Heydər Əliyev yolu

 

Azərbaycanın özü qədər əbədi  

 

Bu günlər hər birimiz xalqımızın Ümummilli Lideri Heydər Əliyev şəxsiyyətinin əzəmətinin və böyüklüyünün təsiri altındayıq. Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə minlərlə insan Fəxri xiyabana gələrək onun məzarı üstünə gül-çiçək dəstələri qoyur, dərin ehtiramlarını bildirirlər. Onillikər, qərinələr, əsrlər keçəcək və Azərbaycan yaşadıqca Heydər Əliyev də yaşayacaq, hörmətlə anılacaq, yüksək ehtiramla xatırlanacaq.

 

Tariximizin qürur doğuran səhifələrinin müəllifi

 

Ulu Öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət edib, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışıb, mümkün ola bilən hər şeyi edib. Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikamızın iqtisadi inkişafı, cəmiyyətimizdə milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əlindən gələni edibbir rəhbər kimi əsaslı zəmin yaradıb. Sərt sovet rejiminin qadağalarına baxmayaraq, cəsarətlə Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməyib, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarıb.

Tarixi reallıqlar təsdiqləyir ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş tariximizdə keyfiyyətcə  yeni epoxanın, inkişaf mərhələsini və ən əsası Azərbaycanı müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyulub. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 70-80-ci illər respublikamızın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub.

Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın görünür ki, ölkənin və xalqın ən çətin anlarında Heydər Əliyev ona bəslənilən ümidləri layiqincə doğrulda bilib. Təsadüfi deyil ki, sovet illərində olduğu kimi, müstəqillik dövründə də məhz Heydər Əliyevin sayəsindən Azərbaycan bütün təbəddülatlardan xilas olmağı bacarıb. Bu baxımdan tarixi həqiqətdir ki, əgər 1993-cü ilin gərgin və böhranlı iyun günlərində Ulu Öndər siyasi hakimiyyətə qayıtmasaydı, indi nə müstəqilliyimiz, nə də dövlətçiliyimiz vardı.

Gələn ay Azərbaycanda Milli Qurtuluş gününün 29-cu ildönümü tamam olacaq. Dönüb tarixə nəzər salsaq ötən 29 ildə Azərbaycanın necə dəyişdiyini, sürətlə inkişaf etdiyini, müstəqilliyinin daha da möhkəmləndiyini, dünya birliyində özünə layiqli yer tutduğunu, regionalqlobal miqyasda söz sahibinə, Cənubi Qafqazın liderinə çevrildiyini görərik. 1993-cü ilin iyununda, ölkəmizin parçalanmaq, müstəqilliyimizin itirilmək təhlükəsi yaşandığı ərəfədə biz bugünkü möhtəşəm uğurlarımızın yaxın gələcəklə olacağını təsəvvür belə edə bilməzdik. Amma bunlar baş verdi, çünki 1993-cü ilin ağrı-acılı iyun günlərində Azərbaycan xalqı ən doğru və ən müdrik seçimini edərək Ulu Öndər Heydər Əliyevə üz tutmuşdu. Məhz Heydər Əliyevin sayəsində Azərbaycanda siyasi böhrana son qoyuldu, vətəndaş qarşıdurmasının qarşısı alındı. Həmin ağır və mürəkkəb dövrdə xalqımızın Heydər Əliyevə müraciəti, təkidlə Ulu Öndərin hakimiyyətə dəvət olunması tarixin gərdişini dəyişdi. Buna görə xalqımız Heydər Əliyevə hər zaman minnətdar olacaq.

 

İlham Əliyev Ulu Öndərin vəsiyyətini layiqincə yerinə yetirdi

 

Azərbaycan öz yolu ilə mətin addımlayır, inkişaf edir, güclənir. Ulu Öndərin siyasi kursu, yaratdığı ənənələr onun davamçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bunların nəticəsidir ki, qazandığı uğurlarla Azərbaycan regionda aparıcı dövlətə çevrilib. Ötən 19 ilin real mənzərəsi ondan ibarətdir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb. Respublikamızın sosial-iqtisadi nailiyyətləri, dünyanı bürüyən iqtisadi böhranlardan uğurla çıxması, qlobal enerji təhlükəsizliyi müzakirələrində aparıcı mövqe əldə etməsi, beynəlxalq tranzit qovşağına çevrilməsi, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Bakı-Tbilisi-Qars və “Cənub qaz dəhlizi” layihələrinin reallaşması, fəzaya 3 peykin göndərilməsi, habelə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Bakının beynəlxalq tədbirlər məkanına çevrilməsi, ölkəmizin Qoşulmama Hərəkatına hazırda davam edən sədrliyi Prezident İlham Əliyevin mühüm siyasi-iqtisadi və beynəlxalq uğurlarıdır. Dünyanın ən nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanan Prezident İlham Əliyevin siyasi kursu Azərbaycanı dünyada ehtiram olunan dövlətə çevirib. Azərbaycan artıq uzun müddətdir ki, bütün sahələrdə böyük nailiyyətlərə imza atmaqla regionun lider dövləti statusunu daşıyır.

Bəli, İlham Əliyev Heydər Əliyevin arzularını reallaşdırıb, Azərbaycanı Ulu Öndərin görmək istədiyi səviyyəyə yüksəldib. Heydər Əliyevin müəyyən etdiyi, İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövlətinin yaranması bu gün dünyanın etiraf etdiyi reallıqdır. Elə bu reallıqdan çıxış edərək xalqımız öz tarixinin yeni yüksəliş salnaməsini yaradır. Vətən müharibəsindəki qələbə də bu salnamənin parlaq səhifəsidir. Bu qələbə İlham Əliyevin müdrik siyasi kursununAli Baş Komandan kimi qətiyyətinin təntənəsi oldu. Cəmi 44 günə 30 ilə yaxın davam edən işğala son qoymaqla İlham Əliyev böyük tarix missiyanı layiqincə yerinə yetirdi. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycanın tarixi zəfəri olmaqla yanaşı, dünyada və bölgədə mövqelərini daha da möhkəmləndirdi. Torpaqlarımızın azad olunması ilə həm də Ulu Öndərin arzusu reallaşdı. İlham Əliyev Ulu Öndərin vəsiyyətini şərəflə yerinə yetirdi.

Heydər Əliyev Azərbaycanın varlığı, yaşaması, gələcəyi, xalqımızın bir daha əsarətdə yaşamaması, vüqarlı olması, başını dik saxlaması üçün hər şeyi etdibütün bunlara nail oldu. Şanlı uğurlarımızın elə bir səhifəsi yoxdur ki, orada Heydər Əliyev dühasının nişanəsi görünməsin.  Heydər Əliyev yolu, İlham Əliyev siyasəti Azərbaycanın bu gününün və gələcəyinin yeganə təminatçısıdır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 10 may.- S.4.