Ümummilli ziyarətgah

 

Azərbaycanda 10 may deyəndə istər-istəməz, ilk yada düşən ömrünü xalqa həsr etmiş, müasir Azərbaycan dövlətininin xilaskarı və qurucusu, xalqımızın böyük oğlu əbədiyaşar lider  Heydər Əliyevin doğum gününü xatırlayırıq.

Tarixdə yeni era yaratmaq çox az, yalnız nadir şəxsiyyətlərə nəsib olur. Məhz həmin şəxsiyyətlər öz qüdrətli dühaları ilə tarixi inkişafa və proseslərə böyük təkan verir, ona öz dönməz iradəsini diktə edib tükənməz enerjisi və aydın zəkası ilə tarixin yaradıcılarına çevrilirlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz belə tarix yaradan, tarix yazan böyük şəxsiyyətlərdəndir.

Dünəndən başlayaraq respublikamızın ən ucqar kəndlərindən, rayonlarından ictimaiyyət nümayəndəri, gənclər, ziyalılar, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız Ümummilli Liderin müqqəddəs  məzarını ziyarət edərək sevgilərini nümayiş etdirirlər. Kədər, göz yaşı ilə deyil, sevgi hissi, ömrünü xalqına bağışlamış Ulu Öndəri minnətdarlıq duyğusu ilə yad edirlər. Ziyarətçilərdən -  Rysiya Federasiyasının Arxangelsk vilayəti Azərbaycan diasporu regional ictimai təşkilatı idarə heyətinin sədri Tərlan Qasımov bizimlə söhbətində dedi:

- Mən Rusiya  Fedarasiyasında yaşasam da, hər il ailəmlə birlikdə Ulu Öndərin doğum günü məzarını ziyarət etməyə gəlirəm.

Ulu Öndər mənim üçün sadəliyin zirvəsi, əbədiyaşarlıq nümunəsidir. Ona olan bu sevgi məndə hələ kiçik yaşlarımdan yaranıb. 1979-cu ilin yazında Ulu Öndər bizim rayona gəlmişdi. O zaman mənim 5 yaşım var idi. Kənd adamları Ulu Öndərin keçəcəyi marşrutu bildikləri üçün yolun kənarına çıxıb onu salamlayırdılar. Mən də həyətimizdən bir dəstə gül yığıb Ulu Öndərin gəlişini gözləyənlərin sırasında idim. Gözlənilmədən Ümummilli Liderin olduğu maşın mənim yaxınlığımda dayandı. Bir anlığa nə edəcəyimi bilmədim. O, maşından düşüb əli ilə məni yanına çağırıb qucağına aldı. Böyük bir doğmalıqla üzümdən öpüb mənə valideyinlərimin sözünə baxmağı, məktəbə gedəndə dərslərimi yaxşı oxuyub layiqli vətandaş olmağımı tövsiyə etdi.

25 ildir Rusiya Federasiyasının Arxangelsk vilayətində yaşayıram. Doğru deyiblər ki, dağ kənardan daha əzəmətli görünür. Azərbaycandan kənarda yaşadığım bu illər ərzində Ulu Öndərin əzəmətini, qüdrətini, bir siyasi lider kimi nüfuzunu görüb xalqımızın bu dahi şəxsiyyəti ilə həmişə iftixar duymuşam. Heydər Əliyev mənim üçün Azərbaycan dövlətinin qurucusu, onu dünyaya tanıdan böyük bir siyasi lider, millət atasıdır. Azərbaycanın bugünkü tərəqqisi, dünya dövlətləri arasında nüfuzuna və mövqeyinə görə xalq olaraq Ulu Öndərə borcluyuq.

