsi kimi o sərbəst şəkildə İrana və Türkiyəyə gedib-gələ bilir, rəsmi məclislərdə dövləti təmsil edirdi. Eyni zamanda bədii yaradıcılığından da qalmır, maarifçilik işləri ilə də məşğul olurdu.
1920-ci il aprelin 28-də Azərbaycan rus-erməni bolşevik silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra Əhməd Cavad ailəsi ilə birlikdə Qusarın Xuluq kəndinə (o vaxt Qubanın inzibati ərazisi hesab edilirdi) köçərək orada müəllim, sonra Quba Xalq Maarif şöbəsinin müdiri işləyir. 1922-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutuna (indi Azərbaycan Dövlət Pedaqoji Universiteti) qəbul olduğu üçün Bakıya köçür, savadsızlığı ləğvetmə kurslarında və Nərimanov adına Pedaqoji Texnikumda müəllimlik fəaliyyətini davam etdirir, bununla yanaşı, Bakı ədəbi mühitində zəngin ənənələrə malik Azərbaycan ədəbiyyatında yeni bir şəlalə çağlamağa başlayır.
Xalqın mənəvi ruhunu şeirlərində dolğun əks etdirən Ə.Cavad 1924-1926-cı illərdə Azərbaycan Şura Yazıçıları Cəmiyyətinin məsul katibi vəzifəsində çalışır. Bu dövrdə şairin yaradıcılığına qısqanclıqla yanaşanlar, onu gözü götürməyənlər də tapılır. O, şər və böhtanından, habelə rejimin sıxıntılarından can qurtarmaq üçün 1929-cu ilin sonlarında Gəncəyə köçməyə məcbur olur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indi Azərbaycan Dövlət Aqrar Universiteti) Türk və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri, Gəncə Dram Teatrında ədəbi hissə müdiri vəzifələrində işləyir. 1933-cü ildə ona professor adı verilir. Gəncə Dövlət Dram Teatrının sifarişi ilə Əhməd Cavad V.Şeksprin "Qtello", "Romeo və Cülyetta", "Yuli Sezar" və s. əsərlərini Azərbaycan dilinə tərcümə edir, tamaşaya qoyulur. Ə.Cavad 1934-cü ilin iyun ayında Azərbaycan Yazıçılarının Gəncə filialından Şura yazıçılarının Bakıda keçirilən V qurultayına nümayəndə seçilir. Həmin qurultayda Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir və "Azərnəşr"də işləmək üçün dəvət alır. Şair yenidən Bakıya köçməli olur. Bakıda yaşadığı müddətdə rejimlə nə qədər ehtiyatlı davransa da, nə qədər məhsuldar yazıb-yaratsa da, onu bir an gözdən qoymur, rahat buraxmırlar. Hər şeirindən sonra haqsız tənqidə məruz qalır. Sinəsi söz dustağı, özü isə göz dustağı olan Əhməd Cavad üçüncü dəfə 1937-ci il martın 21-də müəllimi Hüseyn Cavid və Gəncədə seminariyada bir yerdə oxuduğu şəmkirli tələbə yoldaşı Vəli Xuluflu ilə bir gecədə həbs edilir. Səkkiz ay NKVD zirzəmisində işgəncələrə məruz qalan 45 yaşlı Əhməd Cavad 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə qətlə yetirilir.
Bu amansız faciədən üç-dörd gün sonra şairin ömür-gün yoldaşı Şükriyyə xanım həbs olunur, Bayıl türməsində işgəncələrə məruz qalır, 4 uşağı kimsəsiz qalan Şükriyyə xanım "xalq düşməni"nin həyat yoldaşı olaraq 8 il müddətinə Qazaxıstana sürgün edilir. Övladları Aydın, Tukay və Yılmaz çətin tərbiyə olunan uşaqlar düşərgəsinə verilir, qardaşların böyüyü Niyazi həbsxana həyatı yaşamalı olur.
Rəhman SALMANLI
Azərbaycan.- 2022.-5 may.- S.15.