Ankarada Əhməd Cavadın heykəlinin ucaldılması türk dünyasının tarixi
şəxsiyyətlərinə ehtiramın növbəti təcəssümüdür
Türkiyənin paytaxtı Ankara şəhərində poeziya dünyamızın nadir simalarından biri, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair və ictimai xadim Əhməd Cavadın heykəli ucaldılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Türkiyə paytaxtında heykəlin ucaldıldığı Türk Tarix Muzeyi və Parkında Əhməd Cavadın anım və heykəlinin açılış mərasimi keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyi, Etimesgut rayon bələdiyyəsi və Türk Tarix Muzeyi və Parkı tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Türk Tarix Muzeyi və Parkı qardaş Türkiyənin nadir mədəniyyət məkanlarından biridir. Burada türk dünyasının görkəmli siyasi liderləri, şəxsiyyətləri, xalq qəhrəmanları, qəhrəman sərkərdələr, o cümlədən tarixi proseslər ayrı-ayrı bölmələrdə heykəllərin dili ilə ziyarətçilərlə təmasdadır. Bundan sonra Əhməd Cavadın heykəli qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev, böyük qırğız yazıçısı Çingiz Aytmatov, görkəmli özbək şairi Abdulhamid Süleyman Çolpan, türk dünyasının görkəmli fikir adamı İsmayıl bəy Qaspıralı kimi görkəmli tarixi şəxsiyyətlərin heykəlləri ilə bir sırada dayanacaq.
Açılış mərasimindən əvvəl Türk Tarix Muzeyi və Parkının konfrans salonunda geniş toplantı keçirilib.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin deputatı Əziz Ələkbərli və Etimesgut rayon bələdiyyəsinin sədri Ənvər Dəmirəl tədbirdə çıxış ediblər.
Çıxışlarda Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadələri xatırlanaraq diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, liderlərin qətiyyətli mövqeləri və uzaqgörən qərarları ölkələrimizin gələcəyi, birgə inkişafımız üçün uğurlu nəticələr verməkdədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbə, bu tarixi Zəfərin əldə olunmasında Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək nəsillərə örnəkdir. Əhməd Cavadın həyat və fəaliyyəti gənc nəslin milli-vətənpərvərlik ruhunun yüksəlişində böyük təsirə malikdir.
Deputatı Əziz Ələkbərli çıxışında qeyd edib ki, Əhməd Cavadın həyat və yaradıcılığı böyük bir irs, əbədiyyətə qədər mövcudluğunu saxlayacaq milli məktəbdir.
Səfir Rəşad Məmmədov isə bildirib ki, böyük şair Əhməd Cavadın heykəlinin ucaldılması yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası şəxsiyyətlərinə göstərilən ehtiramın tərənnümüdür.
Etimesgut rayon bələdiyyəsinin sədri Ənvər Dəmirəl diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Himninin və “Çırpınırdı Qara dəniz” mahnısını sözlərinin müəllifi olan Əhməd Cavad Azərbaycanda olduğu kimi, Türkiyədə də eyni məhəbbətlə sevilir.
Əhməd Cavadın şəxsiyyət və şair kimi yüksək keyfiyyətlərindən danışan natiqlər diqqətə çatdırıblar ki, böyük şairin tarixi xidmətləri və poeziya yaradıcılığı bütün türk dünyası üçün əhəmiyyətlidir. Vurğulanıb ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii və ictimai fikir tarixində, xalqımızın marifləndirilməsində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə və qətiyyətə malik söz sərrafıdır. Böyük şair hər zaman ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, türk xalqı ilə çiyin-çiyinə Osmanlı dövlətinin bütövlüyü naminə savaşlara qatılmışdır.
Çıxışlardan
sonra “TRT AVAZ” telekanalı tərəfindən
hazırlanan, Əhməd Cavadın həyat və fəaliyyətinə
həsr olunan sənədli film nümayiş olunub.
Sonra Ankara Universitetinin tələbəsi
Elmira Qoca Əhməd Cavadın şeirlərindən nümunələr
səsləndirib.
Qeyd edək
ki, Prezident İlham Əliyev aprelin
20-də Əhməd Cavadın anadan
olmasının 130 illiyinin qeyd
olunması haqqında Sərəncam imzalayıb. Bu Sərəncam çərçivəsində
qardaş Türkiyədə də
müxtəlif tədbirlər keçirilməkdədir.
Azərbaycan.-
2022.-6 may.- S.13.