Yeni Azərbaycan Partiyası və Makedoniya Türk Demokratik Partiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

 

Mayın 10-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Yeni Azərbaycan Partiyası və Makedoniya Türk Demokratik Partiyası arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Əməkdaşlıq Memorandumunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir BudaqovMakedoniya Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Məclisinin üzvü Beycan İlyas imzalayıblar.

İmzalanma mərasimindən sonra mətbuat konfransı keçirilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qonaqları bir daha salamlayıb və partiyalar arasında imzalanmış sənədin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq əlaqələrin inkişaf etdirilməsidir. Bu baxımdan, Makedoniya Türk Demokratik Partiyasının nümayəndə heyətinin ölkəmizə səfəri böyük önəm kəsb edir. YAP Sədrinin müavini qeyd edib ki, partiyalar arasında Əməkdaşlıq Memorandumunun imzalanması müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə təsadüf edir. O deyib: Bu gün biz birlikdə Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik, Azərbaycan xalqının, bütövlükdə türk dünyasının böyük oğlu, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramımızı bildirdik”. Vurğulanıb ki, Əməkdaşlıq Memorandumu qarşılıqlı münasibətlərin, gələcək əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Əminliklə söyləmək olar ki, bu sənədin imzalanması ilə nəinki partiyalarımız, ümumilikdə, iki dövlət arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxması üçün imkanlar yaranır. “Yeni Azərbaycan Partiyası olaraq Makedoniya Türk Demokratik Partiyasının Şimali Makedoniyanın ictimai-siyasi həyatında, siyasi proseslərdə fəal iştirakını yüksək qiymətləndiririk. Bu fəallığın nəticəsidir ki, bu partiyanın nümayəndələri həmin ölkənin hökumətində və parlamentində təmsil olunurlar”, - deyən Tahir Budaqov gələcəkdə partiyalar arasında müxtəlif məsələlərlə bağlı təcrübə mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin təşkili, o cümlədən hər iki partiyanın gəncləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

“Yaxın vaxtlarda YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyəyə səfər edərək Gənclər Festivalında iştirak edəcək. Şimali Makedoniya Türk Demokratik Partiyasının gəncləri də həmin tədbirdə iştirak edəcək. Bu da iki partiyanın gəncləri arasında əlaqələrin qurulması üçün gözəl bir platformadır. Mayın 11-də Milli Məclisdə Azərbaycan-Şimali Makedoniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında görüş də keçiriləcək. Şimali Makedoniya ilə əlaqələrin inkişafı YAP-ın Avropada əməkdaşlıq əlaqələrinin genişlənməsinə də töhfə verə bilər. Biz gələcəkdə Orta Asiya türk dövlətlərinin siyasi partiyaları ilə əlaqələrin qurulması üçün birgə addımlar da atmağı nəzərdə tuturuq”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

Öz növbəsində Makedoniya Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Məclisinin üzvü Beycan İlyas Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edərək bildirib: “Bu gün səfərimiz türk dünyasının böyük dövlət adamı, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının ildönümünə təsadüf edir. Biz Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiramımızı bildiririk”. O, Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu deyərək bildirib ki, dostqardaş bir xalqın qazandığı nailiyyətlər bizi çox sevindirir. Beycan İlyas yeni mərhələdə güclənən Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin daha da güclənməsində maraqlı olduqlarını vurğulayıb.

Qonaq Yeni Azərbaycan Partiyası ilə əlaqələrin genişlənməsinə böyük önəm verdiyini diqqətə çatdırıb. Onun fikrincə, Əməkdaşlıq Memorandumunun imzalanması qarşılıqlı əlaqələrin inkişafına öz töhfəsini verəcək: “Azərbaycan bizim üçün qardaş bir ölkədir. Azərbaycanı həm Balkan regionunda, həm də Avropada təmsil etmək üçün YAP-la əməkdaşlıq etmək təklifimiz müsbət qarşılandı”.

Beycan İlyas İkinci Qarabağ müharibəsinin Azərbaycanın gücünü bütün dünyaya göstərdiyini vurğulayaraq deyib: “Bu Zəfər münasibətilə Azərbaycan xalqını təbrik edirik. Əgər İkinci Qarabağ müharibəsi dövründə Şimali Makedoniya parlamentinə Ermənistanın lehinə bir qərar layihəsi gəlsəydi, biz buna qarşı çıxardıq. Allahdan şəhidlərə rəhmət, qazilərə şəfalar diləyirik. Qardaş Azərbaycana da dünyadakı bu yüksəlişini davam etdirməyi arzulayırıq. Biz bir NATO, Avropa ölkəsi olaraq bundan sonra da Azərbaycanı dəstəkləyəcəyik. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə də partiyalarımız arasında Əməkdaşlıq Memorandumunun imzalanmasını dəstəklədiyi üçün təşəkkür edirik”. Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri onu da qeyd edib ki, Azərbaycan və Şimali Makedoniya türkləri qardaşdırlar. Bu qardaşlığın daha da güclənməsi üçün əlimizdən gələni etməliyik.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

 

Azərbaycan.- 2022.- 11 may.- S.7.