Əbədi ideyaların ölməz
müəllifi
Azərbaycanın özü qədər əbədi
Azərbaycan xalqının bəşəriyyətə
bəxş etdiyi ən böyük dühalardan olan Ulu Öndər Heydər Əliyevin ömür yolunun, fəaliyyətinin hər bir anı unudulmaz
tarix, ömürlərə
həkk olunan əbədi səhifədir.
Çünki bu ömür xalqına bağışlanan, həsr edilən ömürdür, gündür. Bu ömrün anlarında, səhifələrində müdrik bir insanın, bacarıqlı, qətiyyətli rəhbərin, sədaqətli vətəndaşın, əsl azərbaycanlının arzuları, amalları, əməlləri, bəşəri ideyaları, insanlığa, xalqına, torpağına sonsuz məhəbbəti, sədaqəti əks olunub, əbədiləşib.
Azərbaycanlı olması ilə həmişə fəxr edən, qürur duyan və Azərbaycanın tanıdılmasını, şöhrətlənməsini, ucalmasını həyatının mənası, arzularının çiçəklənməsi hesab edən Heydər Əliyevin ideyaları bu gün də yaşayır, yolumuzu işıqlandırır, bizə qüvvət, inam verir, birliyimizi, həmrəyliyimizi möhkəmləndirir.
Heydər Əliyev iqtisadiyyatı ölkənin bel sütunu hesab edir və xatırladırdı: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Çünki o, bunu öz həyatında görmüş və əməllərində həyata keçirmişdi. O, Azərbaycana rəhbər seçildiyi 1969-cu ildə respublika iqtisadi cəhətdən çıxılmaz vəziyyətdə idi, bütün sahələrdə böhran hökm sürürdü, kənd təsərrüfatı ağır günlərini yaşayırdı.
Ulu Öndər ilk gündən insanların mənəvi ruhunu oyatdı. Rüşvətxorluğa, saxtakarlığa, əliəyriliyə barışmaz mövqe tutdu. Kənd təsərrüfatını inkişaf etdirmək, insanların həyat şəraitini yaxşılaşdırmaq, işgüzarlığı təmin edib ədaləti aradan qaldırmaq başlıca vəzifə kimi qarşıya qoyuldu. Mühüm qərarların qəbul edilməsi, insanlarla sıx əlaqələrin yaradılması, görüşlər, səmərəli tədbirlər, qayğı və diqqət çox çəkmədi ki, bəhrələrini verdi. Respublika iqtisadiyyatı, xüsusilə kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də iqtisadi inkişafı ölkənin taleyüklü məsələsi kimi qarşıya qoydu və istəklərinə nail oldu. O, Azərbaycanda ictimai-siyasi sabitliyi bərpa edib qarşıdurmaların qarşısını almaqla ölkə iqtisadiyyatının inkişafına yol açdı, yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsini reallaşdırdı. 20 sentyabr 1994-cü ildə çox böyük çətinliklər hesabına "Əsrin müqaviləsi"ni imzalamaqla Heydər Əliyev bugünkü sürətli inkişafımızı təmin etdi.
Heydər Əliyev yaxşı bilirdi ki, iqtisadiyyatı inkişaf etdirmədən, insanlarda ruh yüksəkliyi, vətənə, torpağa məhəbbət yaratmadan ordu quruculuğu sahəsində dönüş yaratmaq mümkün deyil. Bu baxımdan milli iqtisadi sistemin yaradılması, beynəlxalq iqtisadi münasibətlərin güclənməsi ordu quruculuğunun inkişafına yeni bir təkan verdi və Ermənistanın təcavüzünün qarşısının alınmasında əsaslı rol oynadı. 1994-cü il mayın 12-də atəşkəs haqqında müqavilənin imzalanması isə ordunun gücləndirilməsini, yeni hərbi planların hazırlanmasını və həyata keçirilməsini reallaşdırdı. Bu, Heydər Əliyev müdrikliyinin nəticəsi idi və 44 günlük müharibə bu uzaqgörənliyi bir daha sübut etdi.
İşğal altında olan torpaqlarımızın taleyi son nəfəsinə kimi Ulu Öndəri düşündürmüş, narahat etmiş və o, bu yolda daim qətiyyətlə mübarizə aparmışdı. Azərbaycan həqiqətləri, ermənilərin təcavüzkar hərəkətləri, törətdikləri faciələr, soyqırımları, torpaq iddialarını dəfələrlə dünya liderlərinin, beynəlxalq təşkilatların, ictimaiyyətin diqqətinə çatdırmışdı. Heydər Əliyev bütün görüşlərdə, çıxışlarda həqiqətləri, faktları əsaslandırır, ərazi bütövlüyümüzün təmin olunmasının vacibliyini qeyd edir, beynəlxalq təşkilatlara qəbul olunmuş qərarlara, qətnamələrə hörmətlə yanaşmağı xatırladır və Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasının mümkün olmayacağını və buna yol verilməyəcəyini qətiyyətlə bildirirdi. Ulu Öndər keçirdiyi 500-yə yaxın müxtəlif görüşlərdə bilavasitə Ermənistan-Azərbaycan münaqişəsini müzakirə etmiş, qabartmış və dünyanı Azərbaycan həqiqətlərini qəbul etməyə, dəstəkləməyə səsləmişdir. Çox təəssüflər olsun ki, bu çağırışlar, müraciətlər, bəyanatlar beynəlxalq təşkilatlar, dünya liderləri tərəfindən vaxtında eşidilmədi. Ancaq buna baxmayaraq, Heydər Əliyev Qarabağın düşməndən mütləq azad olunacağına, qaçqın və köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacağına əmin idi.
Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir. O, Azərbaycanı bütöv, inkişaf edən, azərbaycanlıları həmrəy, səfərbər olmağa hazır olan, harada yaşamasından asılı olmayaraq öz yurdunun mənafeyini qoruyan bir xalq kimi görmək istəyirdi və yorulmadan bu məqsəd uğrunda çalışırdı.
Dünya azərbaycanlılarının bu günlərdə Şuşada keçirilən V qurultayı Heydər Əliyevin müdrikliyinin, uzaqgörənliyinin bir nümunəsidir. Qurultayda 65 ölkədən 400 nəfərə yaxın nümayəndənin iştirak etməsi, dünya azərbaycanlılarının bir yerdə - özü də mədəniyyətimizin paytaxtı sayılan, igidlərimizin qanı və canı bahasına, əfsanəvi qəhrəmanlıqları sayəsində azad edilən, bu gün öz möhtəşəmliyi, təbiəti, quruculuq-bərpa işləri ilə seçilən Şuşada toplaşmaları Ulu Öndərin arzularının çiçəklənməsi, ruhunun sevinməsi, uğurlarımızın təntənəsidir.
Heydər Əliyev xalqını ürəkdən sevən, insanlara inanan və etimad göstərən, tarixini, dilini, dinini yüksək qiymətləndirən və təbliğ edən, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan siyasi xadim idi. O, həmişə xatırladırdı ki, xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. Keçmişimizə, nəslimizə-kökümüzə, keçdiyimiz yollara, qazandığımız uğurlara, həm də yaşadığımız ağrılı-acılı günlərə, başımıza gətirilən bəlalara, faciələrə dönə-dönə nəzər salmağı, təhlillər aparmağı, nəticələr çıxarmağı tövsiyə edirdi və bildirirdi ki, tariximiz bizim üçün dərs olmalıdır, heç kim tarixin dərslərini unutmamalıdır, keçmişinə laqeyd yanaşmamalıdır.
Ulu Öndər xalqımızın mənəvi dəyərlərinin yaşadılmasında, inkişaf etdirilməsində, nəsildən-nəslə ötürülməsində ana dilinə çox böyük önəm verir, "Öz ana dilini bilməyən adamlar şikəst adamlardır" deyir və dilimizin saflığı uğrunda qətiyyətlə mübarizə aparırdı. Əlbəttə ki, hər bir xalqın, hər bir millətin var olmasının başlıca səbəbi özünəməxsus dilinin - ana dilinin olmasıdır. Heydər Əliyevə görə, özünün təbirincə desək: "Dil xalqın böyük sərvətidir. Əlbəttə, dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir".
Azərbaycan SSRİ-nin tərkibində olarkən - hələ 1978-ci ildə respublikamızın Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdi ki, bu da Heydər Əliyevin çox böyük təkidi, cəsarəti sayəsində mümkün olmuşdu. Çünki rus dilinin hakim dil olduğu o dövrdə buna nail olmaq çox çətin hesab edilirdi. Ancaq o vaxt Heydər Əliyev ittifaqda qazandığı böyük nüfuzuna arxalanaraq Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevə öz fikirlərini, xalqın istəyini əhatəli əsaslandıra bilmişdi.
Ulu Öndər müstəqillik illərində imzaladığı bir sıra mühüm sənədlərlə Azərbaycan dilinin qorunmasını və inkişafını təmin etmişdir. Rəhbərin təşəbbüsü ilə 31 oktyabr-11 noyabr tarixləri ərzində dövlət dili məsələsi Milli Məclisdə geniş müzakirə olunmuş və yekdilliklə Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi qəbul edilmişdir.
Qürurverici haldır ki, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, dilimizin inkişaf etdirilməsində də Heydər Əliyev ideyalarına sadiqdir və bunu əməli fəaliyyəti ilə sübut edir. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri bunun əyani ifadəsidir. 2013-cü ildə isə dövlət başçısı Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramını təsdiq etmişdir ki, bu da dilimizin inkişafına mühüm töhfədir.
Heydər Əliyev xalqına, vətəninə, torpağına sonsuz dərəcədə bağlı insan olub. O öz xoşbəxtliyini xalqının nicatında, sevincində, gələcəyində görürdü və deyirdi: "Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir". Ulu Öndərin taleyi də xalqının taleyinə çevrildi və o, xalqına misilsiz xidmətləri ilə əbədi bir ömür qazandı. Bir ömür ki, o, hər gün, hər saat, hər an yada düşür, xatırlanır və milyonlara örnək kimi təbliğ edilir, sevilir. Bir ömür ki, xoşbəxtliyi ilə hər bir azərbaycanlıda qürur doğurur, hər bir kəsə ruh verir, inam gətirir. Bir ömr ki, arzuladıqları həqiqətə çevrilərək Azərbaycanı uğurlara aparır. Ulu Öndərimizin müqəddəs istəyi həyata keçib - Qarabağ torpaqları azaddır, düşmən çökdürülüb, haqq-ədalət qalib gəlmişdir.
Odur ki, Heydər Əliyevin ruhu şaddır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev onun arzularını həqiqətə qovuşdurub, ata vəsiyyətinə əməl edib, azğın düşmənin cavabını verərək şəhidlərimizin qanını yerdə qoymayıb. Vaxtilə nisgillə, ağrı-acı ilə yad edilən torpaqlarımızda indi xariqələr yaradılır, aeroportlar tikilir, yollar, tunellər çəkilir, doğma Şuşamızda beynəlxalq konfranslar, festivallar, sərgilər keçirilir, torpaqlarımızda bərpa-quruculuq işləri gündən-günə yeni vüsət alır. Bütün bu inkişaf, uğurlar isə Heydər Əliyev ideyalarının təntənəsi kimi dəyərləndirilir.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin
sədri
Azərbaycan.- 2022.- 8 may.- S.7.