Əbədi olaraq Azərbaycanla birlikdə  

 

Azərbaycanın özü qədər əbədi

 

"Nə qədər ki, Azərbaycan var,  mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!"

 

Ulu Öndər Heydər Əliyev

 

Azərbaycanın zəngin dövlətçilik ənənələri, bu ənənələri yaradan və yaşadan böyük xalqı, doğma xalqının tarixinə öz adını əbədi yazdıran qəhrəman övladları, dahi şəxsiyyətləri var. Ulu Öndər Heydər Əliyev onların arasında xüsusilə seçilir: təkcə ona görə yox ki, iki müxtəlif ictimai-siyasi formasiyada misilsiz liderlik keyfiyyətləri nümayiş etdirərək xalqına və ölkəsinə tarixi nailiyyətlər qazandırmışdır, həm də ona görə ki, özünəməxsus müdrikliklə yaxın və uzaq gələcəyi düşünərək müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün möhkəm və sarsılmaz bünövrə yaratmışdır.

Ulu Öndər əgər respublikaya rəhbərliyinin birinci dövründə - sovet hakimiyyəti illərində milli potensialın bütün spektrini - coğrafi, iqtisadi, mədəni, mənəvi imkanları Vətənin hərtərəfli inkişafına, xalqın rifahının yüksəlişinə yönəldərək Azərbaycanı tərkibində olduğu ittifaqın özünə güvənən nüfuzlu subyektinə çevirmişdirsə, qüdrətli çiyinlərinə daha ağır yük götürdüyü ikinci dövrdə - müstəqillik illərində ölkəni parçalanmaq, dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmiş, demokratik prinsiplərə, azad iqtisadi münasibətlərə əsaslanan suveren, hüquqi dövlət quruculuğu prosesini uğurla həyata keçirmişdir.

Əlbəttə, 99 il əvvəl qədim Naxçıvanda sadə, zəhmətkeş bir ailədə dünyaya göz açan, uşaqlığı əyalət şəhərində keçən və iş fəaliyyətinə hələ yeniyetmə ikən dövlət qulluğunda başlayan Heydər Əliyevin sonralar nəhəng bir ölkənin rəhbərlərindən olması, dünya miqyasında şöhrət qazanaraq öz xalqını  şərəfləndirməsi, onun əsl lideri kimi  çox mürəkkəb və məsuliyyətli missiyanı şərəflə yerinə yetirməsi, özü əbədiyyətə qovuşduqdan sonra da ölməz ideyaları ilə müstəqil Azərbaycanın zəfər yolunu işıqlandırması, könüllərdə və yaddaşlarda tükənməz sevgi ilə həmişəlik yaşaması Uca Tanrının ona nəsib etdiyi bənzərsiz bir taledir, xoşbəxtlikdir. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam," - Ulu Öndər həyat amalını belə ifadə etmişdir və bu amala daim sadiq olmuşdur.

Bu gün əminliklə deyə bilərik ki, Vətənimiz, xalqımız və dövlətimizlə bağlı arzularının gerçəkləşməsindən Heydər Əliyevin müqəddəs ruhu şaddır. Ulu Öndər axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri qüdrətli siyasi varisi İlham Əliyevin başa çatdıracağına inanırdı və bu inamın doğrulduğuna bütün dünya şahiddir.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də xoşbəxtdir ki, ata vəsiyyətini yerinə yetirdi - özünün hərbi-siyasi, diplomatik qətiyyəti, rəşadətli ordumuzun gücü və qüdrəti ilə torpaqlarımızı işğaldan azad edərək xalqımıza və dövlətimizə Zəfər sevinci yaşatdı...

 

İqtisadi dirçəlişdən mənəvi oyanışa doğru

 

Heydər Əliyev fenomeninin xalqımızın tarixi taleyinin müəyyənləşməsində müstəsna rolu barədə fikir söyləyərkən mütləq ötən əsrin altmışıncı illərini yada salmalıyıq. O illəri ki, zəngin təbii resursları, zəhmətkeş əhalisi olan Azərbaycan keçmiş SSRİ-nin iqtisadi və mədəni tənəzzül keçirən əyalətlərindən biri sayılırdı. Respublikanın siyasi rəhbərliyi dövrün ideoloji buxovlarından xilas olmaqda, milli mənafeləri qorumaqda çətinlik çəkir, mövcud iqtisadi potensialdan xalqın güzəranının yaxşılaşdırılması üçün hərtərəfli istifadə olunmasına təşəbbüs göstərmirdilər.

Həmin dövrdə sərt və ciddi rejimli təşkilat olan dövlət təhlükəsizliyi orqanının sıralarında Heydər Əliyev kimi vətənpərvər, millət təəssübü çəkən, analitik təfəkkürə və parlaq zəkaya malik bir rəhbərin, əsl sərkərdənin yetişməsinin xalqımızın nicatı üçün müstəsna əhəmiyyəti vardı. Sadə bir ailədən çıxmış azərbaycanlı gəncin bu orqanlarda vəzifə pillələri ilə irəliləməsi, general rütbəsinə yüksəlməsi təsəvvürə gəlməyəcək dərəcədə çətin iş idi. Belə bir işin öhdəsindən gəlmək üçün polad iradə, dərin bilik, misilsiz işgüzarlıq, çevik siyasi düşüncə, ən mürəkkəb vəziyyətlərdə qəti və düzgün qərar qəbul etmək bacarığı tələb olunurdu ki, Heydər Əliyev bütün bu xüsusiyyətlərə malik idi.

