Şad olan ruh
Xurşidbanu Natəvan
– 190
XIX əsrin tarixi mənzərəsi Azərbaycan ədəbiyyatında çox güclü inkişaf meyilləri ilə xarakterikdir. Bu meyilləri yaradıb irəli aparanlar isə dövrün ədəbi mühitində, düşüncə tərzində parlaq imzaları əks olunan yaradıcı şəxsiyyətlərdir.
Belə söz ustalarından biri də Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan, Şərq poetik ənənələrinə sədaqətilə seçilən, daim bu ruhda yazıb-yaradan, insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və incə bədii boyalarla zəngin bir irs qoyub getmiş Xan qızı Xurşidbanu Natəvandır. O, XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan şairləri arasında çox yüksək məqam sahibi idi. Adının hər zaman böyük hörmətlə xatırlanması, mənəvi irsinə verilən yüksək dəyər şairin ədəbi yaradıcılığı ilə yanaşı, həm də ictimai fəaliyyətindən irəli gəlirdi. Onun başçılıq etdiyi ədəbi məclislər ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.
Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycan bədii fikrinin görkəmli siması olan Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi dövlət səviyyəsində qeyd ediləcək.
Şeir-sənət sevgisi
Dövrün görkəmli şairi 1832-ci il avqustun 6-da Şuşada məşhur Qarabağ xanı İbrahim xan Cavanşirin oğlu Mehdiqulu xanın ailəsində doğulmuşdu. Mehdiqulu xan qızına anası Xurşidbanunun adını vermişdi. O, ailənin yeganə övladı olduğundan Qarabağ xanlıqlarının sonuncu vərəsəsi sayılırdı. Buna görə də Xurşidbanunu xan sarayında "Dürrü yekta" çağırırdılar. Böyüyəndən sonra isə el arasında "Xan qızı" kimi şöhrət qazanmışdı.
Öz dövrünə görə mükəmməl təhsil almış Xan qızı uşaqlıq illərindən şeirlər yazır, rəsm və tikmə sənəti ilə də məşğul olurdu. Təlim-tərbiyəsi ilə saraydakı təcrübəli dayə və mürəbbiyələr, məktəb yaşına çatdıqdan sonra isə Şuşanın tanınmış alim və sənətkarları məşğul olmuşdular. Xurşidbanu dini dərslər almaqla yanaşı, dünyəvi elmləri də öyrənirdi. Ərəb və fars dillərini mükəmməl şəkildə mənimsəmişdi. Dil bilikləri ona klassik şeirin qayda-qanunları ilə dərindən tanışlıq imkanı verirdi. Xan sarayındakı kitabxanada dahi Şərq şairlərinin o dövrdə çox çətin tapılan nadir kitabları, qiymətli əlyazmaları vardı. Bunlar Xurşidbanunun klassik ədəbiyyata bağlanmasında çox mühüm rol oynamışdı. Üstəlik, həmin illərdəki Şuşa mühitinin Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi tanınmış şəxsiyyətləri tez-tez sarayda olardılar. Öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanunun şeir-sənət sevgisini daha da gücləndirirdilər.
Tiflis həyatı
1845-ci ildə atası ov zamanı həlak olarkən Xurşidbanunun cəmi 13 yaşı vardı. Atasının vəfatından sonra yeganə vərəsə kimi hakimiyyət ona keçir. 1850-ci ildə şair Dağıstan zadəganlarından olan general Xasay xan Usmiyevlə ailə qurur. Milliyyətcə kumık olan Xasay xan Qafqaz canişini Vorontsov-Daşkovun şəxsi yavəri idi.
Onların izdivacı barədə tarixçilərin müəyyən qənaətləri var. Ehtimallara görə, bu, sevgi münasibətlərindən daha çox məcburi evlilik idi. Çünki həmin dövrlərdə daxili və xarici vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmişdi. Xurşidbanu Natəvanın Xasay xan Usmiyevlə izdivacı da belə bir vəziyyətdən irəli gəlirdi. Digər bir ehtimala görə isə Xasay bəy Tiflisdə Xan qızına hansısa mülk iddialarında kömək göstərmiş, onlar bu zaman tanış olmuş və general Xurşidbanuya evlilik təklif etmişdi. Onların toy mərasimi 1850-ci ilin payızında Şuşada baş tutmuşdu. Sonra Xasay bəyin Dağıstandakı kəndinə getmiş, oradan da Tiflisə köçmüşdülər.
