Ulu Öndərin irsi uğurlu gələcəyin təminatçısıdır

 

Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirildi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov konfrans iştirakçılarını salamlayaraq  bildirdi ki, bu gün ölkəmizin gələcəyinə Ulu Öndər Heydər Əliyevin  Prezident İlham Əliyevin siyasəti birmənalı təminat verir. Ona görə də bu siyasəti dərindən öyrənmək və təbliğ etmək vacibdir. Bu günkü konfrans da məhz buna həsr edilib.

Konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Builki müsabiqədə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərə həsr edilən mövzulara xüsusi yer verilib.

Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənildi.

   Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla şöbəsinin müdiri Elmin İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və başqaları paytaxt rayonlarında keçirilən tarix konfransları, şagirdlərin hazırladıqları referatlar barədə məlumat verərək bildiriblər ki, illər keçdikcə Ümummilli liderin böyüklüyü və bitib-tükənməyən irsi daha dərindən dərk olunur, Heydər Əliyev dühasının Azərbaycan tarixində yerirolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşir.

Konfransda qeyd olunub ki, müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 2 min nəfərdən artıq şagirdi öz referatları ilə iştirak edib. Referatların 60-ı komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 7 may.- S.6.