1969-cu ilin iyulunda bu dahi şəxsiyyətin respublika rəhbəri seçilməsi Azərbaycanın taleyində və tarixində dönüş nöqtəsi oldu. Onun hakimiyyətə gəlişi ilə cəmiyyətdə də, iqtisadiyyatda da, mədəniyyətdə də böyük canlanma, dirçəliş, işgüzarlıq və yaradıcılıq əhvali-ruhiyyəsi yarandı. Respublikanın cavan və enerjili rəhbərinin təşəbbüsü və təşkilatçılığı ilə aparılan quruculuq işlərinin miqyası və vüsəti qısa vaxtda Azərbaycanı keçmiş ittifaqın ən inkişaf etmiş və ən nüfuzlu respublikasına çevirdi. Onun təşəbbüsü ilə xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi milli ruhun və özünüdərkin oyanışını şərtləndirdi. Heydər Əliyev milli qürur hissinin güclənməsini, milli şüurun yüksəlməsini sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində vüsətli inkişafın təkanverici qüvvəsi kimi gördüyündən, bu qüvvəni böyük bir cəsarətlə hərəkətə gətirməyi bacardı.

Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, məhz Heydər Əliyevin respublika rəhbəri kimi 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün münbit zəmin yaratmışdır. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Müasir Azərbaycanın sosial-iqtisadi inkişafının tarixi köklərini araşdıranlar belə bir qənaətdə haqlıdırlar ki, 1969-1982-ci illər Heydər Əliyevin coşqun və yorulmaz fəaliyyəti sayəsində aparılan dəyişikliklərin miqyasına görə, ictimai və iqtisadi sahədəki dərin islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə xalqımızın və ölkəmizin quruculuq salnaməsinin, sözün həqiqi mənasında, ən parlaq səhifələridir. Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası məhz həmin illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.

Gənc yaşlarından dövlət qulluğunda çalışan, uzun müddət təhlükəsizlik və xüsusi xidmət orqanında operativ və analitik fəaliyyətlə məşğul olan Heydər Əliyev sovet idarəçilik sisteminə dərindən bələd idi və respublikanın inkişafına maneə yaradan amilləri qabaqcadan müəyyənləşdirərək aradan qaldırmaqda, mərkəzi hakimiyyəti öz təşəbbüslərinin vacibliyinə və ümumi faydalılığına inandırmaqda yetərincə çeviklik nümayiş etdirir, istəyinə çatmağı bacarırdı. Məhz bu təşəbbüskarlıq sayəsində respublikamızda elektrotexnika, elektronika, cihazqayırma, dəzgahqayırma kimi mütərəqqi sahələrdə yüzlərlə iri müəssisə yaradılmış, energetika, neft kimyası, tikinti sənayesinin inkişafı sürətlənmiş, neft maşınqayırması və neftayırma zavodları modernləşdirilmişdi. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu, respublikamızda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Təkcə paytaxt Bakıda deyil, bütün rayonlarda böyük tikinti-quruculuq işləri aparılırdı, şəhər və kəndlərimizin siması tamamilə dəyişirdi.

Respublikanın iqtisadi asılılıqdan çıxarılması, müstəqil istehsalat sahələrinin formalaşdırılması, sənaye potensialının artırılması ilə yanaşı, ən yüksək səviyyədə təhsil almış savadlı və təəssübkeş milli kadrlar korpusunun yaradılması, özü də təkcə iqtisadi və mədəni istiqamətlər üzrə deyil, həm də hərbi istiqamətdə azərbaycanlı mütəxəssislərin hazırlanması Ulu Öndərin müdrikcəsinə gələcəyə, Azərbaycanın müstəqilliyinə yönələn niyyət və planlarının mühüm elementləri idi.

 

Təhsil millətin gələcəyidir

 

Bu fəlsəfi qənaətini söyləyərkən Ulu Öndər Heydər Əliyev tarixi təcrübəyə əsaslanır, təhsili hər bir xalqın inkişafını, hər bir ölkənin tərəqqisini şərtləndirən ən mühüm amil kimi dəyərləndirirdi. Ötən əsrin 70-ci illərində Azərbaycanda kifayət qədər ali təhsil müəssisələri olduğu halda respublika gənclərinin Sovet İttifaqının ən qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsi millətin gələcəyi üçün çox vacib idi. Sonsuz fəxarət hissi ilə deyə bilərəm ki, Ulu Öndərin xeyir-duası ilə bu məqsədlə Moskvaya göndərilən minlərlə gənclər arasında mən də olmuşdum.

O illərdə belə nüfuzlu ali məktəblərə qəbul edilmək biz gənclər üçün böyük şərəf idi. Bu istiqamətdə atılan addımların hansı qlobal məqsədə xidmət etdiyi barədə təsəvvürümüz olmasa da, üzərimizə düşən məsuliyyəti - Azərbaycan üçün gərəkli mütəxəssis kimi yetişməyin əhəmiyyətini dərk edir, respublika rəhbərinin xeyir-duasından daha da ruhlanırdıq. Ulu Öndərin bu mühüm təşəbbüsü  1970-80-ci illərdə keçmiş SSRİ-nin 50-dən çox şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın iqtisadiyyatı, elm, təhsil və mədəniyyətinin inkişafına xidmət edəcək 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssis kimi yetişməsinə imkan və şərait yaratmışdır. Ən maraqlısı isə odur ki, Ümummilli Liderin uzaqgörənliyi sayəsində məhz Azərbaycanın o dövrdə, elə gələcəkdə də ehtiyac duyduğu, bizim ali məktəblərdə mövcud olmayan 250-dən çox ixtisas üzrə kadrlar hazırlanmışdır.

Əminəm ki, əgər sovet dövründə xarici ölkələrdə təhsil almağa imkan verilsəydi, Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın Harvard, Oksford və s. kimi nüfuzlu ali məktəblərində təhsil almasına nail olardı.

Şübhəsiz, Heydər Əliyevin nüfuzlu ali məktəblərdə kadr hazırlığı sahəsində apardığı siyasətin vacib istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsidir. Məlumdur ki, hələ 1972-ci ildən etibarən Ulu Öndər hər il yüzlərlə azərbaycanlı gənci SSRİ-nin böyük təcrübəyə malik ali hərbi təhsil məktəblərinə oxumağa göndərmişdir. O illərdə məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə, böyük çətinliklərlə Bakıda C.Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır.