Ziyarətçilərdən Gəncə şəhər sakini, Vətən müharibəsi veteranı, qazi Aqil Süleymanov söhbətə qoşulur: "Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb Murovdağ, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişəm. 30 oktyabr 2020-ci ildə Qırmızı Bazar uğrunda gedən döyüşlərdə ağır yaralanmışam. Səhhətimdə yaranan ciddi problemlərə baxmayaraq, hər il Ulu Öndərin məzarını ziyarət etmək üçün Gəncədən dostlarımla, ailə üzvlərimlə birlikdə Bakıya gəlirəm. Ulu Öndər mənim üçün Vətəni sevməyin, onun yolunda ömrünü fəda etməyi bacarmağın ən böyük nümunəsidir. İki ildir ki, ziyarətə ikiqat fərəh hissi ilə gəlirik. Çox şükürlər olsun ki, torpaqlarımızı  işğaldan azad edərək ərazi bütövlüyümüzi təmin edə bilmişik. Azad, müstəqil ölkənin vətəndaşı olmaq gözəl hissdir. Ölkəmizə müstəqillik qazandıran, onu əbədi edən Ulu Öndər Heydər Əliyevdir. Nə qədər ki, varam, müstəqilliyimizin simvolu olan Ulu Öndərin məzarını ziyarət etməyə gələcəyəm. Bunu bir vətəndaş, Heydər Əliyevin Vətən sevgisindən dərs almış bir müdavim kimi özümə borc bilirəm".

Ziyarətçilərdən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Eldar Həsənov deyir ki, illərdir doğmaları, yaxınları ilə birlikdə Ulu Öndərin məzarını ziyarətə gəlir: "Bunu özümə mənəvi borc bilirəm. Ulu Öndərin məzarını ziyarət edəndə özümdə mənəvi rahatlıq tapıram. Hesab edirəm ki, nə qədər yaşasaq da, Heydər Əliyevə olan borcumuzu ödəyə bilmərik. Bugünümüz, firavan yaşayışımız, iqtisadi inkişafımız və hərbi qüdrətimiz  üçün  Ulu Öndərə borcluyuq. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ümummilli Liderin əməyi olmasın. Aqrar sektorda çalışıram. Heydər  Əliyevin kənd təsərrüfatının inkişafı, torpaqla məşğul olanların güzəranının yaxşılaşdırılması üçün nələr etdiyini bilirəm. Ulu Öndərin apardığı siyasət bu günuğurla davam etdirilir. Bu böyük şəxsiyyət aramızda olmasa da, ideyaları gerçəkləşir, əməlləri yaşayır. Hesab edirəm ki, millət olaraq bizi yaşadan, dövlət  olaraq bizi gücləndirən, dünyaya tanıdan insana olan borcumuzu onu sevməklə, ürəklərdə yaşatmaqla qaytara bilərik".

Biologiya elmləri doktoru Səftər Süleymanov isə  Ulu Öndərin elmə olan qayğısından söz açdı: "Mən bu gün çox böyük iftixar hissi ilə xalqımızın əvəzsiz lideri Ulu Öndərin məzarını ziyarətə gəlmişəm. Nə qədər ki, ayağım yer tutur, vətənimiz, dövlətimiz, xalqımız qarşısında əvəzsiz xidmətləri olan öndərimizin məzarını ziyarət etməyə gələcəyəm. Bu, mənim üçün mənəvi borcdur. Heydər Əliyev milli-mənəvi dəyərlərin qoruyucusu, onu gələçək nəsillərə çatdırılmasının təminatçısı, elmimizin inkişafında müstəsna xidmətləri olan, alimə, ziyalıya öz doğma münasibəti ilə seçilən və qayğı göstərən dahi şəxsiyyətdir. Azərbaycanın qazandığı bütün uğurlara görə biz Ulu Öndərə borcluyuq. Müasir Azərbaycan bu dahi şəxsiyyətin şah əsəridir".

 Xəzər rayonu Yeni Qala qəsəbəsi sakini Gülər Paşazadə: "Gözümü açandan evimizdə, ailəmizdə, daha sonra təhsil aldığımız məktəblərdə dahi şəxsiyyət, Ulu Öndər  Heydər Əliyevin adını eşidib, xalqımız, dövlətimiz haqqında gördüyü böyük işlər barədə söhbətlərə qulaq asmışam. Ölkəmizdə gənclər siyasəti də onun adı ilə bağlıdır. Çox xoşbəxtəm ki, Ulu Öndərin qurduğu müstəqil Azərbaycanın vətəndaşıyam. Adı vətənimizlə qoşa çəkilən bu dahi şəxsiyyətin məzarını ziyarət etməyi bir gənc olaraq hər zaman özümə mənəvi borc hesab edirəm".

 

Elşən QƏNİYEV

 

Azərbaycan.- 2022.- 11 may.- S.1; 5.