Tiflisin mədəni mühiti onun dünyagörüşünə müsbət təsir göstərirdi. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak edir, ağlı, zəkası, kübarlara məxsus davranışları, üç dildə sərbəst danışması ilə maraq oyadırdı. Amma Tiflis həyatı hər nə qədər xoşuna gəlsə də, Xan qızı burada qəriblik çəkirdi, doğma Şuşadan ötrü darıxırdı.
1852-ci ildə şair möhkəm xəstələnir. Həkimlərin məsləhəti ilə Şuşaya qayıdır. Sağaldıqdan sonra ailəsi ilə birgə Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya səyahətə çıxır. Xasay xanla izdivacından 1855-ci ildə Xurşidbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdi. Oğlunun adını Mehdiqulu, qızının adını isə Fatmabikə (Xanbikə) qoymuşdular. Övladları da anaları kimi şeirlər yazırdılar. "Vəfa" təxəllüsü ilə oğlu Mehdiqulu xanın fars dilində çoxlu qəzəlləri var. Qızı Xanbikə isə şeirlərini əsasən Azərbaycan dilində, qəzəl və rübai janrında qələmə alırdı.
Aleksandr Dümanı heyran edən Azərbaycan
qadını
1858-ci ildə Xan qızı ikinci dəfə ailəsi ilə birgə Bakıya gəlir. Şəhər hakimi Piquliyevskinin evində qonaq qalarkən burada məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşüb tanış olur. Aralarında səmimi dostluq münasibətləri yaranır. Burada Xasay xanın fransızca sərbəst danışmasının da böyük rolu vardı. Düma həmin görüşdə Natəvanla şahmat oynayır. 26 yaşlı Natəvan 56 yaşlı Dümanı mat edir. Düma şahmat oyununda məğlub olandan sonra Natəvanın ağlına heyranlıq əlaməti kimi Napoleonun Parisdən gətirdiyi büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu ona hədiyyə edir.
1859-cu ilin aprelində Dümanın 3 cilddən ibarət "Qafqaz səyahəti" əsəri Parisdə çapdan çıxır. Müəllif kitabında bu görüşə də yer ayırır. Natəvanın ailəsinin adını dərin hörmət hissi ilə yad edir. Bundan əlavə, Xan qızının xeyriyyəçilik məqsədilə Bakıdan Şıxlar kəndinə daş yol çəkdirməsi haqqında məlumat da A.Dümanın "Qafqaz səyahəti" kitabında əksini tapır.
Ümumiyyətlə, Xurşidbanu Natəvan kimi maarifçi bir qadınla görüş fransız yazıçısının nəinki Qafqaz, ümumən islam qadınları haqqındakı təsəvvürlərini müsbət tərəfə dəyişir.
Xeyir əməllər sahibi
O, yoxsulların hamisi idi. Qarabağda kasıb ailələrin qayğısına qalardı. Şuşanın abadlığı üçün çox işlər görmüşdü. 1872-ci ildə Xan qızı 6 kilometrlik məsafədən Şuşaya su kəməri çəkdirərək şəhər əhalisini içməli si ilə təmin etmişdi. Kəmər Şuşa yaxınlığındakı Sarıbaba təpəsindəki mənbədən çəkilmişdi. Uzun illər ərzində Şuşa sakinlərinin böyük arzusu olan həmin kəmər indiyə qədər "Xan qızı bulağı" kimi tanınır.
Xurşidbanu Natəvan şəhərdə bulaq kompleksi, su anbarı, hamam, buzxana tikdirmiş, yaşıllıqlar saldırmışdı. Bundan başqa, o, Araz çayından Mil düzünə də su çəkdirmişdi. Bütün bunlar ona böyük ad-san qazandırmışdı. Xan qızı 1888-ci ildə Gəncədə çar Nikolayla görüşmüş, öz əli ilə toxuduğu nəfis bir hədiyyəni çarın həyat yoldaşına bağışlamışdı. Natəvan dövrünün istedadlı rəssamlarından və tikmə ustalarından biri kimi də tanınırdı. Onun bədii tikmələrinin toplandığı "Gül dəftəri" (1886) adlı albomundakı rəsmlər şairənin nə qədər hərtərəfli, həssas bədii duyuma, yaradıcı təxəyyülə malik bir insan olduğunu göstərirdi.
