Prezident Administrasiyasının şöbə müdiri
Şimali Makedoniyanın Türk
Demokratik Partiyasının rəhbərliyi
ilə görüşüb
Mayın 10-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Şimali Makedoniyanın Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Parlamentinin deputatı, Şimali Makedoniya – Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Beycan İlyas və həmin Partiyanın xarici əlaqələr üzrə sədr müavini, Şimali Makedoniyanın əmək və sosial siyasət nazirinin müavini Ənvər Hüseyn ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Ədalət Vəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı və sürətli quruculuq işlərinin həyata keçirilməsi ilə regionda tamamilə yeni inkişaf mərhələsinin başlandığını qonaqların diqqətinə çatdırıb. O, dövlətimizin başçısının ədalətli beynəlxalq sülh və təhlükəsizlik naminə fəaliyyətini, habelə quruculuq əzmini vurğulayaraq beynəlxalq ictimaiyyətin bu prosesdə yaxından iştirakının və dəstəyinin vacibliyini qeyd edib. Şöbə müdiri bildirib ki, regionda təcavüzkarlığın yenidən baş qaldırmaması və təqsirkarların daim beynəlxalq qınaq hədəfində olması üçün dünya ictimaiyyətinin inamlı səy göstərməsi zəruridir.
Ədalət Vəliyev Prezident İlham Əliyevin apardığı sistemli və çoxşaxəli inzibati-siyasi islahatların nəticələrindən danışaraq ölkədə iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu deyib. Eyni zamanda, dövlətimizin başçısının sosial siyasətinin əsas məqamları, xüsusilə koronavirus pandemiyası ilə mübarizə sahəsində Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə həyata keçirilən kompleks məqsədyönlü tədbirlər barədə məlumat verilib. Görüşdə, həmçinin regionda yaranmış yeni reallıq fonunda ölkələrarası siyasi müstəvidə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin dərinləşməsinin, müxtəlif siyasi platformalar vasitəsilə obyektiv məlumatların mübadiləsinin və geniş beynəlxalq auditoriyaya ötürülməsinin mühüm əhəmiyyət kəsb etdiyi, Azərbaycan Respublikasının xalqların milli maraqlarına cavab verən və dövlətlərin inkişafına, ədalətli sülhə xidmət edən bütün təşəbbüsləri dəstəklədiyi bildirilib.
Qonaqlar Şimali Makedoniyanın Türk Demokratik Partiyasının Yeni Azərbaycan Partiyası ilə qarşılıqlı sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu qeyd edərək, bu cür əlaqələrin reallaşdırılmasının faydalı olacağına, iki ölkə və xalq arasında dostluq münasibətlərini daha yüksək pilləyə yüksəldəcəyinə əminlik ifadə ediblər.
Daha sonra əsas əməkdaşlıq istiqamətləri üzrə icra oluna biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb, imzalanacaq partiyalararası əməkdaşlıq memorandumunun əsas aspektləri müzakirə olunub. Etibarlı əməkdaşlıq və tərəfdaşlıq, qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanan memorandum parlamentlərarası peşəkar fəaliyyətin inkişafı, partiyalararası təmasların fəallaşdırılması, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, habelə gənclər siyasəti, elm və digər sahələrdə konstruktiv əməkdaşlığı nəzərdə tutur.
Görüşdə, həmçinin
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri
Tahir Budaqov iştirak edib.
Azərbaycan.-
2022.- 11 may.- S.7.