Zəngəzurun Azərbaycandan
qoparılıb Ermənistana verilməsi tarixi
faktdır
Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı çox haqsızlıqlara məruz qalıb. Qapısına gələnləri əliboş qaytarmayan, ümidsizlərə ümid olan, isti ocağında, süfrəsinin başında yer verən xalqımız təəssüf ki, xeyirxahlığına, humanistliyinə görə bəzən çətin sınaqlarla üzləşib.
Onu ən ağır bəlalara, dözülməz ağrılara düçar edən isə bir vaxtlar ərazilərində yaşamaq üçün yer verdiyi ermənilər olub. Azərbaycan xalqının səmimiyyətindən, mehribanlığından, səxavətindən sui-istifadə edən məkrli ermənilər yaxşılığı yamanlıqla qarşılayıblar. Hətta onlara sığınacaq verən xalqa qarşı torpaq iddiaları irəli sürməkdən belə çəkinməyiblər. Hər dəfə əllərinə fürsət düşəndə vəhşi xislətləri üzə çıxıb, azərbaycanlıların yaşayış məntəqələrinə hücum edib, evlərinə od vurub yandırıblar. Günahsız insanlara yalnız milli və dini mənsubiyyətinə görə dəhşətli işgəncələr veriblər, kimini qətlə yetiriblər, kimini də şikəst ediblər.
Tarixin gərdişi yenidən dəyişəndə, ictimai-siyasi ab-hava durulub aydınlananda isə əvvəlki "məzlum" xalqa çevriliblər. Azərbaycan xalqı da inanıb-inanmamasından asılı olmayaraq, dönə-dönə düşmənlik gördüyü erməniləri yenə qapısından qovmayıb, kömək əlini uzadıb, yardım göstərib.
Erməni məkri və saxtakarlığı
Erməni xisləti heç vaxt dəyişməyib. Hər dəfə ictimai-siyasi qarşıdurmalar yarananda, inqilabi hərəkat genişlənəndə "fürsət bu fürsətdir" deyib öz bədnam planlarını həyata keçirməyə, Azərbaycan torpaqlarını zəbt edərək özlərinə ölkə, dövlət yaratmağa cəhd göstəriblər. "Böyük Ermənistan" xülyalarını reallaşdıra bilməsələr də, kiçik məqsədlərinə bəzən nail olublar. Məsələn, Azərbaycanın əzəli torpaqlarında özlərinə yoxdan dövlət qurublar. Bununla da qane olmayıblar. XX əsrin sonlarında Azərbaycana qarşı yenidən torpaq iddiası irəli sürərək Dağlıq Qarabağı, Şərqi Zəngəzuru münaqişə ocağına çeviriblər. Birinci Qarabağ müharibəsində ərazilərimizin 20 faizini işğal ediblər. 30 ilə yaxın azərbaycanlıları öz yurdlarına həsrət qoyublar.
Hər bir azərbaycanlı üçün ağrılı və ibrətamiz olan o illər artıq tarixə çevrilib. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq torpaqlarımızdan qovdu. Yağı düşmənlərin tapdağından xilas olmuş o yerlərdə bu gün tikinti-quruculuq işləri aparılır. Qarabağın incisi, mədəniyyət paytaxtı Şuşa şəhəri indi möhtəşəm tədbirlərə evsahibliyi edir. Onlardan biri də bu günlərdə keçirildi. Dünya azərbaycanlıları V qurultaylarını keçirmək üçün Şuşada toplaşdılar.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirdi ki, biz faşizmi məhv etdik: "Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır". Dövlət başçısı diqqətə çatdırdı ki, biz gücümüzü artırmışıq. İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldüyünü vurğulayan Prezident
İlham Əliyev açıqladı ki, həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmini, - əgər bir daha baş qaldırsa, - əzməyə hazır olmalıyıq və hazırıq.
Prezident İlham Əliyev: "XIX əsrdə
imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə
çatdırmaq kifayətdir"
Azərbaycan həqiqətlərinin bütün dünyaya bəyan edilməsi, bu istiqamətdə təbliğat işinin gücləndirilməsi xalqımızın, dövlətimizin haqlı və ədalətli mübarizəsində böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qurultaydakı çıxışında bu barədə demişdir: "Yəni yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu, çox vacibdir. Çünki tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. Tarix də göz qabağındadır. Uzaq tarixə getməyə ehtiyac yoxdur. Sadəcə olaraq, XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, - titulu belə də gedib, - imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir, yaxşı olar ki, geniş ictimaiyyət də bunu bilsin. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı. Zəngəzur 1920-ci ilin noyabrında bizdən qoparıldı, bir il sonra Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, ilyarım keçəndən sonra - 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ancaq nədənsə bu muxtar vilayəti orada yox, burada yaradıblar. Bunu yaradıblar və eyni zamanda qədim Azərbaycan şəhərini - Şuşanı da onun tərkibinə salıblar, bir məqsədlə ki, Şuşa erməniləşsin".
Qarabağın baş tacı olan Şuşanı erməniləşdirməyə nə qədər çalışsalar da, alınmadı. Dövlət başçısının qeyd etdiyi kimi: "Şuşa öz milli ruhunu o vaxt həmişə qoruyurdu və işğal dövründə ermənilər Şuşanı erməniləşdirə bilmədilər".
Ondan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasını xalqımız üçün böyük faciə və böyük ədalətsizlik adlandıran Prezident İlham Əliyev tarixi faktları xatırlatdı: "Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür. O Azərbaycana qarşı bu edildi ki, İkinci Dünya müharibəsində 300 min Azərbaycan övladı müharibəyə getdi, qayıtmadı. O Azərbaycan ki, İkinci Dünya müharibəsində sovet ordusunun yanacağının 90 faizini verirdi. Əgər Azərbaycan olmasaydı, Azərbaycan nefti olmasaydı, Sovet İttifaqı müharibədə qələbə qazana bilməzdi və 3-4 il bundan sonra xalqımıza qarşı bu ədalətsizlik hansı mənəviyyata sığır?"
Müzəffər xalq, qalib dövlət kimi
yaşamağın qüruru
Prezident İlham Əliyev tariximizi bilməyimizin zəruriliyindən danışarkən demişdir ki, bu tarixi bilmədən 1980-1990-cı illərin tarixi yarımçıq qalacaq: "Ondan sonra 1980-ci illərin sonlarında başlamış separatizm meyilləri faktiki olaraq Qarabağın böyük hissəsini Azərbaycandan qopardı. Hələ Sovet İttifaqı dövründə bunu etdilər. Xüsusi idarəetmə komitəsi yaradıldı və Moskvadan bir ermənipərəst adam təyin olundu. Ondan sonrakı tarix də bəllidir. Bax, bizim xalqımız iki əsr ərzində bütün bu iztirablardan keçib və nəhayət öz sözünü deyib. Nəhayət, "dəmir yumruq"la düşmənin başını əzib, tarixi ədaləti və milli ləyaqəti bərpa edibdir".
Azərbaycanın Vətən müharibəsində qalibiyyəti bir daha təsdiq etdi ki, sonunda ədalətin, haqqın tərəfində olanlar zəfər çalırlar. Dövlət başçısı çıxışında bildirdi ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq, dövlətimiz qalib dövlət kimi əbədi yaşayacaq: "Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər".
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2022.-1 may.- S.9.