Amma onun ilk ailə həyatı uğursuz alınır. Xurşidbanu Natəvan Xasay xan Usmiyevdən ayrılır. Bu ayrılığın əsas səbəbi Xasay xanın Şuşada qalmaq istəməməsi ilə bağlı idi. Xan qızı isə Şuşasızlığa razılaşmadığından onlar yollarını ayırmalı olurlar. Bu nikahdan əvvəl də, sonra da çox zadəganlar Xurşidbanu ilə ailə qurmaq istəyində idilər. İran şahzadəsi Bəhmən Mirzə də Xan qızına elçi göndərmiş, amma rədd cavabı almışdı.
Natəvan ikinci dəfə 1869-cu ildə Seyid Hüseyn adlı bir şuşalı papaqçı ilə ailə qurur. Bu izdivacdan 5 övladı dünyaya gəlir. Övladlarından biri - Mir Həsən də böyüyəndən sonra "Mir" təxəllüsü ilə şeirlər yazırdı. Xan qızının ikinci həyat yoldaşı Seyid Hüseyn zadəgan nəslindən deyildi. Sadə zəhmət adamları arasından çıxmışdı. Natəvanın rəiyyət nümayəndəsinə ərə getməsi öz sosial mühitində birmənalı qarşılanmırdı. Mənasız söz-söhbətlər başlanır, ailə üzvləri arasında təfriqə salınırdı. Oğlu Mehdiqulu xan söz-söhbət üzündən sarayı tərk edib hərbi təhsil ardınca gedir. Cəhalət girdabına yuvarlanmış insanların tənə və qınaqları şairi zinhara gətirir. Bir tərəfdən də oğlu Mir Abbasın 17 yaşında həyatdan nakam köçməsi şairi vaxtsız qocaldır. Xurşidbanu Natəvan 1897-ci ilin 1 oktyabrında vəfat edir və Ağdamın məşhur "İmarət" qəbiristanlığında dəfn olunur.
Həyat nəfəsli şeirlər
Xurşidbanu Natəvan öz şeirləri ilə Qarabağ şairləri arasında böyük nüfuz qazanmışdı. Ümumən, Natəvanın XIX əsr Azərbaycan poeziyasındakı yeri və rolunu aydın görməkdən ötrü o dövrün ədəbi mənzərəsinin qısa təsvirinə ehtiyac var.
Məlumdur ki, XIX əsr Azərbaycan ədəbiyyatında güclü dəyişiklik prosesləri baş verirdi. Realist ədəbiyyatın inkişafı başlanmışdı. Maarifçilik hərəkatı genişlənirdi. Eyni zamanda tərcüməçilik fəaliyyətinə də böyük maraq yaranmışdı. Tədqiqatçıların araşdırmalarında göstərilir ki, bütün bunlarla yanaşı, dini-sxolastik, aşiqanə formalı şeir də hələ öz mövqeyini qoruyub saxlamaqda idi. Bu cərəyana aid xeyli sayda şairlər vardı. Onların əksəriyyəti əsasən nəzirəçilik yolu ilə qəzəllər, qəsidələr, mərsiyələr yazırdılar. Aralarında qəzəl şairləri xüsusilə üstünlük təşkil edirdi. Bu şairlərdən bir qismi klassiklərə nəzirə yazanlardan və ya ilahi eşqi tərənnüm edən şairlərdən ibarət idi. Daha bir qrup şair, məsələn, Abbas ağa Nazir, Ağa Dadaş Müniri, Mirzə Həsən Yüzbaşov, Mirzə İsmayıl Qasir öz qəzəllərini daha çox elm, maarif, məktəb və s. mövzularında qələmə alırdılar. Üçüncü qism şairlər də vardı ki, onlar əsas mövzu kimi təbii insani duyğuları, azad sevgini, insanın sevinc və kədərini seçmişdilər. Onların şeirləri öz orijinal xüsusiyyətləri ilə diqqəti cəlb edirdi. Bu şeirlərdən həyatın nəfəsi, ətri duyulurdu. Xurşidbanu Natəvan da bu qrupa aid idi.