Amma bu təşəbbüslər irəli sürüləndə, milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetiriləndə heç kim təsəvvür edə bilməzdi ki, 2020-ci ilin bir payız günündə yüngül silahlarla Şuşanın sıldırım qayalarına dırmaşan Azərbaycan Ordusuna məhz Heydər Əliyevin xeyir-duası ilə hərbi təhsil almış milli kadrlar rəhbərlik edəcək. Və bu kadrlar onun oğlu olan Müzəffər Ali Baş Komandanın əmrləri ilə xalqımızın Şuşa həsrətinə son qoyacaq.

Ulu Öndərin uzaqgörən təşəbbüsü ilə reallaşan milli kadr hazırlığı siyasəti özünü təkcə Qarabağın azad edilməsi sahəsində deyil, bütün istiqamətlərdə göstərdi. Azərbaycanın müstəqillik illərinin sosial-iqtisadi tərəqqisinin kökündə də vaxtilə Heydər Əliyevin nüfuzlu ali məktəblərdə oxumağa göndərdiyi mütəxəssislərin yüksək təhsili, peşəkarlığı və işə məsuliyyətlə yanaşma bacarığı dayanırdı.

Onu da qeyd edək ki, Azərbaycanda müstəqil dövlət quruculuğu dövründə də Ulu Öndər təhsil siyasətini ən yüksək tələblər, zamanın və dünyanın trendlərinə uyğun qurur, təhsil sisteminin inkişafına və müasirləşməsinə, gənclərin elm və biliklərə dərindən yiyələnməsinə dövlət dəstəyinin daim artırılmasına xüsusi diqqət yetirirdi. Bu siyasəti Prezident İlham Əliyev də uğurla davam etdirir. Azərbaycan gənclərinin xaricdə təhsil alması bu gün də dövlətin təhsil siyasətinin prioritetləri sırasındadır.  2007-2015-ci illəri əhatə edən müvafiq dövlət proqramının icrası başa çatdırılmış, bu illərdə 5 min nəfər gənc həmvətənimizin xaricdə təhsil almasına şərait yaradılmışdır. Hazırda "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" icra edilir.

 

Vətən və xalq naminə fədakarlıq

 

Şəxsiyyətin tarixdə rolu barədə müxtəlif fikirlər, nəzəriyyələr var: böhran vəziyyətində yalnız dahi, cəsarətli, uğurlu şəxslərin həlledici söz demək, qərar qəbul etmək imkanının olduğunu söyləyənlər, yəqin ki, yanılmırlar. Belə bir qənaət də həqiqəti əks etdirir ki, xalqı inandırmağı, öz arxasınca aparmağı, onun gücünü qarşıya qoyulan məqsədə səfərbər etməyi bacaran şəxslər əsl liderlik səviyyəsinə yüksəlir, tarixin gedişinə təsir göstərə bilirlər. Belə şəxsiyyətlər bəzən həyatlarını riskə məruz qoyur, lideri olduğu toplumun ideallarını gerçəkləşdirmək üçün fədakarlıqlar göstərirlər.

Möhtərəm Prezident cənab İlham Əliyevin Ulu Öndər haqqında fikirləri onun Azərbaycan tarixindəki rolunu dəqiq ifadə edir: "Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur".

Ulu Öndərin dövlət təhlükəsizliyi sistemindəki fəaliyyəti və respublikaya rəhbərliyinin birinci dövründə, eləcə də ittifaq dövlətində ali vəzifə tutduğu və hətta istefaya göndərilib təqib edildiyi vaxtlarda Vətən və xalq naminə göstərdiyi fədakarlıqlar tarixin yaddaşına böyük cəsarət və hünər nümunəsi kimi yazılmışdır.

Azərbaycanın müstəqil düşüncəli, sovet ideologiyasına zidd fikirlər söyləyən, bəzi hallarda mövcud siyasi quruluşun əleyhinə çıxan, onu dəyişdirmək niyyətinə düşən gənclərinin, ziyalılarının repressiya və təqiblərdən qorunması üçün özünün dövlət təhlükəsizliyi orqanındakı karyerasını təhlükə qarşısında qoyması barədə həqiqətlər o hadisələrin real qəhrəmanlarının sonralar ictimailəşdirilən xatirələrindən bizə yaxşı məlumdur. Azərbaycan dilinin respublikanın sovet Konstitusiyasında dövlət dili statusunda təsbit edilməsi, ermənilərin torpaq iddialarının və separatçılıq hərəkətlərinin, Qarabağın baş tacı, mədəniyyət paytaxtımız olan Şuşanın milli identikliyinə sui-qəsd cəhdlərinin qarşısının qətiyyətlə alınması, SSRİ rəhbərliyində türk respublikalarının mənafeyinə toxuna biləcək qərarların qəbuluna imkan verməməsi, 20 Yanvar hadisələri zamanı xalqını  cəsarətlə müdafiə etməsi və Moskvanın imperiya siyasətinə etiraz əlaməti olaraq, hələ də hegemonluğunu saxlayan Kommunist Partiyasının sıralarından çıxması və digər cəsarətli addımları Heydər Əliyevi Vətən və xalq naminə istənilən fədakarlığa hazır qüdrətli şəxsiyyət və lider kimi səciyyələndirir.

Nə qədər ki, Azərbaycanın böyük oğlu siyasi hakimiyyətdə idi, erməni millətçiləri mənfur niyyətləri - torpaq iddiaları barədə açıq-aşkar danışmağa, onu gerçəkləşdirmək üçün fəal hərəkətə keçməyə qorxur, çəkinirdilər. Lakin artıq keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun himayəsində özlərinə yer tapa bilmiş, onun dəstəyi ilə Qarabağın dağlıq hissəsini ələ keçirmək üçün planlar qurmuşdular. Məhz Qorbaçov hakimiyyətinin  yürütdüyü ermənipərəst siyasətlə barışmayaraq Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən və Kommunist Partiyasının ali orqanı olan Siyasi Bürodan istefa verdi.

