Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qoruyucusu idi

 

Azərbaycanın özü qədər əbədi

 

Siyasi düşüncəmizə yeni əxlaq, mənəviyyat gətirən Ümummlilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə keçən əsrin 70-ci illərində mədəniyyət və incəsənət sahəsində də təkamül başladı. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərin qorunmasına, təbliğinə xüsusi qayğıkeşliklə yanaşırdı. Bu dəyərləri yüksək qiymətləndirən Ulu Öndər "Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz"  deyirdi.

Ümummilli Lider mədəniyyətimizin yaradıcılarına, ömrünü Azərbaycan  incəsənətinə həsr etmiş insanlara həmişə qayğıkeşliklə yanaşmışdır. Hələ sovetlər dönəmində nə qədər sənətçimiz, mədəniyyət və incəsənət xadimlərimiz Ulu Öndərin birbaşa köməyi ilə SSRİ-nin yüksək fəxri adlarına, orden və medallarına layiq görülmüşdür. Sənət adamlarına, şair və yazıçılara Bakının ən görkəmli yerlərində abidələr qoyulmuşdur. Heydər Əliyevin hakimiyyəti illərində yaradıcı ziyalılarmız xalqımızı ən yüksək kürsülərdə təmsil edirdilər. Ulu Öndər hakimiyyətə gələnə kimi gözəl Şuşada, qədim Qarabağda mədəniyyət abidələrimiz ermənilər tərəfindən məqsədli şəkildə məhv edilirdi. Məsələn, milli musiqimizə, mədəniyyətimizə əvəzsiz tarixi simalar bəxş etmiş Şuşanın girəcəyinə qoyulmuş erməni qızının simvolik heykəlini, Şuşanın mərkəzində isə Nelson Stepanyanın abidəsini xatırlayanlar yəqin hələ də var. Heydər Əliyevin hakimiyyətə gəlişinəcən Şuşada bir dənə də olsun azərbaycanlı mədəniyyət xadiminə heykəl qoyulmamışdı. Ulu Önədrin Azərbaycana rəhbərliyi dövründə Şuşada Üzeyir bəy Hacıbəylinin heykəli qoyuldu, ev-muzeyi açıldı. Natəvanın, Bülbülün heykəlləri, Vaqifin möhtəşəm məqbərəsi ucaldıldı. Bütün bunlar Şuşanın simasını Azərbaycan şəhəri kimi dəyişdi.

Ulu Öndərin hakimiyyəti illərində respublikada muzeykitabxana işi, rəssamlıq, heykəltəraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda Avropa və Şərq memarlıq ənənələrinin ən gözəl nümunələrini özündə birləşdirən binalar inşa olunmuşdur. Tarixi abidələr, "İçərişəhər Dövlət Qoruğu"nda, "Qız qalası"nda bərpa-təmir işləri aparılmışdır.

 Kökə bağlılıq ruhda, canda olur. Ulu Öndərin mədəniyyətimizə qayğıkeşliyinin kökündə onun şəxsiyyəti, özünün bu sahəyə ruhən yaxın olması dururdu. Böyük rəhbər bu barədə deyirdi: "Mədəniyyət incəsənətə maraq kiçik yaşlarımdan qəlbimdə xüsusi yer tutur. Bəlkə gənclik illərində arzum rəssam olmaq, yaxud teatra getmək idi, amma qismət başqa cür oldu. Ona görə hamısı qəlbdən gəlir".

Ədəbiyyatla sənətlə, teatr kino ilə, folklor yazılı abidələrlə, rəssamlıq heykəltəraşlıqla, musiqi ifaçılıqla bağlı qənaətlərində Heydər Əliyev bir tamaşaçı, seyrçi təsəvvürü yaratmırdı, incəsənətin daxili qanunauyğunluqlarına inkişaf perspektivlərinə yüksək peşəkarlıqla yanaşan bir sənət nəzəriyyəçisi kimi çıxış edirdi. Konsertlərdən, tamaşalardan sonra səhnə arxasında görüşlər keçirər, yaradıcı insanların qayğıları, problemləri ilə maraqlanar, onlara tövsiyələr verərdi, aktyorla teatrşünas, musiqiçi ilə bu sahənin mükəmməl bilicisi kimi danışardı. İnsanları duymaq həssas adamların işidir. Ulu Öndər insan sərrafı, onların xarakterini gözəl bilən, hər kəslə öz dilində danışmağı bacaran şəxsiyyət idi. Onun bu xoş münasibəti sənət adamlarına güc, yaradıcılıq ruhu verirdi. İnsanlar əməyinin layiqincə qiymətləndiriləcəyinə inanır, daha həvəslə çalışırdılar.

 Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə istedadlı gənclərin üzə çıxarılması üçün mahnı müsabiqələri, musiqi festivalları keçirilirdi. Gənclərin öz bacarıq qabiliyyətlərini nümayiş etdirmək üçün hər cür fürsət yaradılır, seçilən gənclərə qayğıkeşlik göstərilirdi.

 Milli dəyərlərimizin dünyaya tanıdılmasında müstəsna rolu olan Ulu Öndər xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara milli-mənəvi dəyərlərə sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi. Xarici səfərlərdə Azərbaycan mədəniyyət incəsənət xadimlərinin Ulu Öndəri müşayiət etmələri ənənəyə çevrilmişdi.

Milli-mənəvi dəyərlərimizin hamisi, qoruyucusu ən yüksək təbliğatçısı olan Ulu Öndər milli musiqimizin inkişafında müstəsna xidmətləri olmuş Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Arif Məlikov kimi qüdrətli sənət korifeylərinin əsərlərindəki milli-mənəvi ruha yüksək qiymət verərək onların yaratdığı əsərləri mənəvi xəzinəmizin qiymətli nümunəsi kimi dəyərləndirər, məqamı düşəndə iftixarla Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov haqqında xoş xatirələrini bölüşərdi. Heç kimə sirr deyil ki, dünyaşöhrətli müğənnilərimiz Fidan Xuraman Qasımova bacıları, xalqımızın sevimli sənətkarı Zeynəb Xanlarova Ulu Öndərin qayğıkeşliyi hesabına sənət zirvəsinə yüksələ bilmişdilər.

Milli kinomuzun inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün tamaşaçılar tərəfindən maraqla seyr edilən, insanların hafizəsinə öz möhrünü vurmuş "Dəli Kür", "Uzaq sahillərdə", "İstintaq", "Bir cənub şəhərində", "Nəsimi", "Babək" "Axırıncı aşırım" filmlərinin yaranmasında sovet senzurasından keçirilməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə kino istehsalı, demək olar ki, dayanmışdı. Yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dövlət sifarişi ilə filmlərin istehsalına başlandı, kinostudiyanın fəaliyyəti bərpa olundu, Dövlət Film Fondu yaradıldı. Bütün bunlarla yanaşı, ölkədə beynəlxalq kinofestivallar keçirildi.

Ölkəmizdə heykəltəraşlıq, rəssamlıq, xalçaçılıq sənəti Ulu Öndərin hakimiyyəti illərində özünün əsl inkişaf mərhələsini keçib. Həmin dövr rəssamlarımızın əsərlərinin beynəlxalq sərgilərdə nümayişi üçün dövlət dəstəyi əskik olmazdı. Xalçaçılığa göstərilən qayğıkeşlik nəticəsində isə ölkəmizdə xalçaçı rəssamlar nəsli yetişmişdi.

Ulu Öndərin hakimiyyəti illərində rayonlarda mədəniyyət saraylarının, musiqi məktəblərinin, teatr binalarının tikintisinə xüsusi önəm verilir, muzeylər inkişaf etdirilirdi. Bu illər həmçinin milli kadrların hazırlanmasına xüsusi diqqət göstərilir, onların mükəmməl mütəxəssis olmaları üçün xarici ölkələrin ali təhsil ocaqlarında təhsil almalarına şərait yaradılırdı.  Ümumiyyətlə, bu gün mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğıkeşliyindən pay almamış olsun.

xoş ki, Ulu Öndərin ənənələri bu gün yaşayır, inkişaf edir, uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev milli mədəniyyətimizin qorunub saxlanılmasının gələcək nəsillərə çatdırılmasının qarantı kimi çıxış edir. Heydər Əliyev Fondu ulularımızdan bizə miras qalan mədəniyyət incilərimizin mühafizəsi bu qiymətli sərvətin gələcək nəsillərə əmanət edilməsi yönündə məqsədəyönlü aparır.

 

Elşən QƏNİYEV

 

Azərbaycan.- 2022.- 8 may.- S.12.