"Qarabağ Azərbaycandır!" etirafını ilk dəfə Sarkisyan edib, yoxsa Paşinyan?

 

Ermənistanda iqtidarla müxalifət biri-birinə bu ittihamı irəli sürür

 

Ermənistanda narazılıq və qarşıdurma hallarının daha da yüksəlməsi, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin kəskinləşməsi aydın müşahidə olunur. Müxalifətin İrəvanda keçirdiyi etiraz aksiyaları artıq iki həftədir davam edir. Mitinqlər istər iştirakçıların sayı, istərsə də miqyası baxımından genişlənməkdədir. Hətta vəziyyət o həddə çatıb ki, Paşinyan parlamentdə olan zaman etirazçılar binanı ələ keçirmək planları qurmağa başlayıblar.

 

Baş nazirin etirafları müxalifəti qıcıqlandırdı

 

Parlamentdə çıxışı zamanı baş nazirin səsləndirdiyi fikirlər keçmiş hərbi xunta təmsilçilərinin aksiyalarda daha fəal iştirakına təkan verib. Bildirib ki, danışıqlar prosesini Serj Sarkisyan uğursuzluğa düçar etdi: "Serj Sarkisyan 2018-ci il aprelin 17-də bunu etiraf edərək bildirib ki, danışıqlar prosesi nikbinlik yaratmır, daha doğrusu, dayandırılıb, çünki Azərbaycanın tələbləri bizim üçün qəbuledilməzdir və Sarkisyan bu tribunadan gələcək müharibəni elan edib. Biz uzun müddətə ümid etməməliydik ki, Azərbaycan məsələni müharibə yolu ilə həll etməyəcək".

Paşinyan deyib ki, 2020-ci il sentyabrın 27-də parlamentin tribunasından müharibəni həmin gün dayandıra biləcəyini də bəyan edib. Bunun üçün Qarabağı Azərbaycanın tərkibində tanımaq lazım idi: "Bunu Serj Sarkisyanın məntiqi ilə bağlasaq, belə çıxır ki, müharibəni dayandırmaq üçün Azərbaycanın qəbuledilməz şərtlərini qəbul etmək və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq lazım idi. Qeyd etmək istəyirəm ki, Ermənistan hakimiyyəti, o vaxt Madrid prinsiplərini danışıqlar üçün əsas kimi qəbul etdi, onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı", - deyə Paşinyan müxalifətə cavab verib.

Müxalifətçi deputat Rüstəmyan buna cavab olaraq bildirib ki, günahı keçmiş hakimiyyətin üzərinə atmaq indiki hakimiyyətin hərəkətlərinə haqq qazandırmır. O qeyd edib ki, Paşinyan özü də Qarabağın Azərbaycandan kənarda mövcudluğunun perspektivini görmədiyini bəyan edib.

Paşinyan Rüstəmyana cavab vermək istəyəndə müxalifət deputatları iclas zalını tərk etməyə başlayıblar. Baş nazir iqtidaryönlü deputatların alqış sədaları altında "Qulaq asmaq istəmirsiz... Həmişə qaçdığınız kimi, həmişə də qaçacaqsınız" fikirləri  ilə müxalifətçi deputatlara səslənib.

Göründüyü kimi, Paşinyan da artıq reallıqları etiraf etməyə başlayıb. O, ölkəsinin yaranmış ağır sosial-iqtisadi böhrandan çıxmasının yeganə yolunun Azərbaycanla normal münasibətlər qurulmasından keçdiyini anlayır. Baş nazirin siyasəti cəmiyyətin, o cümlədən nümayişə çıxan insanların gözünü açmaqdan ibarətdir. Paşinyan düşündüyü reallıqları xalqa aşılamaq istəyir. Paşinyan demək istəyir ki, keçmiş iqtidar da vaxtilə Qarabağın Azərbaycanın tərkibində qalmasını etiraf edib. Bir sözlə, Paşinyan bu prinsiplərdən çıxış edərək Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir.

 

İrəvanda etirazlar xalq hərəkatına çevrilir

 

Paşinyanın parlamentdəki çıxışlarından sonra reallıqlarla barışmaq istməyən keçmiş hərbi xuntanın tərəfdarları dünən səhər saatlarında şəhərin bir çox körpü və yollarını betonqarışdıran maşınlarla bağlayıb. Əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub. Etirazçılar "Nikolsuz Ermənistan!" şüarı səsləndiriblər. Polislə etirazçılar arasında toqquşma da yaşanıb, həbs edilənlər var. Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da saxlanılanlar arasında olub.

