Əhməd Cavad anılmışdır

 

Gəncədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, tanınmış maarifçiictimai xadim, Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə "Uşaq və Yeniyetmələrə Dəstək" İctimai Birliyinin icra etdiyi "Rənglənmiş tarix" - Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliği layihəsi çərçivəsində təşkil olunan sərgiyə baxmışlar. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhadətə yüksələn Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra sözləri Əhməd Cavada, musiqisi dahi bəstəkar Üzeyir bəy Hacıbəyliyə məxsus olan Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə şairin nəvəsi Süleyman Axundzadə, nəticəsi Cavad Axundzadə, kötücəsi Nərgiz Əhməd qızı, "Cavad xan" Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov çıxış edərək Əhməd Cavadın həyatından, ədəbi yaradıcılığından və ictimai-siyasi fəaliyyətindən söz açmışlar.

Yubiley tədbiri konsert proqramı ilə davam etmişdir.

 

Azərbaycan.- 2022.-12 may.- S.7.