Bundan cəmi bir neçə gün sonra M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri bədnam A.Aqanbeqyan Fransanın "Humanite" qəzetinə müsahibə verərək Qarabağın savaş meydanına dönməsinin əsasını qoydu. Onun bu bölgənin dağlıq hissəsinin Ermənistana birləşdirilməsinin məqsədəuyğunluğu və sovet rəhbərliyində razılıqla qarşılanması barədə çürük fikirlərindən impuls alan separatçılar  Ermənistanın rəhbərliyi ilə birlikdə Azərbaycanın tarixi ərazilərini ələ keçirmək üçün hərəkətə keçdilər. Bu elə bir dövr idi ki, respublikamızda  mövcud siyasi hakimiyyətdə olanlar ölkədə gedən prosesləri idarə etmək qabiliyyəti göstərə bilmirdilər. Mitinqlər, itaətsizlik, sabotaj, dezinformasiya, saxtakarlıqlar və riyakarlıqlarla müşayiət olunan separatizm hərəkatı tezliklə Azərbaycanda ictimai-siyasi vəziyyəti tarazlıqdan çıxararaq sabitliyin pozulmasına, xalqımızın haqlı etirazına, hiddət və qəzəbinə səbəb oldu. Beləliklə, respublikada qarışıqlıq, hərc-mərclik və bütün bunların məntiqi nəticəsi olaraq siyasi, iqtisadi, sosial tənəzzül dövrü başladı. Belə bir ağır zamanda Vətəndən uzaqda yaşasa da, hər cür təqiblərə məruz qalsa da, Heydər Əliyevin qəlbi daim Azərbaycanla döyünür, o, burada baş verən mənfi prosesləri dərin narahatlıq hissi ilə izləyir, öz kəskin və qətiyyətli mövqeyini heç nədən çəkinmədən  ifadə edirdi.

Sovet rəhbərliyinin ədalətsiz və xəyanətkar mövqeyini, respublikamızın ərazi bütövlüyünə yaranan təhlükəni, Qarabağda baş qaldırmış separatçılığı qəzəblə qarşılayan xalqımız milli azadlıq hərəkatına səfərbər oldu. Bu hərəkatın qarşısını almaq üçün sovet imperiyasının xüsusi xidmət orqanları  Azərbaycan ərazisində təxribatlar törədərək hərbi qüvvələrin 1990-cı ilin 20 yanvarında Bakıya və digər şəhərlərə silahlı və amansız müdaxiləsinə zəmin yaratdılar. Dinc əhalinin qırğına məruz qalması ilə nəticələnən bu bəşəri cinayət barədə həqiqətlərin dünyaya çatdırılmasında Ulu Öndər Heydər Əliyev müstəsna rol oynadı. Faciənin baş verdiyi gecənin səhəri günü xalqımızın böyük oğlu, səhhətində problemlər olmasına baxmayaraq, həyatını son dərəcə təhlükə altında qoyaraq ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlib, orada geniş mətbuat konfransı keçirdi, sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi qətliama qarşı öz etiraz səsini ucaltdı, baş vermiş hadisələri Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayət adlandırdı. Bu,  faktiki olaraq  20 Yanvar qırğınına verilmiş ilk siyasi qiymət idi.

Sovet idarəçilik sisteminə dərindən bələd olan Ulu Öndər yaxşı bilirdi ki, çox böyük təzyiqlərə, təqiblərə məruz qalacaq. 20 Yanvar faciəsi ilə bağlı verdiyi sərt bəyanatdan, tutduğu prinsipial mövqedən sonra Heydər Əliyevə qarşı hər cür qarayaxma, şər, iftira kampaniyası daha da gücləndi. Lakin bütün bu çirkin, təxribatçı addımlar onu yolundan döndərə bilmədi, əksinə, Kommunist Partiyasını könüllü surətdə tərk etməsinə səbəb oldu.

 

Müstəqil dövlət quruculuğu - müqəddəs missiya

 

Müdrik və uzaqgörən siyasətçi, dünyagörmüş və təcrübəli dövlət adamı kimi Heydər Əliyev SSRİ-nin süqutunun yaxınlaşdığını görürdü. Elə buna görə də Moskvada üzləşdiyi, Bakıya dönüşündən sonra daha şiddətlə davam edən təqib və təzyiqlərə görə Ulu Öndər ata-baba yurduna, doğma Naxçıvana gəlib, burada səmimi və qədirbilən insanların əhatəsində rahat yaşamağı qərara aldı. Ulu Öndər Naxçıvanda böyük izdihamla qarşılandı. Əhalinin hər bir təbəqəsindən olan minlərlə Azərbaycan vətəndaşı bu torpağın əziz, doğma övladı kimi Vətəninə qayıtmış Heydər Əliyevə ehtiramını bildirməyi özünə borc bilirdi. Heydər Əliyevin qayıtması respublika əhalisində böyük ruh yüksəkliyi, gələcəyə inam yaratdı.

Muxtar respublikanın düşdüyü böhran vəziyyətində Ulu Öndər vətənpərvər, azadlıqsevər yerli əhalinin istəyi və arzusu ilə yenidən siyasi fəaliyyətini bərpa etməli, deputat kimi təkcə seçicilərinin deyil, bütün xalqın səsini cəmiyyətə və hakimiyyətə çatdırmaq missiyasını yerinə yetirməli oldu. Onun Azərbaycan parlamentindəki müdrik çıxışları, Naxçıvan Ali Məclisinin sədri vəzifəsində qəbul etdiyi qərarlar və üçrəngli bayrağımıza yeni həyat verməsi Azərbaycanın suverenliyi yolunda atılan ilk addımlar kimi tarixin yaddaşına həmişəlik həkk olunmuşdur.

Tarixin və taleyin qisməti olaraq, 1991-ci ildə öz suverenliyini bərpa edən Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması Böyük Öndərimizin adı ilə bağlıdır. Çünki əsl müstəqillik 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışı ilə gerçəkləşmişdir. Müstəqil dövlətimizin qurtuluşu bu hadisənin ən mühüm nəticəsidir.

