Bizi qələbəyə
aparan dualar...
Aylar da insanlar kimidir. Öz ömürləri,
taleləri olur. Ramazan ayı bəxti mübarək yazılan, xoşbəxt aydır.
İnsanların ruhuna, qəlbinə
işıq saçan,
mənəvi dünyamızı
təmizləyən, ruhumuzu
paklaşdıran aydır.
Ramazan Allahın qüdrətindən
pay verib, insanların yoluna nur çilədiyi,
Tanrının dörd
müqəddəs səmavi
kitabını, "Zəbur"u,
"İncil"i, "Tövrat"ı
və "Quran"ı
göndərdiyi aydır.
Ramazan xoş niyyət, xoş arzu, xoş dilək ayıdır. Xeyrin şərlə,
nəfsin imanla mübarizə aparıb paklaşdığı, imanla
iradənin vəhdəti,
saflığın kamilliyə,
insan ruhunun Tanrıya tapındığı
aydır. Ramazan imanın
sınağa çəkildiyi,
duaların qəbul olunduğu aydır.
İllər idi ki, dilimizdən
Qarabağ nidası əskik olmurdu. Dualarımız Qarabağla başlayıb,
Qarabağla bitirdi.
Möminlərimiz, inanclı insanlarımız
haqq işi uğrunda mübarizədə
Alladan imdad dilər, illərin Qarabağ həsrətinə
son qoyulması üçün
Tanrıya dualar edilərdi. Həm də bu duaları təkcə azərbaycanlılar etməzdi.
Azərbaycanda yaşayan
bütün xalqların
nümayəndələri - yəhudilər, ruslar, udilər, bir sözlə, canını
vətənimiz Azərbaycan
üçün fəda
etməyə hazır
olan, dinindən, dilindən asılı olmayaraq hər bir namuslu Azərbaycan
vətəndaşı öz
etiqadı ilə Tanrıya tapınardı.
İşimiz haqq, niyyətimiz hasil olduğu üçün Allah dualarımızı
qəbul etdi. Artıq iki
ildir ki, niyyətimizdə nisgil, ürəyimizdə həsrət
yoxdur. Artıq fərəhlə deyə bilirik ki, bir zamanlar
erməni vandallarının
dağıdıb viran
qoyduqları, xarabazarlığa
çevirdikləri yurd
yerlərimizdə həyat
bərpa olunur. İllərdir insanlığın, təmiz ruhun, müqəddəs niyyətlərin
aclığını çəkən
ibadətgahlarımıza, müqəddəs
məkanlarımıza, tarixi
abidələrimizə can verilib,
yenidən həyata qaytarılır.
Xilaskar Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin Ramazan bayramı münasibətilə
xalqa ünvanladığı
təbrikdə bir məqam xüsusi olaraq qeyd edilir:
"Məmnunluq hissi ilə qeyd etmək
istəyirəm ki, haqq işi uğrunda
mübarizədə qazandığımız
şanlı zəfərlə
azad edilmiş dədə-baba yurdlarımızda
həyat yenidən dirçəlir, tarixi-mədəni
irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən
azan sədaları yüksəlir".
Ədalət naminə qeyd edək ki, bütün
bunlar təkcə möminlərimizin etdikləri
duaların hesabına
deyil. Eyni zamanda polad iradənin,
qətiyyətin, illərdir
aparılan düzgün
ardıcıl siyasətin,
vaxtında qəbul edilmiş qətiyyətli
və dürüst qərarların, xalqımızın
hakimiyyətlə sarsılmaz
birliyinin, Azərbaycan
Ordusunun qüdrətinin,
dəmir intizamın və bütün bunların sayəsində
44 günlük Zəfər
müharibəsində düşmən
üzərində çalınan
qələbənin məntiqi
nəticəsidir.
Hər zaman xalqımızı qələbəyə
aparan, bizlərə əsl bayram sevincini yaşadıb Tanrı dərgahına üz tutan Vətən
oğullarının unudulmaz
xatirəsini əziz tutan Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyev "Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda
həyatını qurban
vermiş qəhrəman
şəhidlərimizin ölməz
xatirələrini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara
Allahdan rəhmət, ailələrinə səbir,
qazilərimizə cansağlığı
diləyirəm" deməklə ovqatlarına bayram ovqatı qatdı.
İnsan gördüyü işlər,
xeyirxah əməlləri,
xoş niyyəti ilə insan olur. İnsan qazandığını bölməyi bacaranda, başqalarının qəlbini
sevindirəndə, yalnız
torpaq üstə deyil, qəlblərdə saraylar ucaldanda, özündən imkansızların
ürəyində yurd
salanda insan olur. Ramazan bölüşməyi bacaran, varından keçib kasıbı, kimsəsizi, imkansızı
sevindirə bilən bayram olur. Oruc təkcə mədənin
aclığı deyil.
Nəfsinə, gözünə-könlünə
toxluq verməyi bacaran saf niyyətli
insanların bayramıdır.
Bu bayramın əsas məntiqi nəticəsi aclığı həyatında
yaşayıb, ac qalmağın
nə olduğunu öz həyatında hiss edib, yoxsula əl
tutmaqla, malından
fitrə və zəkat verməklə yekunlaşır. Bəzən insanlarımız sədəqəni mal-mülkün
varlığı ilə
ölçür. Hesab edirlər
ki, sədəqə yalnız maddi nemətlərdən verilə
bilər. Müqəddəs kitabımız "Qurani-Kərim"də
qeyd edilir ki, "Xoş o adamın halına ki, elmi olub,
elmindən sədəqə
verə". İnsanların kamilləşməsi üçün
deyilən hər söz, edilən hər xoş niyyət özü ən qiymətli sədəqədir.
Ramazan birlik, bərabərlik, xoş niyyət, barış bayramıdır. Ramazan sevgi
bayramıdır. Hamımız bu vətənin övladları olduğumuz
üçün ilk dualarımız
bu vətənə, onun yolunda canlarını
fəda edənlərə
olmalıdır. Onda nemətimiz
bərəkətli, süfrəmiz
bol, dualarımız qəbul olar. Bu müqəddəs Ramazan günlərində Tanrı
niyyətlərimizi xoş,
əməllərimizi saf,
orucumuzu qəbul etsin...
Elşən QƏNİYEV
Azərbaycan.- 2022.- 1 may.- S.4.