Tahir Budaqov: YAP ilə Makedoniya Türk Demokratik Partiyası arasında əlaqələrin inkişafı üçün yaxşı imkanlar var

 

Mayın 10-da Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Məclisinin üzvü Beycan İlyas və partiyanın sədr müavini, Əmək və Sosial Siyasət nazirinin müavini Ənvər Hüseynlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafı üçün potensialın olduğunu bildirib. YAP Sədrinin müavini diqqətə çatdırıb ki, xüsusilə iqtisadi-ticari, mədəni və turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Görüşdə, eyni zamanda, Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı, 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin öz ərazi bütövlüyünü təmin etdiyi vurğulanıb. Bildirilib ki, qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsidir. Bu prosesdə dost ölkələrin şirkətləri də iştirak edirlər.

Tahir Budaqov deyib ki, Yeni Azərbaycan Partiyası ilə Makedoniya Türk Demokratik Partiyası arasında əlaqələrin inkişafı üçün yaxşı imkanlar varbu ölkədəki türk toplumunun ictimai-siyasi fəallığı da məmnunluq doğurur. Bu səfər qarşılıqlı əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.

Görüşdə iştirak edən YAP Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov da Azərbaycan-Şimali Makedoniya əlaqələri, bu münasibətlərin inkişafında partiyaların rolu haqqında fikirlərini bildirib.

Makedoniya Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Məclisinin üzvü Beycan İlyas Azərbaycana səfər etməkdən məmnunluğu bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini və ölkənin uğurlarına sevindiyini söyləyib. Bildirilib ki, Azərbaycanla Makedoniya dost ölkələrdir. Beycan İlyas Makedoniya Türk Demokratik Partiyasının Yeni Azərbaycan Partiyası ilə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib. Bu səfərin də məhz iki partiya arasında mövcud əlaqələrin və dostluq münasibətlərinin daha da gücləndirilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.

 

Azərbaycan.- 2022.- 11 may.- S.7.