"Məclisi-üns"ün işığı
Natəvanın fitri istedadının üzə çıxmasında Şuşanın təkrarolunmaz yaradıcı mühiti, düşüncə mühiti böyük rol oynamışdı. O, şeir yazmağa XIX əsrin 50-ci illərindən başlamışdı. İlk illərdə əsərlərini "Xurşid" imzası ilə yazardı. Əfsuslar olsun ki, bu şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır. 1870-ci ildən etibarən isə şair özünə "Natəvan" təxəllüsünü götürür. "Köməksiz", "zəif", "xəstə" mənası verən bu təxəllüs onun qəzəllərindən boylanan kədərli, qüssəli şair obrazına çox uyğun gəlir.
Yaradıcılığının ən qızğın illəri "Məclisi-üns" ədəbi məclisinin fəaliyyət göstərdiyi dövrə təsadüf edir. O illərdə Azərbaycanda bir çox ədəbi məclislər fəaliyyət göstərirdi. Təmsil etdiyi cərəyandan asılı olmayaraq şairlər bu məclislərdə bir araya gəlirdilər. XIX əsrin 60-70-ci illərində Qarabağda "Məclisi-üns" və "Məclisi-fəramuşan", Şamaxıda "Beytüs-səfa", Bakıda "Məcməüş-şüəra", Ordubadda "Əncüməni-şüara" adlı ədəbi məclislər təşkil olunmuşdu. Bu məclislərdə Firdovsi, Xəyyam, Xaqani, Nizami, Sədi, Hafiz, Nəvai, Füzuli kimi klassiklərin əsərləri oxunurdu. Onların şeirlərindən seçilmiş gözəl nümunələrə nəzirələr yazılırdı.
Xurşidbanu Natəvanın fəal iştirak etdiyi "Məclisi-üns" şairənin müasiri Mirzə Rəhim Fənanın (1841-1929) təşəbbüsü ilə Şuşada açılmışdı. Ədəbi məclis 1864-cü ildən fəaliyyət göstərirdi. İlk illərdə məclisin Mirzə Rəhim Fəna, Hacı Abbas Agah, Məmo bəy Məmai və Mirzə Ələsgər Növrəs də daxil olmaqla, dörd üzvü vardı. Xurşidbanu Natəvan "Məclisi-üns"ə 1872-ci ildən qoşuldu. Onun gəlişi ilə bu ədəbi məclisin şöhrəti daha da artdı. Qısa zamanda məclis üzvlərinin sayı 30-a qədər çoxaldı. Şairin qızı Xanbikə xanım da "Məclisi-üns"də iştirak edir, şeirlərini oxuyurdu. Məclis müəyyən vaxtlarda Natəvanın evinə toplaşıb burada müzakirələr keçirirdi. Başqa şəhərlərdə fəaliyyət göstərən ədəbi məclislərlə də əlaqələr vardı. Mirzə Rəhim Fəna sonralar öz xatirələrində yazırdı: "Məclisi-üns"ün sədası Qafqaziyyə şəhərlərində iştihar tapdığından, ən əvvəl şüərayi-Şirvan cənab Hacı Seyid Əzim, Bixud, Ziya, Zühuri qəzəllər yazıb "Məclisi-üns" şairləri ilə cavabi-dustanə əda etdilər. Şəkidən İsmayıl bəy Sədrəddinbəyov Rəhim adına şeir yazdı, cavab aldı. Naxçıvandan mərhum Sidqi izhari-məhəbbət etdilər".
"Məclisi-üns" tanınmış Qarabağ şairləri ilə yanaşı, məşhur xanəndə və sazəndələrin də sənət meydanı idi. Şuşanın, eləcə də külli Qarabağın musiqi mühitinin formalaşmasında müstəsna xidmətlər göstərmiş Hacı Hüsü, Məşədi İsi, Molla Vəli, Molla Abbasqulu, Məşədi Dadaş, Əbdülqəni və Sadıqcan kimi sənətkarlar tez-tez burada qonaq olar, ifaları ilə məclisi daha da rövnəqləndirərdilər.
Xurşidbanu Natəvan "Məclisi-üns"ün rəhbəri sayılırdı. Təkcə Qarabağ şairləri mühitində deyil, Gəncə, Şirvan, Nuxa, Quba, Bakı şairləri arasında da böyük nüfuz qazanmışdı. Onun böyük ilhamla qələmə aldığı şeirlərinin bir hissəsi - "Eylər", "Mən idim", "Sən idin", "Bənzətdim" rədifli ürəyəyatan qəzəlləri Azərbaycan şairləri arasında şeirləşmələr üçün mövzu vermişdir.
