Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında beş meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib. İclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə bağlı görülmüş işlər üzrə müzakirələr aparılıb. Ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda həyata keçirilən monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi məqsədilə aparılan təhlillər və aidiyyəti qurumların iştirakı ilə aparılan kompleks tədqiqat işləri haqqında qrup üzvlərinə məlumat verilib.

Qrup üzvləri Qarabağ və Şərqi Zəngəzurda ətraf mühitin monitorinqihidrometeorologiya üzrə görülmüş işlər barədə məlumatlandırılıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə 2025-ci ilədək 11 hidroloji, 8 meteoroloji, 1 radiometeoroloji (radar), 4 radioekoloji, 2 hava keyfiyyəti üzrə kompleks avtomatik ölçmə stansiyaları və 1 aerozond stansiyasının quraşdırılması nəzərdə tutulub. Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında 5 meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın qurulması işlərinə başlanılıb.

Kənd təsərrüfatı sahəsində görülən işlər, o cümlədən əkinçilik sahəsində məhsuldarlığın artırılması, heyvandarlıq, arıçılıq təsərrüfatlarının köçürülməsi, kənd təsərrüfatı bitkilərinin ziyanverici və zərərvericilərinə qarşı aparılan mübarizə tədbirləri, “Ağıllı kənd” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək kənd əhalisinin məşğulluğunun təmin olunması üçün aparılan işlər haqqında müzakirələr aparılıb.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə bərk məişət və digər tullantıların idarə edilməsi məsələləri müzakirə edilib və həmin ərazilərdə əmələ gələn bərk məişət tullantılarının toplanması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi üzrə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən görülən işlər haqqında qrup üzvlərinə məlumat verilib.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

 

Azərbaycan.- 2022.-1 may.- S.12.