Əbədi və dönməz
müstəqilliyimizin memarı
Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini uğurla müəyyənləşdirmiş dahilər yetişmişdir.
Azərbaycan xalqı da xoşbəxtdir ki, ona taleyinin ən ağır və çətin dövrlərində milli maraqları hər şeydən üstün tutan, zəkası, dühası və istedadı ilə tarix yazan, bütün ömrünü doğma xalqının firavan gələcəyi naminə mübarizəyə həsr edən Heydər Əliyev kimi dahi şəxsiyyət öndərlik etmişdir. Müasir Azərbaycan dövlətinin qurucusu, xalqın, dövlətin müstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev taleyüklü problemləri həll edən xilaskar tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət olmuşdur.
Ulu Öndər zəngin, mənalı və şərəfli ömür yaşamışdır. Qısa zaman kəsiyində xalqımızın uzun əsrlər boyu uğrunda usanmadan çarpışdığı ən ümdə haqqını reallığa çevirmişdir: Azərbaycanı ən yüksək məqama - əbədi və dönməz müstəqilliyə qovuşdurmuş, dövlətimizin dünya birliyində mövqeyini gücləndirmişdir.
Ümummilli Lider bütün həyatını canından çox sevdiyi Azərbaycanın rifahına və tərəqqisinə, müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə və davamlı inkişafına həsr etmişdir. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində Heydər Əliyev uzaqgörən siyasəti, yüksək intellekti, güclü siyasi iradəsi, böyük əzmkarlığı və fədakarlığı ilə üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlmiş, çoxşaxəli titanik fəaliyyəti ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.
Bir faktı demək kifayətdir ki, Heydər Əliyev 1969-cu ildə siyasi rəhbərliyə gəlişi ilə sovet imperiyası tərəfindən illərlə milli genofondu, intellektual elitası məhv edilmiş, milli ruhu sarsılmış və adət-ənənələrindən uzaq düşmüş bir toplumu yenidən dirçəltdi və inkişafını təmin etdi. O, zaman və məkanla məhdudlaşan konkret bir dövrün şəxsiyyəti olmadığını, tarixin gedişatını dəyişən, çox möhtəşəm ideallara əsaslanan əməllərin sahibi olduğunu göstərdi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində, SSRİ-nin dağılmasından sonra Azərbaycanın qarşısında duran ən strateji vəzifə əldə edilən müstəqilliyin əsaslarını möhkəmləndirmək və suveren dövlət kimi mövcudluğunu qorumaq idi. Həmin dövrdə yaşanan hadisələri xatırlayıb müasir həyatımızla o məşəqqətli günləri müqayisə edərkən Ulu Öndərin ucalığını və dühasını daha dərindən dərk edirik. Məlum həqiqətdir ki, ölkəmizdə 1993-cü ilin iyun ayına qədər bir-birini əvəz edən bacarıqsız siyasi hakimiyyət nümayəndələrinin səriştəsiz idarəçiliyi ucbatından xalqımız yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə ölkəmizdə mövcud olan xaos, anarxiya, talançılıq, özbaşınalıq, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması dövlət müstəqilliyinin taleyini sual altında qoymuşdu. İqtisadi tənəzzül getdikcə dərinləşir, dövlətin sütunları sarsılırdı. Belə bir şəraitdə Azərbaycan xalqı ən doğru qərarı qəbul edərək ölkəmizin xilaskarlıq missiyasını Heydər Əliyevə həvalə etdi. Ulu Öndər Azərbaycanın gələcək inkişafı ilə bağlı çox düzgün strateji addım ataraq demokratiya yolunu seçdi, köklü islahatlara başladı və dövlətçilik üçün möhkəm təməllər yaratdı.
1994-cü ildə ölkəmizin iqtisadi inkişafında müstəsna rolu olan və Azərbaycanın şaxələndirilmiş enerji siyasətinin əsasını təşkil edən "Əsrin müqaviləsi" imzalandı. Heç şübhəsiz ki, bunu yalnız Heydər Əliyev kimi güclü iradəyə, böyük dövlətçilik bacarığına və xalqın sonsuz dəstəyinə malik fenomen şəxsiyyət, qüdrətli lider bacara bilərdi.
