Rəqəmsal texnologiyaların geniş
tətbiqi kənd təsərrüfatı məhsullarının
və qida istehsalının əhəmiyyətli
artımına mühüm töhfələr
verəcək
Mayın 6-da Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans çərçivəsində “Kənd təsərrüfatında rəqəmsallaşma: İrəliyə doğru yol, adaptasiya üçün yanaşmalar və qabaqcıl təcrübələr” mövzunda Nazirlər Toplantısı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, toplantıda iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi məsələsi müzakirə edilib. Bildirilib ki, iqlim dəyişikliyi təzyiqi altında məhdud və azalan təbii ehtiyatlardan istifadə edərək 2050-ci ilə qədər təxminən 10 milyard əhalinin qida ilə təmin olunması əsl sınaqdır. Belə ki, 2019-cu illə müqayisədə 2020-ci ildə qlobal kənd təsərrüfatı torpaqlarının sahəsi 3 faiz azalıb. Əhalinin artması fonunda 2000-2019-cu illərdə adambaşına düşən əkin sahələri bütün regionlarda 17 faiz azalıb. Azalma tendensiyasına baxmayaraq, bu illərdə ümumi ilkin məhsul istehsalı 53 faiz artıb.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, rəqəmsal texnologiyalar kənd təsərrüfatı ilə yanaşı, məşğulluq, ticarət, ətraf mühit və bazarlar üçün yeni bir fürsətdir. Ərzaq təhlükəsizliyinin təmini və dayanıqlı kənd təsərrüfatının qurulması mühüm hədəflər olduğundan investisiyaların əsas hissəsi rəqəmsal və “ağıllı kənd” təsərrüfatının transformasiyasına yönəldilir. Əsas dövlət dəstəyi mexanizmləri müasir əkinçilik və bağçılıq texnologiyalarının tətbiqi üçün innovasiya tərəfdaşlarının stimullaşdırılmasına istiqamətlənib. Fermerləri rəqəmsal texnologiyalardan istifadə etməyə təşviq etməklə yanaşı, onların maliyyə resurslarına və təlim xidmətlərinə çıxışı təmin edilir. Hazırda qarşıdakı illər üçün əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Yaşıl Enerji Zonaları kimi elan edilən bu ərazilərin inkişafı “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına əsaslanır. Bununla yanaşı, bu ərazilərdə kənd təsərrüfatının inkişafı siyasəti iqlimə uyğun “ağıllı texnologiya”lardan istifadəyə əsaslanacaq.
FAO-nun baş direktoru Qu Donqyu bildirib ki, rəqəmsallaşma kənd təsərrüfatı sahəsinin inkişafında mühüm rol oynayır. Rəqəmsal texnologiyaların geniş tətbiqi kəndlərlə şəhərlər arasında fərqi minimuma endirməklə yanaşı, kənd təsərrüfatı məhsullarının və qida istehsalının əhəmiyyətli artımına mühüm töhfələr verəcək.
Tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə xüsusi elçisi David Nabarro, Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) baş direktoru Pablo Roca Blasco, Polşanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirinin müavini Henryk Kovalcyuk, ABŞ-ın Oklahoma ştatının kənd təsərrüfatı üzrə katibi Blayne Arthur, Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi, Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Viorel Gherciu, Tacikistanın kənd təsərrüfatı naziri Sadi Karimzoda, Türkiyə kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti, aqrar sahədə məlumat bazalarının formalaşdırılması, kənd təsərrüfatı sahəsində məlumatların idarə edilməsi, rəqəmsal həllərin istehsalın avtomatlaşdırılmasında rolu, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, məhsuldarlığın artırılması yolları ilə bağlı fikirlərini bölüşüblər.
Bununla da “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans başa çatıb.
Azərbaycan. - 2022.- 7 may.- S.13.