Ulu Öndər ömrünün ahıl çağında yenidən böyük siyasətə qayıdaraq, sözün həqiqi mənasında, xalqına, onun ideallarına və taleyinə sahib çıxdı. Vətən darda idi, milli dövlətçilik itirilmək təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən də azğın düşmən xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı zəbt edir, yüz minlərlə həmvətənimizi deportasiyaya məruz qoyur, doğma el-obasından qovurdu, xalqımızın məşəqqətli qaçqınlıq, köçkünlük problemi günbəgün dərinləşirdi. Üstəlik, müharibəyə tam hazırlıqlı olan düşmənin qarşısına çıxan mərd oğul-qızlarımız qeyri-bərabər döyüşlərdə şəhid düşürdülər. Erməni faşistləri xalqımıza qarşı amansız cinayətlər törədir, mədəni-mənəvi və tarixi irsimizi məhv edirdilər. Bütün sahələrdə görünməmiş böhran hökm sürür, separatçılıq meyilləri cənub və şimal ərazilərimizə də sirayət edir, silahlı üsyan nəticəsində hakimiyyətə gəlmiş, qarşılaşdığı vəziyyətdə başını itirmiş, siyasi naşılığı səbəbindən digər qonşu dövlətlərin də qəzəbini üzərinə çəkən AXC-Müsavat cütlüyü yeni müstəqillik qazanmış dövləti uçuruma, xalqı vətəndaş müharibəsinə aparırdı. 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev o dövrün  tarixi gerçəkliyinə çıxışlarının birində münasibət bildirərkən demişdir: "Dünyada bir çox ölkələr var ki, onların müstəqilliyə aid olan bütün atributları mövcuddur, ancaq onlar müstəqil siyasət aparmaq iqtidarında deyillər. Müstəqilliyimizin ilk illərində və 1993-cü ilə qədər vəziyyət buna bənzər idi.  …Neqativ proseslər, böhranlı vəziyyət, idarəolunmaz vəziyyət, hərc-mərclik, iqtisadi və siyasi böhran ölkənin müqəddəratını şübhə altına qoyurdu. Məhz o illərdən iki il keçəndən sonra Azərbaycan xalqı müstəqilliyi yenə də itirə bilərdi, - necə ki, 1920-ci ildə. Azərbaycan xalqının müdrikliyi sayəsində Ulu Öndər Heydər Əliyevin rəhbərliyə gəlməsi nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və 1993-cü ildən başlayaraq öz inkişaf dövrünü yaşayır".

Xalqın bütün  təbəqələrinin yekdil və təkidli istəyi, vəziyyətdən çıxış yolu tapa bilməyən mövcud iqtidarın xahişi ilə Heydər Əliyev Vətəni və xalqı naminə, müstəqilliyimizin itirilməməsi naminə Bakıya gəlib ölkəyə rəhbərliyi öz üzərinə götürməyə razılıq verdi, müstəqil dövlətimizi qurmağa, onun hərtərəfli tərəqqisi üçün təməl qoymağa başladı. Qismətinə Ulu Öndərimizi Bakı aeroportunda qarşılamaq düşmüş bir insan kimi, o dövrün hadisələri xatirəmdədir. O zaman hər birimiz Heydər Əliyevin gəlişinin böyük qurtuluşun başlanğıcı olduğuna tam əmin idik. Azərbaycanın qurtuluşu nəticəsində daxili ictimai-siyasi vəziyyətin sabitləşdirilməsi istiqamətində mühüm addımlar atıldı, vahid komandanlıq altında nizami ordu quruculuğuna başlandı, bütün qanunsuz silahlı birləşmələr tərk-silah edildi. Tezliklə müharibənin gedişində dönüş yarandı. Azərbaycan Ordusu əks-hücum əməliyyatları keçirərək düşmənə ağır zərbələr endirdi. Silahlı qüvvələrimizin keçirdiyi bu  uğurlu əməliyyatlar döyüş meydanında dönüşə səbəb olaraq 1994-cü ilin mayında atəşkəs müqaviləsinin imzalanmasına imkan verdi. Atəşkəs ölkəmizdə ordu quruculuğunun aparılması, bugünkü Zəfərimizin təməlinin qoyulması üçün bir fürsət oldu.

Ulu Öndər iqtidarı xalqla, xalqı iqtidarla birləşdirərək, cəmiyyətdə birliyi və yekdilliyi təmin etdi. Bu zaman onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası ölkənin siyasi avanqardı kimi xalqın vahid məqsəd - müstəqil dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi uğrunda səfərbər olmasında mühüm rol oynadı.

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir", - deyən Heydər Əliyevin yeni dövlət quruculuğu strategiyası azad iqtisadi münasibətlər formalaşdırmaqla ölkədə maddi nemətlər bolluğuna nail olmaq, özəl təşəbbüslərə geniş meydan verən müasir tipli, mütərəqqi iqtisadi sistem qurmaq idi.

1990-cı illərin əvvəllərində Azərbaycanın düşdüyü  ağır iqtisadi böhrandan tezliklə çıxmağın yeganə yolu mövcud təbii sərvətlərdən, zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə etmək idi. Məhz Heydər Əliyevin müəyyənləşdirdiyi yeni neft strategiyası və uğurla həyata keçirilən iqtisadi islahatlar ölkəmizin sosial-iqtisadi inkişafı üçün münbit zəmin yaratdı.

Xəzərin Azərbaycan sektorunda  yerləşən "Azəri-Çıraq-Günəşli" neft yataqlarının işlənməsi üzrə dünyanın aparıcı neft şirkətləri ilə 1994-cü il sentyabrın 20-də bağlanmış misilsiz tarixi əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi" ölkə həyatında yeni dövrün başlanğıcı olmaqla bərabər, ölkə iqtisadiyyatının uzunmüddətli inkişafına, bütövlükdə ölkəmizin parlaq sabahına birbaşa yol açdı, ölkəmizə təkcə iqtisadi dividendlər gətirmədi, həm də onun dünya birliyində və beynəlxalq münasibətlər sistemində yerini və mövqeyini möhkəmləndirdi.

Müqavilənin hazırlanmasına və xarici tərəfdaşlarla məqsədyönlü, səmərəli iş aparılmasına o dövrdə Dövlət Neft Şirkətində Vitse-prezident vəzifəsində çalışan cənab İlham Əliyev çox sanballı töhfə vermişdir.

