"Xarıbülbül" Şuşada yenidən dünyanı başına toplayır

 

Mədəniyyət paytaxtımız mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib

 

Şanlı Vətən müharibəsində qazandığımız qürurlu Zəfər Qarabağda tarixi ənələrimizin və mədəni tədbirlərimizin də bərpasına yol açıb. İndi azadlığına qovuşdurulan torpaqlarımız bərpa-quruculuq meydanına, Şuşa isə mədəniyyətimizin mərkəzinə çevrilib. Şuşada gerçəkləşən mədəniyyət tədbirlərinin ilk carçısı isə ötən ilin 12-13 may tarixlərində Cıdır düzündə gerçəkləşən "Xarıbülbül" Musiqi Festivalı olub.

Bu günlərdə isə "Xarıbülbül" dünyanı Şuşada toplayacaq. Bu dəfəki festivalda müxtəlif ölkələrin folklor kollektivləri də çıxış edəcəklər və bir daha Azərbaycanın mədəniyyət paytaxtından bütün dünyaya barışıq mesajı verəcəklər.

 

Zirvədə yazılan tarix

 

Qarabağımızın mirvarisi Şuşa sürətlə dirçəlir, mədəni, mənəvi ruhunu özünə qaytarır. Gün-gündən çiçəklənən tarixi şəhərimiz təkcə Azərbaycanın deyil, Qafqazın mərkəzinə çevrilir. Azadlığına qovuşandan qısa zaman sonra, Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa mühüm tədbirlərin ev sahibi olmaqla yanaşı, beynəlxalq toplantıların keçirildiyi məkan kimidünyada məşhurlaşıb.

Təsadüfi deyil ki, Prezidentin sərəncamına əsasən Şuşanın mədəniyyət paytaxtımız elan edilməsi şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği başlıca məqsədlər kimi müəyyən edilib.

Elə bu müstəsna məqsədlərə əsasən də Şuşada ənənəvi mədəni həyat ötən ilin mayın 12-si və 13-də qala şəhərimizdə keçirilən "Xarıbülbül" festivalı ilə öz axarına düşdü. Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxış etdiyi, xalqklassik musiqi nümunələrindən ibarət proqramın təqdim olunduğu festivalda xalqımız bir daha bütün dünyaya öz birgəliyini nümayiş etdirdi.

Ötən ilin 15 iyununda Şuşada Azərbaycan Türkiyə əlaqələri tarixinə daha bir əlamətdar gün yazıldı. Prezident İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı və hər bir azərbaycanlının mənəvi paytaxtı hesab olunan Şuşa şəhərində Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında möhtəşəm Şuşa Bəyannaməsi imzalandı.

Azərbaycanın qurtuluş günündə, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair məhz Şuşada imzalanan möhtəşəm bəyannamə ilə əzəldən var olan münasibətlərimiz daha yüksək zirvəyə ucaldı.

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və mənfur erməni qəsbkarlarının işğalçılıq siyasəti nəticəsində yarımçıq qalan mədəni tədbirlərimizdən olan "Vaqif Poeziya Günləri" də 2021-ci ilin 30 avqustunda yenidən Şuşada keçirildi. İllərdən sonra  Qarabağımızda baş tutan ənənəvi şeir bayramı sənətsevərlərin, ümumilikdə Azərbaycan xalqının böyük sevincinə səbəb oldu.

18 sentyabr Milli Musiqi Günümüzü də ötən ilin həmin günündə illərlə arzuladığımız kimi  dahi Üzeyir bəyin doğma şəhəri Şuşada, elə dahi bəstəkarın heykəlinin yerləşdiyi parkda təntənəli şəkildə qeyd etdik. Şuşadan səslənən möhtəşəm musiqilərimiz bütün Qarabağa, Azərbaycana, dünyaya səs saldı.

 

"Şuşa ili"nin töhfələri

 

2022-ci ili isə Prezident İlham Əliyev başdan-başa Şuşa ili elan edib. Elə bu müstəsna statusa uyğun olaraq ötən ilki kimi, bu ilŞuşa ən mötəbər tədbirlərə evsahibliyi edibdaha neçə-neçə təntənəli tədbirlərin keçirilməsinə hazırlaşır.

Mədəniyyətimizin paytaxtında gerçəkləşən belə mühüm tədbirlərdən biri isə martın 18-də şəhərdə Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı oldu.

Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş bu toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyırdı.

Azərbaycan parlamentinin komitə iclaslarının da Şuşada keçirilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin möhtəşəm nəticələrindəndir.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacib göstəricilərindən biri kimi mühüm siyasi əhəmiyyət kəsb edən bu tədbir, həm də illərdir torpaqlarımıza göz dikən işğalçılara böyük zərbə oldu. Çünki erməni mənfurlarının saxta parlament yaratmaqŞuşada parlament binası tikmək kimi quduz iştahları Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə sayəsində məhv oldu.

Ötən ay dünya azərbaycanlıları da mədəniyyət paytaxtımıza yığışdılar və təntənə ilə Zəfər qurultaylarını keçirdilər. Sayca 5-ci olan bu fəxarətli qurultayda azad Qarabağda, azad Şuşada toplaşan həmvətənlərimiz öz sarsılmaz və əbədi həmrəyliklərini bir daha bütün dünyaya, dosta-düşmənə bəyan etdilər.

 

Şuşanın yeni statusu

 

Azərbaycanın mədəniyyət paytaxtı gün keçdikcə yeni statuslara da sahib olur. Bu gün Şuşa həm də dünyada Qafqazın diplomatiya mərkəzi kimi tanınır. "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq" adlı beynəlxalq forumun da məhz Qarabağımızın incisi Şuşada təşkil olunması buna bariz nümunədir və onun göstəricisidir ki, Şuşa regional əhəmiyyətə malik şəhərdir.

Bu günlərdə isə Azərbaycanın dilbər guşəsi Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəldilər. Mədəniyyət paytaxtımızda keçirilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında Azərbaycan xalqının qonaqpərvərliyi, bu şəhərin qədimliyi və gözəlliyi bir daha nümayiş etdirildi. Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi-mənəvi dəyərləri təqdim edildi. Kulinariya festivalının son günündə isə Azərbaycanın milli musiqiləri səsləndirildi, qonaqlara yerli tamaşa və filmlərdən səhnəciklər təqdim edildi. Bir sözlə, dünya Azərbaycan mədəniyyəti ilə bir daha Şuşada tanış oldu.

 

İnkişaf, qələbə, sülh rəmzi

 

Qarşıdakı zamanda da qədim yurdumuzda keçiriləcək yerli və beynəlxalq əhəmiyyətli xeyli tədbirlər gözlənilir.

Bu il, 1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa şəhərinin 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək.

Şuşa təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürur, zəfər  ünvanıdır. Buna görədir ki, Zəfər simvolumuz Şuşa 2023-cü ildə "Türk Dünyasının Mədəniyyət Paytaxtı" olmaq kimi müstəsna missiyanı da qürurla yerinə yetirəcək.

Şuşada həyata keçirilən və adlarını sadaladığımız tədbirlər Qarabağımızın baş tacının adına, şöhrətinə yaraşır bir şəkildə hərtərəfli inkişaf etdiyinin, ənənəvi tarixi günlərinə qovuşduğunun bariz göstəricisidir. Eyni zamanda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də Qafqazın inkişaf, qələbə, sülh rəmzi olduğunun təntənəli sübutdir.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 11 may.- S.8.