Əbədiyaşar lider
Müstəqillik tarixi uğurlarla zəngin olan Azərbaycan intibahının yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindəki Zəfər, bu gün isə Qarabağın və Şərqi Zəngəzurun bərpası möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sürətlə addımladığımız inkişaf yolunun nə qədər mükəmməl olduğunu göstərir.
Bizə möhtəşəm uğurlar və qələbə bəxş edən siyasət barədə söz açarkən həm də xalqımızın Ulu Öndəri Heydər Əliyevin dahiliyinin, böyüklüyünün, uzaqgörənliyinin və mükəmməl siyasi irsinin şahidi oluruq. Bu mənada nailiyyətlərimiz, Azərbaycanın keçdiyi yüksəliş yolu həm də ondan xəbər verir ki, cənab İlham Əliyev öz müdrik və qətiyyətli siyasəti ilə Heydər Əliyev ideyalarının həyata vəsiqə almasını layiqincə təmin edir.
Anadan olmasının 99-cu ildönümü ərəfəsində bir daha Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərini xatırlamaqla, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edirik.
Qeyd etmək lazımdır ki, müasir tariximizin böyük bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrün həm sovet, həm də müstəqillik mərhələsində Heydər Əliyevin liderliyi ilə Azərbaycan elə möhtəşəm uğurlara imza atıb ki, onların hər biri tariximizə qızıl hərflərlə həkk olunub. Sovet dövründə Azərbaycanı inkişaf yoluna çıxaran, milli kimliyimizi, mənəvi dəyərlərimizi qətiyyətlə qoruyan Heydər Əliyev həm də xalqımızın istiqlal və müstəqillik mücadiləsinə böyük töhfələr vermiş şəxsiyyətdir. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin sayəsində ilk dəfə Naxçıvanda üçrəngli bayrağımız rəsmi şəkildə ucaldıldı, sovet dəyərlərindən tamamilə imtina edildi. Məhz Heydər Əliyevin Naxçıvandan başlatdığı mücadilə xalqımızı müstəqillik uğrunda mübarizəsində həlledici amilə çevrilmiş və milli mücadiləmizin uğurlarını təmin etmişdi.
Naxçıvan Muxtar Respublikasının ağır tarixi sınaqlardan layiqincə çıxması da Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyevin qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində erməni qəsbkarlarının Naxçıvanı işğal etmək planları puç oldu, muxtar respublika tarixin ən sərt sınaqlarından üzüağ, alnıaçıq çıxdı və Ulu Öndərin böyük səyləri nəticəsində muxtar respublikanın tarixində yeni dövrün əsası qoyuldu. Beləliklə, Heydər Əliyev muxtar respublikaya qayıtmaqla onu işğaldan qorudu. Türkiyə və İranla əlaqələr yaratmaqla blokada vəziyyətində olan Naxçıvanda rifahı təmin etdi.
Tarixin bütün mərhələlərində xalqının yanında olan Heydər Əliyev müstəqilliyimizin ilk illərində də öz tarixi missiyasını layiqincə, qətiyyətlə yerinə yetirdi. O dövrdə Azərbaycan ictimaiyyətinin problemlərdən xilas olmaq üçün Ulu Öndərə müraciətlər ünvanlaması təsadüfi deyildi. Çünki xalq Heydər Əliyevi tanıyırdı, ona inanırdı. Hər kəs əmin idi ki, yalnız Heydər Əliyev dövlətimizə nicat bəxş edər. Bu gün sıralarında qürurla təmsil olunduğum Yeni Azərbaycan Partiyasının yaranması da Heydər Əliyevə olan inamın təcəssümü idi.
Tarix xalqın öz sınanmış oğluna etimad göstərməkdə nə qədər haqlı olduğunu sübuta yetirdi. Heydər Əliyevin şəxsiyyətinin böyüklüyü, Ulu Öndərin yürütdüyü müdrik və düşünülmüş siyasət Azərbaycanı müstəqillik illərinin əvvəllərində bürümüş bütün böhranlardan xilas etdi. Özünün böyük dühası ilə Ulu Öndər müstəqilliyimizi, dövlətçiliyimizi xilas etdi, müasir Azərbaycan dövlətinin banisinə çevrildi. Böyük xilaskar 1993-2003-cü illərdə ölkəni yenidən qurdu, faktiki olaraq güclü dövlət yaratdı, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində müstəqilliyimizin əbədi olmasını təmin etdi.
Bütün bunların fonunda xalq-Heydər Əliyev birliyinin sarsılmazlığı isə bütün mərhələlərdə yüksələn xətlə inkişaf etdi. Təsadüfi deyil ki, ötən əsrin 90-cı illərinin ortalarında antiazərbaycançı qrupların iflasa uğrayan məkrli planları, dövlət çevrilişi cəhdləri xalqın Heydər Əliyevə olan dərin etimadını bütün dünyaya nümayiş etdirdi.
Ulu öndərimiz Heydər Əliyevin ideyaları müstəqil Azərbaycan dövlətinin daha da müasirləşməsində və qüdrətlənməsində bu gün də aparıcı qüvvədir. Qürur hissi ilə deməliyik ki, Ümummilli Liderimizin əbədiyaşar ideyaları və onun əsaslarını müəyyən etdiyi inkişaf strategiyası möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün seçkilərdə Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan cənab İlham Əliyevi dəstəkləməklə xalqımız həm də Ulu Öndərin ideyalarının davamına səs verib.
Fəxarət hissi ilə qeyd etməliyik ki, ötən 19 ildə möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda lider dövlətə, dünyada isə söz sahibinə çevrilib. Bu dövrdə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndirilib, sosial-iqtisadi inkişaf istiqamətində mühüm göstəricilərə nail olunub. Ulu Öndərin müəllifi olduğu enerji siyasətini layiqincə davam etdirən cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qlobal enerji müzakirələrində aparıcı mövqeyə malikdir. Azərbaycan həm də kosmik klubun üzvüdür, aktual qlobal problemlərin həllinə layiqli töhfələr verən dövlətdir.
Ərazilərini işğaldan azad edən xalqımız Vətən müharibəsində özünün zəngin qəhrəmanlıq tarixinə yeni səhifələr yazdı. Bu möhtəşəm zəfər göstərdi ki, Azərbaycan dövləti bu gün tarixinin ən güclü dövrünü yaşayır. Bütün dünya gördü ki, Ulu Öndər Heydər Əliyevin xilas etdiyi və yenidən qurduğu, Prezident İlham Əliyevin qüdrətləndirdiyi müasir dövlətimiz indi istənilən problemini həll etməyə qadirdir. İlham Əliyev torpaqlarımızı azad etməklə, xalqımızın yeganə ağrılı probleminə son qoydu. Möhtərəm Prezidentimizin dediyi kimi, bununla həm də ata vəsiyyətini yerinə yetirdi.
Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur ondan xəbər verir ki, Heydər Əliyev yolunun davamı Azərbaycanın yüksəlişinin, xalqımızın aydın gələcəyinin yeganə etibarlı təminatıdır. Ona görə Heydər Əliyev ideyaları həmişə Azərbaycanın yüksəlişinə xidmət edəcək.
Cəbi QULİYEV
Milli Məclisin deputatı
Azərbaycan.-
2022.- 7 may.- S.10.