Azərbaycana tarixi uğurlar yaşadan siyasət

 

Azərbaycanın özü qədər əbədi

 

Dövlətlər və xalqlar yalnız öz tarixləri ilə deyil, həm də o tarixi yaradan şəxsiyyətləri ilə qürur duyur, öyünürlər. Müasir Azərbaycan dövlətinin yaradıcısı, ömrünü ölkəmizin nicatına həsr edən  Heydər Əliyev xalqımızın qürur duyduğu belə tarixi şəxsiyyətlərdəndir.

Öz əməlləri ilə ölkəmizin rəmzinə çevrilmiş Ulu Öndərin həyat və fəaliyyəti doğma vətəninə əsl məhəbbət və sədaqət nümunəsidir. Anadan olmasının 99-cu ildönümündə xalqımız Ulu Öndəri böyük ehtiramsevgi ilə anır.

Məhz Heydər Əliyevin qurub-yaratdığı, miras qoyduğu böyük irs xalqımızın tarixinə, gələcəyinə işıq salıb, dünya birliyində layiqli yerini təmin edib. Ölkəmizə rəhbərliyinin birinci mərhələsində Heydər Əliyev Azərbaycanı keçmiş ittifaqın qabaqcıl dövlətləri səviyyəsinə yüksəldib, xalqımızın iqtisadisosial həyatında tarixdə görünməmiş yüksəlişin  müəllifinə çevrilib. Sovet ideologiyasının hakim olduğu bir cəmiyyətdə Heydər Əliyevin sayəsində milli kimliyimiz qorunub, gələcək nəsillərə ötürülüb, Azərbaycan dili dövlət dili statusu alıb. Heydər Əliyev xalqımızın mənəvi dəyərlərini itməyə qoymayıb, öz əsərlərində Azərbaycanın tarixini, milli düşüncəsini vəsf etmiş şair və yazıçılarımızı, ziyalılarımızı qoruyub.

Beləliklə, iqtisadiyyatda baş verən inkişafla yanaşı, Heydər Əliyevin təşəbbüsləri ilə sovet dövründə xalqımızın milli mənlik şüurunun inkişafına güclü təkan verən tədbirlər həyata keçirilməsi Ulu Öndərimizin vətəninə və xalqına sonsuz məhəbbətindən irəli gəlirdi. Dövlət tədbirlərində onun məhz Azərbaycan dilində çıxış etməsi Heydər Əliyevin xalqımızın öz dəyərlərimizə nə qədər bağlı olduğunu göstərirdi.

Heydər Əliyevin hələ sovet dövründə öz xalqı uğrunda mücadiləsinin başqa bir göstəricisi azərbaycanlı kadrların yetişməsinə böyük diqqətlə yanaşması idi. Azərbaycanlıların təhsil üçün keçmiş ittifaqın müxtəlif ali məktəblərinə göndərilməsi, Bakıda C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması Ulu Öndərin bu milli təşəbbüsünün təcəssümü idi.

Azərbaycan xalqı Heydər Əliyevin öz xalqına xidmət missiyasının nümunələrini Ulu Öndərin Moskvada çalışdığı illərdə də daha yaxından hiss etdi. 1990-cı ilin 20 Yanvar faciəsində də xalqının etiraz səsini dünyaya çatdıran Heydər Əliyev olmuşdu.  Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanı qətiyyətlə qorumuşdu.

Elə buna görə də müstəqilliyimizin ilk illərindəki problemlər zamanı xalqımız qurtuluş yolunu məhz Heydər Əliyevin siyasi hakimiyyətə dönüşündə görürdü. 1993-cü ilin yayında Azərbaycanın nəinki müstəqilliyinin, hətta dövlətçiliyinin sual altına düşdüyü bir vaxtda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi xalqımızın ümidlərini cücərtdi. Ulu Öndər özünün tarixi missiyasını qətiyyətlə, əzmlə yerinə yetirdi, Azərbaycanı parçalanmaqdan, müstəqilliyini itirməkdən, siyasi böhrandan, iqtisadi tənəzzüldən xilas edib, inkişaf və yüksəliş mərhələsinə çıxardı.

Məhz Heydər Əliyevin sayəsində dünya birliyi Azərbaycana ehtiramla yanaşmağa başladı. Kəskin  geopolitik ziddiyyətlərin mövcud olduğu bir şəraitdə imzalanan "Əsrin müqaviləsi" də Azərbaycanın beynəlxalq birlikdə özünə layiqli yer tutmasının sübutu  idi.

Heydər Əliyev görkəmli dövlət xadimi idi. Onun sayəsində Azərbaycanda sivil, demokratik, hüquqi dövlət quruculuğu uğurla reallaşdı. İqtisadiyyatda, məhkəmə-hüquq sferasında yeni dövrün çağırışlarına keçidi təmin edən islahatlar həyata keçirildi. Ulu Öndər xalqımızı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi.

 

2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ümummilli Lider Heydər Əliyev deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu Öndərin ruhu bu gün şaddır. Çünki onun ideyalarının davamçısı və layiqli siyasi varisi kimi Prezident İlham Əliyev nəinki Azərbaycanı davamlı və sürətli yüksəliş mərhələsinə çıxarıb, xalqımızın taleyüklü məsələlərini də lider qətiyyəti ilə yoluna qoyub. 2020-ci ilin Vətən müharibəsində qazanılan zəfər bu yüksəlişin ən böyük nümunəsidir. Bu qələbə göstərdi ki, əsası Ulu Öndər tərəfindən qoyulan, möhtərəm İlham Əliyev tərəfindən layiqincə davam etdirilən siyasi xətt Azərbaycanı yalnız qələbələrə aparır.

Heydər Əliyevin ən layiqli siyasi davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın yüksəlişinin şərəfli tarixi yazılır. Qazandığımız hər bir uğur həm də onu göstərir ki, Heydər Əliyevin arzuları, ideyaları layiqincə reallaşdırılır.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2022.- 10 may.- S.4.