Siyasi dialoq prosesləri çərçivəsində
Prezident Administrasiyasında növbəti görüş keçirilib
Siyasi dialoq prosesləri çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya sədrləri ilə görüşləri artıq iki ildir davamlı şəkildə təşkil olunur. Növbəti görüş mayın 11-də Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ilə keçirilib.
Bu barədə AZƏRTAC-a Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildiriblər.
Görüşdə şöbə müdiri Ədalət Vəliyev dünyada cərəyan edən geosiyasi proseslərin ölkədə siyasi həmrəylik mühitinin qorunmasını şərtləndirdiyini xüsusi vurğulayıb. “Bilavasitə milli maraqlara cavab verən məsələlərdə siyasi partiyalar ilə əməkdaşlıq ölkədə reallaşan siyasi dialoqun prioritet istiqamətlərindən biridir”, - deyən Ədalət Vəliyev qeyd edib ki, Azərbaycana qarşı aparılan informasiya təxribatları ilə mübarizədə siyasi partiyaların bütün potensialları səfərbər olunmalıdır. 1992-ci ildə yaradılmış Azərbaycan Milli İstiqlal Partiyasının Avropa Xalq Partiyası da daxil olmaqla geniş beynəlxalq əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edən şöbə müdiri bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mövcud əlaqələrdən səmərəli şəkildə istifadə olunmalıdır.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşmasını yüksək qiymətləndirib, bu prosesin demokratik dəyərlərin möhkəmləndirilməsi, siyasi mədəniyyətin yüksəlməsinə xüsusi dəstək olduğunu bildirib. O, ölkədə bütün siyasi qüvvələrin ümummilli məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi olmasının vacibliyini qeyd edib.
Görüşdə digər məsələlərlə yanaşı, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra regionda yaradılmış yeni reallıq mövzusu da geniş müzakirə olunub. Bildirilib ki, qazanılmış Qələbə və ölkənin müxtəlif iqtisadi təşəbbüsləri sayəsində Azərbaycanın dünya siyasi xəritəsində çəkisi əsaslı şəkildə artıb. Dayanıqlı inkişaf naminə iqtidar-müxalifət münasibətlərinin məhz konstruktiv əməkdaşlıq formatında inkişaf olunması üçün qarşılıqlı səylər artırılmalıdır. Bu cür əməkdaşlıq formatı əldə olunmuş uğurların qorunmasına xidmət edəcək və təhdid xarakterli müxtəlif təxribatların qarşısının alınmasına da töhfə verəcək.
Administrasiya rəsmisi Azərbaycan Milli İstiqlal Partiyasının ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunda fəal iştirak etməsini, o cümlədən ümummilli məsələlərlə bağlı birgə bəyanatlara və müraciətlərə qoşulmasını, siyasi partiyaların birgə iclaslarında və azad olunmuş ərazilərə birgə səfərlərdə iştirakını, siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməsini, həmçinin Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatlarının vaxtında və tələb olunan qaydada təqdim etməsini yüksək qiymətləndirib və bu halların partiyanın imicinə müsbət təsir edən önəmli amillər olduğunu bildirib.
Söhbət zamanı Arzuxan Əlizadə rəhbərlik etdiyi partiyanın 30 illik yubileyi ilə əlaqədar müvafiq tədbirlərin keçirilməsinə hazırlaşdıqlarını qeyd edib.
Azərbaycan.- 2022.- 12 may.- S.2.