İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının
növbəti iclası keçirilib
Mayın 5-də İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat, Xarici İşlər, Maliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Neft Şirkətinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, Azərbaycan Milli Elmlər Akademiyasının və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.
Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Əli Əhmədov Azərbaycanın 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması üzrə beynəlxalq səylərə qoşulduğunu və 2016-cı ildən Paris Sazişinə uyğun beynəlxalq təşəbbüslərə özünün töhfəsi olaraq baza ili ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz azaldılmasını hədəf kimi götürdüyünü qeyd edib. O xüsusi vurğulayıb ki, iqlim dəyişmələri ilə bağlı problemin aktuallığını nəzərə alaraq, ölkəmiz iqlim dəyişmələrinin təsirinin azaldılması sahəsində zəruri beynəlxalq həmrəyliyi həyata keçirir, istilik effekti yaradan qazların emissiyasının azaldılması hədəflərinə çatmaq üçün bir sıra layihələr reallaşdırır.
Tədbirdə Dövlət Komissiyasının sədr müavini, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun olaraq, Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi üçün görülməsi zəruri olan tədbirlər ətrafında çıxış edib.
Dövlət Komissiyasının Katibliyinin rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Katibliyin və İşçi Qrupun fəaliyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə “Müəyyən Edilmiş Milli Töhfələr” (NDC) sənədinin yenilənməsi və işğaldan azad edilmiş ərazilərdə 2050-ci ilə qədər “netto sıfır emissiya” zonası hədəflərinə çatmaqla bağlı zəruri olan tədbirlər barədə məlumat veriblər.
Sonra kənd təsərrüfatı naziri İnam Kərimov, energetika nazirinin müavini Elnur Soltanov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə müvafiq sektorlar üzrə görülmüş işlər və nəzərdə tutulan növbəti addımlar barədə fikirlərini bildiriblər.
Müzakirələrin
nəticəsinə əsasən, Dövlət
Komissiyasının sədri Əli Əhmədov “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC) sənədinin
yenilənməsi, “Aşağı emissiyalı inkişaf strategiyası”nın
hazırlanması və İşğaldan
azad olunmuş ərazilərdə
2050-ci ilə qədər “netto sıfır emissiya”
zonasının yaradılması ilə əlaqədar müvafiq tapşırıqlar verib,
bu sahədə məlumatlandırmanın
artırılması üçün təşviqat
və təbliğat işlərinin genişləndirilməsinin
zəruriliyini Komissiya üzvlərinin diqqətinə
çatdırıb.
Azərbaycan.-
2022.- 7 may.- S.6.