"Əsrin müqaviləsi"nin icrası yeni neft strategiyasının vacib elementlərindən olan çoxvariantlı ixrac modelinin formalaşdırılmasını şərtləndirdi. Ümummilli Lider bu günün reallıqları ilə qiymətləndirilərkən böyük uzaqgörənliklə mövcud Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri ilə yanaşı,  əsas ixrac boru kəmərinin marşrutunun Azərbaycandan Gürcüstan ərazisi ilə Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanına qədər çəkilməsini  müəyyən etmişdi. Lakin bu marşrutu çoxları reallaşdırılması mümkün olmayan, kommersiya baxımından səmərəsiz layihə və  xülya hesab edirdi. Layihəyə inanmayanlarla yanaşı, açıq-aşkar ona qarşı çıxanlar var idi. Layihənin beynəlxalq miqyasda bəzi ölkələrin və dairələrin iqtisadi mənafelərinə toxunduğu, açıq-aşkar əleyhdarlarının olduğu da böyük problemlər yaradırdı.  Lakin hər cür müqavimət, əngəl və təzyiqlərə baxmayaraq Heydər Əliyev yüksək nüfuzu, mətanəti və yenilməz iradəsi ilə bu transmilli layihənin əsasını qoydu və onun həyata keçirilməsinə bilavasitə başçılıq etdi.

Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi ilə ölkə iqtisadiyyatının sabit və davamlı inkişaf dövrü başlandı. Uzun müddət Ulu Öndərin müdrik rəhbərliyi altında işləmək şərəfinə nail olmuş bir şəxs və o dövrün hadisələrinin canlı şahidi kimi əminliklə deyə bilərəm ki, məhz "Əsrin müqaviləsi" ilə əsası qoyulan neft strategiyası ölkəmizin sosial-iqtisadi yüksəlişinə güclü təkan verməklə yanaşı, Azərbaycana beynəlxalq aləmdə böyük siyasi nüfuz qazandırdı. Zaman göstərdi ki, "Əsrin müqaviləsi"nin imzalanması həqiqətən də, gələcək əsrlərə hesablanmış bir addımdır. Avropanın enerji xəritəsini dəyişən, bütün Avrasiyanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edən "Cənub qaz dəhlizi"nin, "Yeni əsrin müqaviləsi"nin və bir çox digər layihələrin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin təməlində məhz Ümummilli Liderimizin banisi olduğu neft-qaz strategiyası durur.

Qlobal layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi ölkəmizin regionda aparıcı mövqelərə yiyələnməsi ilə yanaşı, dünyada baş verən siyasi və iqtisadi proseslərdə də çəkisinin artmasına səbəb olmuşdur.

Hələ qədim zamanlardan Asiya ilə Avropanın ticarət yolları qovşağında yerləşən Azərbaycan Ulu Öndərin təşəbbüsü ilə tarixi İpək yolunun bərpası çərçivəsində həyata keçirilən və geniş perspektivə malik Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması məqsədini daşıyan TRASEKA proqramının yaradıcılarından biri olmuşdur. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Bakı şəhərindəki Gülüstan sarayında tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş, tədbirin yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalanmışdır.

Bütövlükdə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası dövlətçilik və azərbaycançılıq strategiyasının reallaşdırılmasını təmin edən başlıca siyasi və iqtisadi amilə çevrilmişdir.

Bu strategiyaya uyğun olaraq sosial siyasət çərçivəsində həyata keçirilən    xüsusən aztəminatlı insanların sosial rifahına, qaçqın və məcburi köçkün ailələrinin güzəranının  yaxşılaşdırılmasına yönəlmiş tədbirlər ilə yanaşı, ölkənin iqtisadi potensialının gücləndirilməsi kimi dövlət qarşısında duran mühüm strateji vəzifələrin həlli təmin edildi. İstər sosial, istərsə də iqtisadi sahədə həyata keçirilmiş mühüm işlərlə yanaşı, ilk növbədə ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, ordu quruculuğu ilə paralel şəkildə aparılan və silahlı qüvvələrimizin ən mürəkkəb vəzifələri yerinə yetirməsinə imkan verən, ən müasir silah, sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmasına yönələn kompleks tədbirlər həyata keçirildi.    

Möhtərəm Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi 1993-2003-cü illər ölkəmiz üçün həlledici dövr idi. Məhz o illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuş, daxili və xarici siyasətlə bağlı strateji istiqamətlər müəyyən edilmiş, dünya birliyinə inteqrasiya təmin olunmuşdur.

Çox ciddi islahatların aparılması, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi ölkəyə böyük həcmdə investisiyaların cəlb olunmasına şərait yaratmışdır. Müstəqil dövlətimizin Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş,  ölkəmizin uğurlu inkişafının təməli qoyulmuşdur. Azərbaycan tarixində 1993-2003-cü illər sabitlik və tərəqqi dövrü kimi qalmışdır və həmin illər ərzində görülmüş işlər bu gün ölkəmizin uğurlu inkişafına xidmət göstərir.

Ulu Öndərin davamçıları onun siyasi xəttinə və vəsiyyətinə sadiqdirlər. Ölkəmizin indiki reallıqları bu yolun nə qədər düzgün olduğunu əyani şəkildə sübut edir.

 

Yola davamın Zəfər mərhələsi

 

Ulu Öndər xalqın qəlbində və yaddaşında özünə elə bir abidə ucaldıb ki, onun əzəmətini bir-birini əvəz edən nəsillərimiz daim görəcək, dəyərləndirəcək, müstəqil dövlətçilik ideyalarına sadiq olacaq, ölkəmizin inkişafı üçün məsuliyyətlə çalışacaqlar. Heydər Əliyev başladığı işləri cənab İlham Əliyevin rəhbərliyi ilə davamçılarının axıra çatdıracağına inamını 2003-cü ilin prezident seçkiləri ərəfəsində xalqa müraciətində uzaqgörənliklə ifadə etmişdir. Bu inamın və xalqın etimadının ən yüksək səviyyədə doğrulması Azərbaycanın hazırkı gücündə, qüdrətində, sosial-iqtisadi və mədəni inkişaf səviyyəsində, bir də 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdə öz təcəssümünü tapmışdır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış bu tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixində ən parlaq hadisədir. Bu yaxınlarda Dünya azərbaycanlılarının mədəniyyət paytaxtımız Şuşada keçirilən V qurultayındakı çıxışında cənab Prezident İlham Əliyevin söylədiyi fikirləri xatırlatmaq istəyirəm. Dövlətimizin başçısı demişdir: "Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik".

