Yeni pensiya islahatları konsepsiyası hazırlanır

 

Mayın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitənin sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini diqqətə çatdırıb. İlk üç məsələnin üçüncü oxunuşda olan “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarında və Əmək Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihələri olduğunu bildirən komitə sədri gündəlikdəki məsələlər barədə məlumatları birgə dinləməyi təklif edib.

“Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verən M.Quliyev təklif olunan dəyişikliklərin mahiyyət etibarilə vətəndaşların pensiya təminatının yaxşılaşdırılmasına xidmət etməklə müsbət xarakter daşıdığını qeyd edib. O, sənədin ikinci oxunuşunda deputatların layihə ilə bağlı çıxışlarda səsləndirdikləri qeyd və fikirlərini şərh edib.

Azərbaycanda pensiya təminatı sahəsində islahatların davam etdiyini vurğulayan komitə sədri yeni pensiya islahatları konsepsiyasının hazırlandığını və qaldırılan məsələlərin bu konsepsiyada nəzərə alına bilinəcəyini deyib.

Gündəliyin ikinci məsələsi olanSosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verən M.Quliyev diqqətə çatdırıb ki, sənəd “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanıb.

Təklif edilən dəyişiklikdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin digər sosial ödənişlərdən asılı olmayaraq təyin edilməsi nəzərdə tutulub. Bu zaman ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərindən hər hansı birinin həm də sosial müavinət alma hüququ olduqda, şəxsin pensiya və müavinət arasında seçim etmək imkanı olacaq, şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin ediləcək.

Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.

V.Bayramov qeyd edib ki, Məcəlləyə təklif olunan dəyişikliklər əmək münasibətlərinin təkmilləşdirilməsi, xüsusən də əmək müqavilələrinin beynəlxalq standartlara uyğunlaşdırılması xarakteri daşımaqla, fiziki şəxs olan işəgötürənlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi hallarının tənzimlənməsi məqsədilə hazırlanıb.

Qanun layihələrinin müzakirələrində deputatlar Jalə Əliyeva, Qüdrət Həsənquliyev, Arzu Nağıyev, Aqil Məmmədov çıxış edərək sənədlərdə təklif olunan dəyişiklikləri dəstəkləyərək qeydlərini bildiriblər. Onlar dəyişikliklərin mahiyyətini əhali üçün ətraflı izah etmək, xüsusən də təklif edilən dəyişikliklərdə hərbi qulluqçuların pensiya təminatı ilə bağlı müddəaların sosial şəbəkələrdə mənfi kontekstdə səhv olaraq şərh edilməsinin qarşısını almaq üçün maarifləndirmə işlərinin genişləndirliməsinin əhəmiyyətinə toxunublar.

İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb. E.Abbasovun deputatların irəli sürdükləri məsələlərlə bağlı izahatı dinlənildikdən sonra komitə hər üç qanun layihəsini üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edib.

Sonra komitə sədri gündəliyin son məsələsi olan Mülki Məcəllədə, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütüntütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edib. Komitə sədri bildirib ki, sənəd “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb. Layihə üzrə komitə “Tütüntütün məmulatı haqqında” Qanuna təklif edilən dəyişikliyə öz rəyini verməlidir. O bildirib ki, “Tütüntütün məmulatı haqqında” Qanuna 19.1-1-ci maddə əlavə olunub: Sahibkarlara münasibətdə tütüntütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Deputatlar müzakirəyə çıxarılan bu qanun layihəsini də birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

Onlayn iclasda Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, deputatlar Əziz Ələkbərov, Sevinc Hüseynova, Səttar Möhbalıyev, İlham Məmmədov, Ziyad Səmədzadə, Əli Məsimli və digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan.- 2022.-12 may.- S.2.