Ana fəryadı
Natəvanın bizə gəlib çatan şeirlərinin çoxu oğlunun ölümünə həsr olunanlardır. Bu şeirlər dərin kədəri ilə oğlunu itirmiş qəlbidağlı ananın nisgilini, ağır qüssəsini əks etdirir. Məsələn, "Olaydı" rədifli qəzəlində şair üzünü Allaha tutaraq "Nə üçün bu aləmi və məni yaradıb da hicr atəşinə odlandırdın", - deyə öz taleyindən acı-acı şikayətlənirdi. Yaxud ürəyindəki qəmi, möhnəti poetik bir dillə təsvir edib, gözlədiyinin niyə gəlmədiyini sual edirdi.
Şairin "Neçin gəlməz?" qəzəli kimi "Ölürəm" rədifli qəzəlində də eyni ruh duyulur. Onun demək olar ki, bütün şeirlərinə həyat və səadət eşqi, ayrılıq dərdi, vüsal həsrəti hopub. Bu şeirlərin misralarında övlad müsibəti ilə üzləşmiş ananın yaralı ürəyi döyünür:
Varımdı sinədə dərdü qəmi-nihan ölürəm,
Fəda olum sənə gəl eylə imtahan ölürəm.
Fəraqdan gecələr yatmaram səbahə kimi
Xəyali-zülfünə bağlı gedibdi can, ölürəm.
Onun lirik şeirləri insanın daxili aləmini, iztirab və həyəcanlarını tərənnüm edir. Elə bu cəhəti ilə də Natəvan dövrünün bir çox nəzirəçi şairlərindən fərqlənirdi. Şairin qəzəllərində "zəmanənin möhnətindən", "qəhri-dünun" vəfasızlığından acı şikayətlər var. Hiss olunur ki, şairə oğlunun itkisindən sonra artıq özü də yaşamaq istəmirdi.
Natəvan böyük bir söz ustası idi. Onun adi söhbətlər əsnasında dediyi hikmətli kəlamlar, müdrik sözlər bir sıra hallarda poetik dillə, yaxud nəzmlə öz təcəssümünü tapırdı, müəyyən tarixi əhvalatlardan, təsadüflərdən belə incilər yaranırdı.
Xan qızı Natəvan Azərbaycan xalqının tarix boyu yetirdiyi çox görkəmli şəxsiyyətlərdəndir. Onun xatirəsi hər zaman uca tutulmuşdur. Natəvanın şeirlərinə musiqilər yazılmış, mərhum bəstəkarımız Vasif Adıgözəlovun "Qərənfil" mahnı-romansı mükəmməl yaradıcılıq əsəri kimi böyük maraqla qarşılanmışdır. V.Adıgözəlov Xan qızının şərəfinə "Natəvan" operasını da yaratmışdır. Həmçinin Məmməd Rahim "Natəvan" poemasını, İlyas Əfəndiyev "Natəvan" pyesini yazmışdır. 1960-cı ildə Bakıda şairin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Xurşidbanu Natəvanın 180 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. 2016-cı ilin 18 fevralında Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi olmuşdur.
Bu il isə görkəmli şairənin anadan olmasının 190-cı ildönümüdür. Belə bir əlamətdar tarixə ən böyük töhfə onun ruhunun şəhəri olan Şuşanın, mədəniyyət paytaxtımızın azadlığıdır. Natəvanın erməni vandalları tərəfindən güllələnmiş büstü 44 günlük Vətən müharibəsindən sonra əzəli məkanına qaytarılmışdır.
Tarixin yaddaşını silmək, izini itirmək mümkün deyil. Əzəli-əbədi yurdumuz olan Qarabağın, Şuşanın hər daşında, torpağında, ağacında, otunda, çiçəyində Natəvanın nişanəsi var. Onun xeyir əməlləri bu gün Azərbaycan dövlətinin Qarabağda, Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq-bərpa işlərində yaşayır. Xan qızının ruhu daim azad Şuşanın, Qarabağın əngin səmalarında dolaşır.
İradə ƏLİYEVA
Azərbaycan.- 2022.- 5 may.- S.15.