Qurultayın işğaldan azad edilmiş və vüsətli bərpa-quruculuq işlərinin aparıldığı Şuşada keçirilməsi böyük rəmzi məna daşıyırdı: bu il 270 illiyini qeyd edəcəyimiz qədim şəhər xalqımız üçün əziz, doğma məkandır, Qarabağın tarixən Azərbaycana məxsusluğunu rəmzləşdirən təbiət və mədəniyyət incisidir. Ötən əsrin 70-ci illərində Şuşanın sürətli inkişafı üçün Ulu Öndər Heydər Əliyev çox böyük işlər görmüş, xüsusi qərarlar qəbul etmiş, burada mədəniyyət xadimlərimizin xatirəsini əbədiləşdirmişdir.

Erməni faşizmi üzərində Qələbə məhz ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyevin apardığı köklü ordu quruculuğu ilə birbaşa bağlıdır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qəhrəman Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti ilə görüşdə bu faktı vurğulayaraq, 23 il əvvəl Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə bu ordu bölməsinin yaradılmasını böyük uzaqgörənlik kimi səciyyələndirmiş, Xüsusi Təyinatlı Qüvvələrin İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə özünü bir daha sübut etdiyini qürurla bildirmişdir.

Bütün sahələrdə Ulu Öndərin yolunu davam etdirən cənab Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən  münaqişənin siyasi-diplomatik yolla həlli üçün göstərdiyi böyük səylərlə paralel olaraq hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirərək, hazırda öz gücü, qüdrəti və döyüş təcrübəsi ilə dünyanın diqqət mərkəzində olan rəşadətli Azərbaycan Ordusunu formalaşdırmışdır. Ordumuz xalqımızın qüruru, onun sıralarında xidmət keçənlərin hər biri ən dəyərli vətəndaşlarımızdır.

Vətən müharibəsində əldə edilmiş Qələbə, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsgərinin qanı, canı bahasına və əməyi nəticəsində qazanılmışdır. Torpaqların işğaldan azad edilməsi uğrunda şəhidlər vermişik və onların hər birinin xatirəsi bizim üçün əzizdir, müqəddəsdir. Dövlətimiz və xalqımız bizə bu Qələbəni bəxş etmiş şəhidlərin adını uca tutur, onların xatirəsini əbədi yaşadır. Azərbaycan dövləti daim şəhid ailələrinə, müharibə əlillərinə və qazilərinə böyük qayğı ilə yanaşır. Müharibə əlillərinin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən mühüm qərarlar qəbul edilmişdir və operativ şəkildə icra olunur. Bu istiqamətdə işlər bu gün də ardıcıl şəkildə davam etdirilir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə Heydər Əliyev Fondu şəhid ailələrinin sosial-məişət problemlərinin həllinə mühüm dəstək göstərir, ixtisaslı yerli və xarici mütəxəssisləri cəlb etməklə cəbhədə yaralanmış əsgərlərimizin müalicəsini və reabilitasiyasını təşkil edir.

 

Qarabağa, Şərqi Zəngəzura həyat qayıdır

 

Qədim tarixə, unikal maddi və mədəni irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ otuz ilə yaxın dövrdə düşmən tərəfindən vəhşicəsinə istismar edilmişdir. İşğal olunmuş  ərazilərdə Azərbaycanla bağlı tarixi və mədəni irs tamamilə məhv edilmiş, yaşayış məntəqələrinin adları dəyişdirilmiş, regionun meşə örtüyü məqsədli olaraq məhv edilmiş, münbit torpaqlar, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qalmış, bölgənin təbii landşaftı ciddi deformasiyaya uğramış, qeyri-qanuni olaraq təbii sərvətlərin istismarı və mənimsənilməsi həyata keçirilmişdir.

Bu gün Prezident İlham Əliyev azad edilmiş torpaqlarımızda möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir. Azərbaycanın təcrübəsində bərpa və yenidənqurmanın nadir nümunəsi həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilər üzrə hazırlanmış Strateji Fəaliyyət Planına uyğun olaraq bütün ərazilərin,  şəhər, qəsəbə və kəndlərin bərpasının vahid konsepsiya əsasında bərpasına  başlanmışdır.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin  Sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılmış və bu çərçivədə işğaldan azad edilmiş ərazilərdə məsələlər mərkəzləşdirilmiş qaydada həll olunur.

İşğaldan azad edilmiş ərazilər bu gün bütövlükdə böyük bir tikinti meydanına çevrilmiş,  inşaat, quruculuq işləri ölçüyəgəlməz miqyas və vüsət almışdır.  Burada ilk növbədə həyat təminedici işlər, o cümlədən yol infrastrukturu, elektroenergetika, su təsərrüfatı, kənd təsərrüfatı, rabitə və digər sahələrdə işlər qurumlararası qarşılıqlı əlaqədə yüksək sürətlə həyata keçirilir.

Prezident İlham Əliyev imzaladığı "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" 2021-ci il 7 iyul tarixli Fərman ilə Azərbaycanın Zəfər salnaməsinin növbəti şanlı səhifəsini yazdı.

Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının daxil olduğu Şərqi Zəngəzur iqtisadi rayonunun, dağlıq və aran Qarabağa aid Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Ağcabədi və Bərdə rayonları da daxil olmaqla, Qarabağ iqtisadi rayonunun yaradılması yeni coğrafi, siyasi, iqtisadi reallıqların inikası olaraq Azərbaycan dövlətinin siyasi iradəsini təsdiq edir.

