"Ağıllı" quruculuq
Qarabağ və Şərqi Zəngəzurun bərpası innovativ əsaslarla həyata keçirilir
İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun bərpası sürətlə davam edir. Görünən həm də odur ki, quruculuq işləri getdikcə kompleks xarakter alır. Yollarla və digər infrastrukturların bərpası ilə başlanan proses tədricən yaşayış məhəllələrinin salınmasını, inzibati binaların, parkların, iqtisadi inkişafa və vətəndaşların məşğulluğuna xidmət edəcək sənaye müəssisələrinin inşasını hədəfləyir.
İlham ƏLİYEV:"Görüləcək bütün işlər ancaq
baş planlar əsasında
olmalıdır"
2020-ci ilin noyabrından etibarən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyası olduqca əzəmətlidir. İşğaldan azad olunan torpaqlarımıza Prezident İlham Əliyevin diqqəti və xüsusi nəzarəti ilə yeni həyat bəxş olunur. Hətta bu ərazilər artıq kənd təsərrüfatına da cəlb edilir, əkin-biçin işləri aparılır.
Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bərpa və quruculuq işləri ilə bağlı dövlətimizin prioritetlərini açıqladı, qarşıda duran vəzifələri və icrası yaxın vaxtlarda başa çatacaq layihələri diqqətə çatdırdı. Beləliklə, Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək. Horadizdən Zəngilana qədər olan və Zəngəzur dəhlizinin əsas komponentini təşkil edəcək dörd və altı zolaqdan ibarət olan avtomobil yolunun isə hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq. Horadizdən Ağbəndə gedən dəmir yolu da gələn il tam istismara hazır olacaq.
Qeyd edək ki, Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və onların əsasında bəzi infrastruktur layihələrinin və yaşayış məhəllələrinin təməli qoyulub. O cümlədən Şuşa şəhərində genişmiqyaslı bərpa işləri davam edir. Hər bir rayonda kəndlərin də bərpası planlı şəkildə bərpa ediləcək. İlham Əliyev kəndlərin bərpası ilə də bağlı danışaraq bu istiqamətdə tapşırıqlarını diqqətə çatdırdı. Prezidentin bu məsələdə vurğuladığı məqamlardan biri ondan ibarət oldu ki, bu sahədə işlər kortəbii yox, planlı və sistemli şəkildə aparılmalı, bərpa ediləcək hər bir kəndin Baş planı olmalıdır: "Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq".
Ən mükəmməl "ağıllı şəhər"
və "ağıllı kənd" nümunələri
yaradılacaq
Qarabağ və Zəngəzurun bərpasında diqqəti çəkən əsas məqamlardan biri isə quruculuq işlərinin ən müasir texnoloji əsaslarla, smart, "ağıllı" konsepsiyalar çərçivəsində həyata keçirilməsidir.
Məsələn, Zəngilan rayonunun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən bərpa prosesində tətbiq olunan "ağıllı kənd" layihəsi smart quruculuğun mükəmməl nümunəsidir. Layihəyə uyğun olaraq bərpa işlərində ən müasir şəhərsalma standartları tətbiq olunur.
Ümumiyyətlə, "ağıllı kənd" təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Kənddə bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcəklər. O cümlədən evdaxili mühəndis-kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulub. Bütün bunlar üçün kənddə elektron idarəetmə mərkəzləri inşa edilib.
O cümlədən azad edilmiş ərazilərdə enerji infrastrukturunun yaradılması da innovativ həllər əsasında həyata keçirilir. Belə ki, yeni inşa olunan yarımstansiyalarda Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış sistem yaradılıb. Yeni yarımstansiyaların "Azərenerji"nin mərkəzi SCADA sistemi ilə əlaqələndirilərək birbaşa mərkəzdən idarə edilməsi təmin olunub.
O cümlədən azad olunmuş ərazilərdə
Rəqəmsal Yarımstansiya layihəsi də uğurla
icra olunur. Ötən
il Füzulidə Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Zəngilanda
isə Rəqəmsal Yarımstansiyanın təməli qoyulub. Bu cür
yarımstansiyalar elektrik şəbəkəsinin
vəziyyəti haqqında bütün məlumatları
toplayır, emal edir,
avadanlığın rəqəmsal formatda
idarə olunmasını təşkil edir.
Nəzarət, mühafizə və idarəetmə sistemlərinin
innovativ həll layihəsi olan
bu yarımstansiyalarda bütün
ölçülər yüksək dəqiqliklə
aparılır. Avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini
azaltmağa,
etibarlılığını artırmağa və elektrik enerjisinin
ötürülməsi zamanı itkiləri minimuma
endirməyə imkan verir.
Ən əsası, "Yaşıl enerji"
mənbələri şəbəkəyə inteqrasiya
olunur. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə
inteqrasiyası rəqəmsal yarımstansiyada avtomatik
idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin
yaranması tam aradan
qaldırılır. İstehlakçılar yarana
biləcək texniki fasilə barədə
məlumatı onlayn qaydada
əvvəlcədən alır.
Xatırladaq ki, 2021-ci il aprelin 19-da Prezident İlham Əliyev "Ağıllı şəhər" (Smart City) və "Ağıllı kənd" (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb. Bu sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi respublikamızla innovativ həllərlə bağlı qlobal çağırışların uğurla reallaşmasını təmin edəcək, "ağıllı" sistemlərin tətbiqini sürətləndirəcək. O cümlədən Qarabağ və Şərqi Zəngəzurda ən mükəmməl "ağıllı şəhər" və "ağıllı kənd" nümunələri yaradılacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2022.-6 may.- S.13.