Böyük islahatlar müəllifi

 

Azərbaycan xalqının ən böyük arzusu həmişə müstəqillik olmuşdur. Son 200 ildə bu yolda başımıza olmazın bəlalar gəlmişdir. Torpaqlarımız zaman-zaman işğala məruz qalmış, yaşayış yerlərimiz xarabazarlığa çevrilmiş, tarixi abidələrimiz yerlə bir edilmişdir. Tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması bəs etmirmiş kimi, üstəlik, orada yaşayan soydaşlarımız da dəfələrlə deportasiya olunmuşdur.

SSRİ-nin dağılmasını sevinclə qarşılasaq da, qazandığımız müstəqillik yenidən təhlükə ilə üzləşdi. Ermənilər həmin vaxtadək əldə etdikləri ərazilərlə kifayətlənməyib bizə qarşı yenidən ərazi iddiaları irəli sürdülər. Onlar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistanın tərkibinə qatmaq üçün Azərbaycana qarşı total mübarizəyə başladılar. Üstəlik, sonrakı mərhələdə  Naxçıvan Muxtar Respublikasını da Ermənistanın tərkibinə daxil etmək iddiasına düşdülər. Məqsədlərini gizlətmirdilər. Bu barədə Ermənistanın təkcə siyasətçiləri deyil, dövlətdə rəsmi vəzifə tutan şəxslər də bəyanatlar verirdilər.

Beləliklə, məlum qüvvələr tərəfindən dəstəklənən erməni separatçıları açıq hərbi təcavüzə keçdilər. Onlar əliyalın mülki əhalimizə qarşı hər cür silah işlətdilər. Misli görünməmiş Xocalı soyqırımını törətdilər. Bir milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Daxildə hakimiyyət uğrunda gedən savaş nəticəsində ölkəmizin məğlubiyyəti daha da reallaşdı və dövlətçiliyimizin birdəfəlik yox olması təhlükəsi qarşısında qaldıq.

Xalq bu daxili çəkişmələrdən qurtulmaq və dövlətçiliyimizi xilas etmək üçün Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Xalqın səsinə səs verən görkəmli dövlət xadimi hakimiyyətə qayıtdı. Bununla da milli dövlətçiliyimiz xilas olundu. Ümummilli Liderin xilaskarlıq missiyası Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevrildi.

Ulu Öndər ilk növbədə ölkədə siyasi sabitliyi təmin etmək istiqamətində tədbirlər gördü. Ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün hamını birliyə dəvət etdi. Bu çağırış cavabsız qalmadı. Siyasətçilər, ictimai xadimlər və nüfuzlu şəxslər Heydər Əliyevin ətrafında birləşdilər. Bu da ölkədə siyasi sabitliyin formalaşmasında böyük rol oynadı.

Amma düşmən daha da azğınlaşmışdı. Odur ki, ilk növbədə buna son qoymaq lazım idi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Horadiz əməliyyatı həmin dövrün ilk böyük qələbəsi oldu. Ciddi məğlubiyyətdən sarsılan ermənilər artıq hiss etdilər ki, Azərbaycan əvvəlki Azərbaycan deyil, dövlətin başında təcrübəli rəhbər və qüdrətli sərkərdə dayanıb. Horadiz əməliyyatından sonra ermənilər atəşkəs haqqında sənəd imzalamağa məcbur oldular. Həmin dövrdə müxalifət bu addımı bizim məğlubiyyətimiz kimi təqdim etmək istəyirdi. Lakin zaman göstərdi ki, Ulu Öndər tərəfindən edilən bu siyasi gediş xalqımızın xeyrinədir. Ölkəmizin iqtisadi və hərbi cəhətdən bu qədər güclənməsi atəşkəs sazişinin bağlanmasının nəticəsi idi. Çünki Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirmək, ordusunu gücləndirmək, beynəlxalq arenada nüfuzunu möhkəmlətmək üçün vaxt qazanmışdı.

İndi isə torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin təmin edilməsi və ordunun gücləndirilməsi lazım idi. Bunun yeganə yolu dağılmış iqtisadiyyatın yenidən qurulmasını təmin etməkdən keçirdi. Lakin Azərbaycanın bunun üçün əlində vəsaiti yox idi. Vəziyyətdən çıxmaq üçün xarici investisiya cəlb etmək lazım gəlirdi. Əcnəbi sərmayədarlar isə müharibə gedən ölkəyə kapital qoymağa risk etmirdilər. Ümummilli Liderin atəşkəs müqaviləsini bağlamasının bir səbəbi də bu idi. Ulu Öndər xarici tərəfdaşları inandıra bildi ki, ölkədə siyasi sabitlik mövcuddur, müharibə getmir və onların qoyacaqları kapital üçün heç bir risk yoxdur. Beləliklə, 1994-cü il sentyabrın 20-də Azərbaycan tarixində mühüm əhəmiyyət daşıyan "Əsrin müqaviləsi" imzalandı. Həmin müqavilə ölkəmizin beynəlxalq nüfuzunun artmasında, iqtisadi inkişafında və suverenliyinin qorunmasında müstəsna əhəmiyyət kəsb etdi.

Neftdən əldə edilən gəlirlər ölkədə sosial-iqtisadi islahatların aparılmasına imkan yaratdı. Neftdən əldə edilən gəlirlərlə qeyri-neft sektorunun inkişafı, sosial infrastrukturun yaradılması sahəsində nəhəng layihələrin icrası mümkün oldu.

Tarixi İpək yolunun bərpası da Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan bu layihələrin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində bu gün Azərbaycan nəqliyyat infrastrukturunun inkişafına görə dünyanın öndə gedən ölkəsinə çevrilib.

Ulu Öndərin böyük dövlətçilik təcrübəsi və şəxsi nüfuzu sayəsində Azərbaycana dünyada hörmətlə yanaşmağa başladılar. Səriştəsiz siyasətçilərin dövründə informasiya blokadasına alınan və sözunə əhəmiyyət verilməyən Azərbaycanla indi hesablaşırdılar. Bir sıra beynəlxalq məsələlər barədə qərar qəbul edilərkən ölkəmizin mövqeyini nəzərə alırdılar. Sözsüz ki, bütün bunlar Azərbaycanın nüfuzu idi.

Qeyd edək ki, keçmiş SSRİ məkanında ilk aqrar islahatlar da ölkəmizdə keçirilib. Bunun özüböyük risk tələb edən bir idi. Ulu Öndər bu barədə demişdir ki, həmin dövrdə onunla birgə işləyən məmurlar aqrar islahatların aparılmasının ciddi sosial-iqtisadi fəsadları olacağını bildirirdilər. Buna baxmayaraq, ölkəmizdə aqrar islahatlara start verildi. Kəndli torpağının sahibi oldu. Üstəlik, dövlət bu sahədə çalışan fermer və fərdi sahibkarlara böyük güzəştlər etdi, onlara maliyyə dəstəyi göstərdi. Odur ki, hazırda qeyri-neft sektorunda ən çox ixrac payının aqrar sahəyə məxsus olması Ulu Öndərin vaxtında başladığı və sonradan davam etdirilən kənd təsərrüfatı islahatlarının nəticəsidir.

Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur. Azərbaycanın dünyada inkişaf etmiş ölkələrdən birinə çevrilməsi də Ulu Öndərin adı ilə bağlıdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədə Ulu Öndər Heydər Əliyevin payı var. Odur ki, bu dahi şəxsiyyət Azərbaycanın tarixində əbədi qalacaq!

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2022.- 10 may.- S.7.