Postmüharibə dövrünün genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, yeni geosiyasi reallıqları Azərbaycana regional nəqliyyat-logistika qovşağı kimi güclü mövqe qazandırır. Eyni zamanda regionda kommunikasiya əlaqələrinin açılması bölgədəki bütün dövlətlərə fayda gətirəcək və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcək. Bu kontekstdə Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək bu dəhliz, eyni zamanda beynəlxalq yükdaşımaları baxımından da mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan münaqişə səhifəsini çevirməyə, sərhədlərin delimitasiyasına və demarkasiyasına, sülh sazişi üzrə danışıqların başlanmasına hazırdır. Bu gün Azərbaycan öz vəsaiti hesabına, heç kimdən asılı olmayaraq işğaldan azad edilmiş şəhər və rayonlarımızın  bərpası üzrə təsdiq olunmuş baş planlar əsasında intensiv şəkildə həyata keçirdiyi layihələrdə "ağıllı idarəetmə", "yaşıl enerji" konsepsiyasını gerçəkləşdirir, yüksək texnologiyalar və müasir yanaşmalar nümayiş etdirir.

Prezident İlham Əliyev azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir.

Fantastik sürətlə, cəmi 8 ay ərzində inşa edilmiş, "Qarabağın hava qapısı" - Füzuli Beynəlxalq Hava Limanı, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları, igid əsgər və zabitlərimizin Şuşaya adladıqları tarixi Zəfər yolu da daxil olmaqla, bugünədək inşa edilmiş 1000 kilometrədək avtomobil yolları, mürəkkəb relyefli ərazilərdə yüksək sürət və texnologiyalarla inşa edilən tunellər, yol ötürücüləri bölgənin inkişafına əhəmiyyətli təkan verməklə yanaşı, müasir tələblərə uyğun hərbi, siyasi və strateji əhəmiyyətli yol-nəqliyyat infrastrukturun yaradılmasına xidmət edir.

Prezident İlham Əliyevin başçılığı altında Şuşanın infrastrukturunun yenidən qurulması, mədəni-maarif obyektlərinin bərpası ilə mühüm layihələr yerinə yetirildikcə "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşa sürətlə dirçəlir, öz əvvəlki simasına qayıdır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən icra olunan genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri, məscidlərimiz  yüksək keyfiyyətlə bərpa olunur.

Ulu Öndər vaxtilə deyirdi: "Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir". Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2022-ci il Azərbaycan Respublikasında "Şuşa İli" elan edilmişdir.

Vaxtilə Ulu Öndər Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını vermiş və onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada məqbərənin açılışı olmuşdur.

2021-ci ildə Prezident İlham Əliyevin müharibədən sonra Şuşaya ilk dəfə səfəri də 14 yanvar tarixində baş tutmuşdur. Həmin səfər zamanı Prezident İlham Əliyev bundan 39 il əvvəl Ulu Öndərin iştirakı ilə açılışı keçirilmiş, işğal zamanı isə ermənilər tərəfindən dağıdılmış məqbərənin bərpası ilə bağlı göstəriş vermişdir. Bu göstərişə uyğun olaraq Heydər Əliyevin 59 yaşında açılışında iştirak etdiyi məqbərənin ikinci dəfə açılışında və “Vaqif Poeziya Günləri”ndə Prezident İlham Əliyev də 59 yaşında iştirak etdi. Bu tarixlər arasında böyük rəmzi məna var və Ulu Öndərin böyük yolunun davam etməsinin göstəricisidir.

Cənab Prezidentin Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyi Şuşa şəhəri 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub. Bu il 270 illiyini qeyd edəcəyimiz qədim Azərbaycan şəhəri Şuşada artıq ənənəvi mədəniyyət, incəsənət tədbirləri, o cümlədən "Xarıbülbül" Musiqi Festivalı bərpa olunmuş, Milli Musiqi Günü qeyd edilmiş və Üzeyir Hacıbəylinin heykəlinin yenidən ucaldıldığı parkda dahi bəstəkarın adını daşıyan XIII Beynəlxalq Musiqi Festivalının ilk konserti, bir neçə gün bundan əvvəl isə Dünya Azərbaycanlılarının Zəfər qurultayı keçirilmişdir.

Azərbaycanın incisi olan Şuşamız artıq Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş beynəlxalq  tədbirə, ən yüksək səviyyədə dövlət başçılarının görüşünə də evsahibliyi edib.  2021-ci il iyunun 15-də tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşılayıb.

Ulu Öndər Heydər Əliyevin vaxtilə Naxçıvanda qaldırdığı və bu gün Şuşada dalğalanan üçrəngli bayrağımız dövlətimizin gücünün, xalqımızın milli birliyinin simvoludur.

Bu, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli  Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində mümkün olmuşdur.

Ali Baş Komandan İlham Əliyevin böyük liderliyinin, misilsiz dövləti fəaliyyətinin nəticəsi olan bu Qələbə Ulu Öndərin açdığı yolun təntənəsi, tarixin ən qüdrətli  Azərbaycanının əsrlərdən bəri ilk dəfə qazandığı və əsrlər boyu yaşayacaq möhtəşəm Qələbəsidir.

Müasir, qüdrətli və zəngin Azərbaycan naminə Ümummilli Lider Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın günbəgün artan beynəlxalq nüfuzunu, dünyanın ən güclü ordularından birinə sahib olmaqla itirilmiş torpaqlarının geri qaytarılmasını, ədalət və ləyaqət naminə ədalətli və ləyaqətli müharibə yolu ilə tarixi qələbənin qazanılmasını təmin etmişdir.

Bu gün Heydər Əliyev yolu ilə inamla zəfərdən-zəfərə irəliləyən Azərbaycan varisliyə və təkamülə əsaslanan inkişaf strategiyası ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi prinsiplərini bariz şəkildə gerçəkləşdirir.

Qalib xalqın Prezidenti, müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır və Ümummilli Liderimiz Heydər Əliyevin yolu ilə  Prezident İlham Əliyev Azərbaycanı zirvədən zirvəyə yeni və daha  böyük hədəflərə doğru qətiyyətlə aparır.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2022.- 7 may.- S.1-3.