QMİ-nin sədri: “Azərbaycanın
dinlərarası dostluq və
qardaşlıq mühitində birgəyaşayış ənənələri
dünya üçün
örnəkdir”
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanında səfərdədir.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İslam Aləmi Liqasının Baş katibi Əbdülkərim Əl-İsanın dəvəti ilə şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Rabitə təşkilatının mayın 11-də Ər-Riyadda keçirilən “Dinlərin davamçıları arasında ortaq dəyərlər” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Konfransda məruzə ilə çıxış edən QMİ sədri Azərbaycan, Qafqaz müsəlmanları adından tədbir iştirakçılarını salamlayaraq, İslam Peyğəmbərinin vətəni olan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dünya dinlərinin təmsil olunduğu belə möhtəşəm tədbirin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Sülhə, dinlərarası və sivilizasiyalararası dialoqun inkişafına töhfə verəcək tədbirdə müasir problemləri birlikdə müzakirə etmək imkanı yaratdığına görə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman həzrətlərinə minnətdarlığını ifadə edən şeyxülislam A. Paşazadə xüsusilə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı xalqına və Kral həzrətlərinə salamlarını, xeyir-dualarını yetirməkdən şərəf duyduğunu bildirib. A.Paşazadə Səudiyyə Ərəbistanı Krallığının bu təşəbbüsünün beynəlxalq müstəvidə qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Şeyxülislam A. Paşazadə xüsusi qeyd edib ki, Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası qanunların, mənəviyyatın və ədalətin aliliyi ilə mümkündür. Lakin təəssüf ki, bəşəriyyətə təhdid olan amillərin reallaşması və böhranların dərinləşməsi beynəlxalq hüququn normalarına riayət olunmaması, insan hüquqlarının pozulması, ikili standartlar, qəbul edilən qərarların yerinə yetirilməməsi və ən başlıcası, dünyada sülhün təmin olunmasında Birləşmiş Millətlər Təşkilatının həlledici rolunun azalması ilə əlaqədardır.
QMİ sədri məruzəsində dünya ictimaiyyətini milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməyə çağırıb. Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində birgəyaşayış ənənələrini bütün dünya üçün örnək olaraq təqdim edən şeyxülislam A. Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi “Bakı Prosesi”nin sivilizasiyalararası dialoqun davamlı inkişafına və multikulturalizm ideyalarının təbliğinə xidmət etdiyini xüsusi vurğulayıb.
Dünyada baş verən münaqişələrin, xüsusilə Ukraynada yaşanan humanitar fəlakətin hamını narahat etməsinə toxunan QMİ sədri bu əsnada müharibə dəhşətlərini və qaçqın fəlakətlərini yaşamış Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın hərbi təcavüzə məruz qaldığını, xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasətinin həyata keçirildiyini xatırladıb. Azərbaycanın beynəlxalq hüququn normalarına və BMT-nin 4 qətnaməsinə əsaslanaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdiyini vurğulayan şeyxülislam A. Paşazadə işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizin bərpasından, işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparmağımızdan danışıb.
Müasir dövrümüzdə təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışlarının bəşəri təhlükəyə çevrilməsinə diqqət çəkən QMİ sədri dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu kimi bu yaxınlarda İsveç və Danimarkada “Qurani-Kərimi”n yandırılması cəhdlərini xatırladıb, bu kimi halların hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən ciddi şəkildə qınanmalı olduğuna vurğu edib. Şeyxülislam söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, habelə ksenofobiya, antisemitizm, islamofobiya və xristianofobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyib. O bildirib ki, təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından və nifrət çağırışlarından irəli gəlir.
Şeyxülislam A. Paşazadə din və siyasət xadimlərinin beynəlxalq platformalarda sülh naminə birgə əməkdaşlığının zamanın tələbi olduğunu vurğulayaraq, bu məqamların beynəlxalq təşkilatların kürsülərindən təbliğ olunmasını vacib hesab etdiyini, bu sahədə müvafiq dinlərarası platformalarda, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, G-20, KAICIID və digər qurumlar ilə əməkdaşlığın davam etdirilməsini məqsədəuyğun hesab etdiyini diqqətə çatdırıb.
Konfrans çərçivəsində şeyxülislam A. Paşazadə İslam Aləmi Liqasının Baş katibi Əbdülkərim Əl-İsa ilə də görüşüb. Səmimi qardaşlıq şəraitində baş tutan görüşdə tədbirə dəvətə görə minnətdarlığını bildirən QMİ sədri konfransın yüksək səviyyədə baş tutması münasibətilə təşkilatçı qismində İslam Aləmi Liqasının Baş katibini təbrik edib.
Baş katib öz növbəsində şeyxülislam A. Paşazadənin tədbirdə iştirakını çox önəmli sayıb və yüksək dəyərləndirib.
Mötəbər tədbirin kuluarlarında şeyxülislam A. Paşazadənin görkəmli din xadimləri ilə çoxsaylı görüşləri olub.
Vatikanın Dinlərarası Dialoq Şurasının İslamla əlaqələr departamentinin müdiri Xalid Akaşe ilə səmimi görüş zamanı Vatikan nümayəndə heyətinin şeyxülislamın dəvəti əsasında Azərbaycana nəzərdə tutulan səfəri müzakirə olunub.
Habelə Amerika Yəhudi Konqresinin beynəlxalq müdiri, KAICIID Direktorlar Şurasının üzvü Devid Rozen ilə görüşdə KAICIID-in qarşıdakı dövrdə fəaliyyəti və ümumilikdə dinlərarası dialoq prosesinin perspektivləri ətrafında müzakirələr aparılıb.
Konstantinopol Ekumenik patriarxatı Varfolomey, KAICIID Direktorlar Şurasının üzvü - Xalxidon (Kadıköy) baş mitropoliti Emmanuel, “Dinlər sülh uğrunda” təşkilatının baş katibi xanım Azza Karam, Misirin baş müftisi Şauqi Əllam, Cenevrənin baş ravvini İzhak Dayan ilə görüşlər də səmimi şəraitdə keçib və məhsuldar olub.
Qeyd edək
ki, Ər-Riyad konfransı ilk
dəfə Səudiyyə Ərəbistanı tarixində
müsəlman, xristian və yəhudilərlə
yanaşı, buddist və induistlərin də
dəvət aldığı ilk beynəlxalq
tədbirdir.
Azərbaycan.-
2022.- 12 may.- S.5.