Rayonumuz tezliklə yenidən "Qızıl Zəngilan"a
çevriləcək
Zəngilan füsünkar təbiətə malikdir. 5 qəsəbə və 79 kəndi olan rayonumuz Azərbaycanın cənub-qərbində strateji cəhətdən əhəmiyyətli ərazidə yerləşir. Zəngilan zəngin təbiətə malik olmaqla yanaşı, təbii iqlim şəraitinə və münbit torpağına, eləcə də meşələrinə və hər növ bitki örtüyünə görə fərqli diyardır.
İşğala qədər rayon əhalisi əsasən tütünçülük və üzümçülüklə məşğul olmuşdu. Zəngilanda heyvandarlıq, ipəkçilik və taxılçılıq da inkişaf etmişdi. Bütün bunlara görə rayon "Qızıl Zəngilan" adı ilə tarixə də düşmüşdü.
Təəssüf ki, Prezident İlham Əliyevin Zəngilan rayonuna xüsusi nümayəndənin təyin olunması ilə bağlı videoformatda qəbul etdiyi görüşdə dediyi kimi, Zəngilan işğal zamanı digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçıları Zəngilanı yerləyeksan etmiş, rayonda, demək olar, bir dənə də salamat kənd qoymamışdır. Bütün bunlar bir daha erməni vandalizminin sifətini bütün dünyaya göstərir.
Prezident xüsusi nümayəndəsini təyin edərkən vacib tövsiyələrini verməklə yanaşı, Zəngilan ərazisinin beynəlxalq əhəmiyyətindən danışmış və bu bölgənin qısa müddətdə yenidən qurulumasının region üçün əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır. Dövlət başçısı işğal zamanı mənfur düşmən tərəfindən Zəngilan rayonunda bütün tarixi-dini abidələrimizin də ermənilər tərəfindən dağıdıldığını bir daha vurğulayaraq Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə artıq həmin abidələrin bərpası işinə start verildiyini diqqətə çatdırmışdır. Prezident həmçinin azad edilmiş ərazilərin bərpası zamanı birinci pilot layihənin məhz Zəngilanın Ağalı kəndində həyata keçirildiyinə toxunmuş və bildirmişdir ki, bu kənd faktiki olaraq yenidən qurulur və keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar.
Bəli, bu gün bütün Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu prioritet məsələdir. Cari il Zəngilan Beynəlxalq Hava Limanının istismara verilməsi gözlənilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək.
Sözügedən qəbulda Zəngəzur dəhlizinin artıq reallıq olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolunun nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəyini, eyni zamanda beynəlxalq yükdaşımalar üçün yeni bir yol olacağını diqqətə çatdırmış, artıq ərazidə əhalinin rahatlığı üçün dörd və altızolaqlı avtomobil yolunun sürətlə inşa edildiyini və bu yolun hissə-hissə istifadəyə verilməsinin gələn ildən başlayacağını bildirmişdir. Yeri gəlmişkən xatırladaq ki, işğal dövründə işğalçı ölkə Zəngilandan keçməklə Ermənistandan Cəbrayıla birzolaqlı kənd yolu çəkmək istəyirdi. Amma qələbəmiz onların bu niyyətini də gözlərində qoydu.
Lakin əvəzində bu gün Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkilir. Bu yol həm məsafə, həm də rahatlıq baxımından beynəlxalq magistrallardan geri qalmayacaq. Əlavə olaraq, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına yeni yol çəkilir ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan rayonları birləşdirəcək.
Dəmir yolu çəkilişində də işlər sürətlə davam edir. Horadizdən Ağbəndə çəkilən dəmir yolunun gələn il istismara veriləcəyi gözlənilir. Bu yol beynəlxalq yükdaşımalar üçün əlverişli marşrut olacaq.
Zəngilanda digər vacib məsələ əhalinin məşğulluğunun təminatıdır. Dövlət başçısı da sözügedən qəbulda keçmiş məcburi köçkünlərin öz dogma yurdlarına qayıdan zaman bu məsələyə xüsusi diqqət veriləcəyini, azad edilmiş rayonların təbii iqlim və coğrafiyasının heyvandarlıq və əkinçiliklə məşğul olmaq üçün əlverişli olduğunu demişdir. Prezident həmçinin Zəngilanda da bu sahəyə ciddi fikir verildiyini və pilot layihə kimi birinci aqroparkın məhz burada yaradılmasının təsadüfi olmamasını bildirmişdir.
Bildiyimiz kimi, Ermənistan işğal dövründə torpaqlarımızın ekologiyasına da böyük zərər vurmuşdur. 50-60 min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. O cümlədən Zəngilan rayonunda meşələrin kütləvi surətdə qırılması nəticəsində təbiətə çox böyük ziyan vurulmuşdur. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi olan Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilmişdir. Eyni zamanda mənfur düşmən tərəfindən Zəngilandakı Vejnəli qızıl yatağı vəhşicəsinə istismar olunmuşdur. Zəngilanın ərazisindən keçən Oxçuçay çayının ekoloji terrora məruz qalması da göz qabağındadır. Azərbaycanın bu kimi cinayətlərə göz yummayacağını bildirən Prezident düşmənin təbiətə vurduğu ziyanın təzminatını mütləq ödəyəcəyini əminlikdə qeyd etmişdir. Buna baxmayaraq, Zəngilanın qısa müddətdə böyük turizm bölgəsi olacağına inandığını deyən dövlət başçısı rayonda bu istiqamət üzrə təxirəsalınmaz işlərin başlanmasının vacibliyini vurğulamışdır.
Biz zəngilanlılar inanırıq ki, qısa zamanda öz doğma ata-baba torpaqlarımıza qayıdaraq bir zamanlar "Qızıl Zəngilan" adını almış bu füsünkar diyarın adını özünə qaytaracağıq.
Natiq QULUZADƏ,
YAP Zəngilan rayon təşkilatının
sədri
Azərbaycan.- 2022.- 8 may.- S.13.