Ümummilli Lider gənclərin ixtisaslı milli kadr kimi yetişməsi məsələsini ön plana çəkmişdir ki, bu da dahi şəxsiyyətin böyük uğurlarından hesab edilir. Əslində, bu prinsipdən Heydər Əliyev ötən əsrin 70-ci illərində istifadə etməyə başlamışdı. Bildiyimiz kimi, hələ sovet dövründə Azərbaycanda müxtəlif ixtisaslar üzrə təhsil alan milli kadrlar keçmiş SSRİ-nin aparıcı ali təhsil müəssisələrinə göndərilməklə ölkənin həyatında mühüm rol oynayan peşəkar mütəxəssis kimi yetişirdilər.
Heydər Əliyevin rəhbərliyi ilə görülən ardıcıl tədbirlər nəticəsində ölkə qarşısında duran vəzifələr uğurla icra edilmiş və Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başlamışdır. Azərbaycan xalqı haqlı olaraq ölkəmizin bugünkü uğurlarını, sabitlik və firavanlığı məhz Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirir. Bu gün də ölkəmizin yüksək inkişafı və tərəqqisi Heydər Əliyev ideyalarından güc alır, qurtuluş məfkurəsinə istinad edir.
Danılmaz həqiqətdir ki, məhz Heydər Əliyevin milli maraqlara əsaslanan hərtərəfli inkişaf strategiyası, müdrik siyasi kursu sayəsində Azərbaycanın müstəqilliyi əbədi və dönməz xarakter almış, ölkəmiz beynəlxalq münasibətlər sisteminin əsas aktorlarından birinə çevrilmişdir. Bu gün, Ümummilli Liderin qeyd etdiyi kimi, "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və daimidir" ifadəsini böyük əminliklə və qürurla deyə biliriksə, buna görə Heydər Əliyev dühasına borcluyuq və minnətdarıq.
Ulu Öndərin böyük uzaqgörənliklə və çoxşaxəli fəaliyyətinin nəticələrinə olan əminliyi ilə söylədiyi "İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır" fikrinin çox keçmədən gerçəkləşməsinə şahid olmağımız hər birimizdə böyük sevinc və fəxarət hissləri yaradır.
Əbədiyaşar liderin özündən sonra layiqli siyasi varis yetişdirməsi və zəngin idarəçilik məktəbini miras qoyması onun xalqımızın etibarlı və nurlu gələcəyini təmin edən müstəsna xidmətlərindən hesab edilir. Prezident İlham Əliyev Ulu Öndərin ideyalarına sadiq qalmaqla onun müəyyən etdiyi strateji inkişaf xəttini uğurla davam etdirir. Aparılan düşünülmüş, məqsədyönlü, ardıcıl və sistemli siyasətin nəticəsində hazırda Azərbaycan öz inkişafında müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə qədəm qoymuş və bölgədə yeni geosiyasi reallıqlar yaradan ölkəyə çevrilmişdir.
Məhz Heydər Əliyev siyasətinin təntənəsi olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində tarixi Zəfərə imza atılması ilə Ümummilli Liderin ən vacib vəsiyyəti həyata keçdi, 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Bu gün hər birimiz ərazi bütövlüyü bərpa edilmiş müstəqil ölkənin vətəndaşı olmaqdan sonsuz qürur hissi keçiririk.
İndi Qarabağda və Şərqi Zəngəzurda sürətli abadlıq və quruculuq işlərinin aparılmasına, regional əhəmiyyətli iri transmilli layihələrin reallaşdırılmasına, bir sıra beynəlxalq səviyyəli tədbirlərin və festivalların keçirilməsinə nail olunması Ulu Öndərin uzaqgörən siyasətinin qələbəsi deməkdir.
Ulu öndər üçün Qarabağa qayıdış prioritet məsələ idi. Onun arzusu Qarabağı, Qarabağın incisi Şuşanı, işğal edilən rayonlarımızı azad görmək idi. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü bərpa edilərək vəsiyyəti gerçəkləşmiş, Qarabağ əbədi azadlığına qovuşmuşdir. Bu qələbəni bizə bəxş edən Prezident İlham Əliyev başda olmaqla, mübariz və müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə sonsuz minnətdarlığımızı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Öz həyat və fəaliyyəti ilə ümummilli liderlik zirvəsinə yüksələn Heydər Əliyevin Azərbaycan tarixinin şərəfli səhifələrinə çevrilən ömür yolu hər birimiz üçün zəngin həyat məktəbidir. İllər keçdikcə nəhəngliyi daha aydın şəkildə görünən, zəngin idarəçilik irsinin öyrənilməsinə hər zaman ehtiyac duyulan dahi şəxsiyyətin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Şahin BAYRAMOV
Mingəçevir Dövlət
Universitetinin rektoru
Azərbaycan.- 2022.- 10 may.- S.7.