Ermənistan polisi paytaxtdakı etiraz aksiyalarında kobud pozuntular aşkarlandığını açıqlayıb. Polisin bəyanatında bildirilir ki, etirazçılar dövlətə məxsus, eləcə də mülki vətəndaşların avtomobillərinin təkərlərini kəsici və deşici alətlərlə sıradan çıxarırlar. Bu isə aksiya iştirakçılarında kəsici-deşici alətlərin, yəni soyuq silahın olduğu anlamına gəlir. Buna görə də polis aksiyada iştirak edənlərə qarşı zor tətbiqini daha da gücləndirib. Yerli mətbuatın yazdığına görə, dünən 100 nəfərdən çox adam polis şöbələrinə gətirilib, 1 nəfər isə ölüb.

Aksiyalarda diqqətçəkən məqam müxalifətin Paşinyanı elə öz silahı ilə vurmaq cəhdidir. Çünki 2018-ci ildə baş nazir də məhz İrəvanda yürüşlər keçirməklə küçələri bloklayırdı. Müxalifət də eyni taktikadan istifadə edərək Fransa meydanını seçməklə həmin ssenarinin tətbiqinə başlayıb. Müxalifət fraksiyasının nümayəndəsi İşxan Saqatelyan Fransa meydanında bildirib ki, hakimiyyət əleyhinə aksiyaları dayandırmayacaqlar.

 

Müxalifətlə bağlı  "Beşinci kolon" iddiaları

 

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Vladimir Vardanyan isə deyib ki,  parlament seçkiləri hələ ötən ilin iyun ayında başa çatıb. O zamandan çox vaxt keçib, amma heç nə dəyişməyib: "Niyə aprelin sonunda yürüş və yürüşlərə başlamaq qərarına gəldiniz? Mayın əvvəlində də başlaya bilərdiniz. Ona görə ki, hava yaxşılaşıb? Sizin üçün daha rahatdır? İndi havalar yenidən soyusa, isti yerlərinizə qayıdacaqsınız".

Erməni siyasətçinin fikrincə, müxalifətin hərəkətləri sadəcə öz varidatlarını və siyasi kimliklərini qorumağa yönəlib: "Bu, hakimiyyət uğrunda mübarizə deyil. Bu, "beşinci kolon"a xas hərəkətlərdir. Həmin adamlar "beşinci kolon"un funksiyasını yerinə yetirirlər. Onlaraiqtidar, nə Milli Assambleya, nə ölkə, nə beynəlxalq münasibətlər, nə də Qarabağ lazımdı. Heç nə alınmayacaq!"

Amma qeyd olunur ki, müxalifətin başladığı etiraz aksiyaları bir aya kimi davam edərsə, bu, Paşinyan üçün ciddi problemlər yarada bilər. Bundan başqa, diqqət ona yönəlir ki, məhz baş nazirin son 4 il ərzində ölkəyə rəhbərliyi təkcə Qarabağ müharibəsindəki məğlubiyyətlə bitmir, Ermənistan üçün həm iqtisadi, həm enerji, həm də nəqliyyat baxımından təhdid vəziyyəti yaradıb. Digər tərəfdən, Ermənistandan əhalinin köç prosesi artıq yeni mərhələyə daxil olub. Ermənilər özləri qeyd edirlər ki, vaxtilə Ermənistandan əhali ədədi silsilə ilə baş götürüb qaçırdısa, indi artıq həndəsi silsilə ilə ölkəni tərk edirlər.

Görünən isə odur ki, yaranmış vəziyyətdə Paşinyan hakimiyyətdə yerini daha da möhkəmlətmək üçün bütün addımları atacaq və ölkənin tənəzzülü daha da sürətlənəcək. Bu, Ermənistanın durumunu daha da ağırlaşdıracaq ki, elə ictimaiyyət də məhz bundan narazıdır. Belə vəziyyətdə ölkədə hakimiyyətlə xalq arasında uçurumun daha da dərinləşməsi gözlənilir. Bu isə Ermənistanı növbəti vətəndaş qarşıdurmasına sürükləyəcək.

Bu arada aparılan müstəqil sorğulara görə, baş nazirə etimad azalmaqda davam edir. Hakimiyyətdə olduğu ötən müddət ərzində müharibədə məğlubiyyətlə yanaşı, ölkənin makroiqtisadi göstəriciləri, əhalinin güzəranı yaxşılaşmayıb. Sosial-iqtisadi göstəricilər daha da pisləşib, ölkədən kütləvi köç azalmayıb, xarici borclar artıb, Ermənistana böyük sərmayə yatırımına nail olunmayıb. Bütün bunlar Erməmənistanın sosial-iqtisadi durumunu  getdikcə daha da ağırlaşacağını söyləməyə əsas verir.

Ermənistanın bu fəlakətdən qurtuluşu Azərbaycan Prezidentinin irəli sürdüyü 5 prinsipi özündə ehtiva edən sülh sazişinə imza atmaqdan keçir. Əgər bu reallaşarsa, regionda yaranacaq hərtərəfli sabitlikyeni əməkdaşlıq formatları Ermənistan üçün əlverişli imkanlar açacaq.    

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.-6 may.- S.15.