“Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər keçirilib

 

Mayın 6-da Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Viorel Gherciu, Tacikistanın kənd təsərrüfatı naziri Sadi Karimzoda, Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) baş direktoru Pablo Roca Blasco, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (İFAD) regional direktoru Bernard Hienin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasının vacibliyi barədə geniş müzakirələr aparılıb.

Görüşlərdə, həmçinin kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması aqrar sahədə ixtisaslaşmış şirkətlər üçün geniş investisiya imkanları yaradır.

Tərəflər kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını, bu formatda konfrans və görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

 

Azərbaycan.- 2022.- 7 may.- S.13.