"Biz müharibə yox, sülh istəyirik"
Ermənistanda Azərbaycanla danışıqlara təcili
başlamağı tələb edənlərin sayı
artır
Ermənistanda üç həftəyə yaxındır davam edən etiraz aksiyaları artıq daha gərgin və həlledici mərhələyə qədəm qoymaqdadır. Etirazçılar baş nazir Nikol Paşinyanın devrilməsində, sonuncu isə güc yolu ilə olsa belə, tutduğu postu saxlamaqda israrlıdır. Bu isə artıq ölkədə başlanan vətəndaş savaşının miqyasının genişlənməsini qaçılmaz edir.
Etirazların növbəti günü müxalifət fəalları parlamentin vitse-spikeri İşxan Saqatelyanın başçılığı ilə İrəvanda küçələrin birini bağlayıblar. Aksiya iştirakçıları polisin küçəni açmaq tələbinə məhəl qoymayıblar. Bundan sonra polis etirazçıları saxlamağa başlayıb. Onlar hökumət əleyhinə şüarlar səsləndirir və baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edirlər.
Ermənistanın 70-ə yaxın ictimai-siyasi fəalı isə maraqlı bəyanatı imzalayıb. Ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri, jurnalistlərinin imza atdığı bəyanatda bildirilir ki, Paşinyan keçmiş hərbi xuntanın tələsinə düşüb. Türkiyə və Azərbaycanla münasibətləri bərpa edilməsə, ölkəni uçurumdan xilas etmək mümkün olmayacaq: "Ermənistanın hazırkı siyasi rəhbərliyi illər əvvəl ölkəyə başçılıq etmiş şəxslərin siyasi tələsinə düşüb. İndiki vəziyyətdə ölkəni iqtisadi blokadadan çıxarmaq və inkişaf etdirmək üçün qonşularla münasibətlərin yaxşılaşdırılması əsas şərtdir. Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri bərpa etməlidir. Əks halda ölkəni uçurumdan xilas etmək mümkün olmayacaq. Müxtəlif siyasi partiyaların Qarabağla bağlı mövzu ətrafında spekulyasiyalara əl atması hakimiyyətə gəlmək məqsədi güdür. Onların istəyi vətəndaş müharibəsinin başlamasıdır. Biz müharibə yox, sülh və yaşamaq istəyirik. Biz minlərlə erməninin düşündüklərini dilə gətiririk. Ermənistan rəhbərliyindən tələbimiz Qarabağ məsələsini sülh yolu ilə həll etməkdir. Biz sülhün qələbəsini bayram etmək istəyirik".
Ermənistanda müxtəlif zümrədən olan insanlar ölkədəki hadisələrin təxribat və hakimiyyət uğrunda mübarizə olduğunu anlayır. Onlar yaxşı başa düşürlər ki, ölkəni uçurumdan xilas etmək üçün revanşist ideyalardan uzaqlaşmaq və reallıqları qəbul etmək lazımdır.
Bu arada məlum olub ki, erməni lobbisi də Paşinyana qarşı çıxanlarla birlikdədir. Belə ki, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan erməni icmasının bir qrupu Paşinyanın istefasını tələb edib. Erməni lobbisinin təmsilçiləri Ermənistan polisini İrəvanda keçirilən aksiya iştirakçılarına zor tətbiq etməməyə çağırıblar.
Ermənistanda yüksələn siyasi gərginlik fonunda artan xarici borclar da İrəvana müsbət heç nə vəd etmir. Əksinə, beynəlxalq təşkilatlar, müxtəlif xarici dövlətlər Ermənistana yeni borclar verilməsinə indi böyük ehtiyatla yanaşırlar. Çünki Ermənistan əvvəl aldığı xarici borcların qaytarılmasında böyük çətinliklər yaşayır, eyni zamanda bu ölkənin həmin borclar əvəzinə verə biləcəyi digər hər hansı resursu yoxdur. Əksər dövlət müəssisələri isə xarici borc əvəzinə çoxdan əcnəbilərin, əsasən də Rusiya şirkətlərinin əlinə keçib. Yeri gəlmişkən, qeyd edək ki, həmin müəssisələrin çoxu həm də fəaliyyətsizdir və yaxın perspektivdə işə düşmələri gözlənilmir.
Aprel ayında Ermənistanın istehlak bazarında inflyasiya mart ayı ilə müqayisədə 2,3 faiz təşkil edib. Qeyd olunur ki, aprel ayında mart ayı ilə müqayisədə ölkənin bütün şəhərlərində istehlak qiymətləri 1,9-2,5 faiz artıb, ən yüksək inflyasiya Qafanda qeydə alınıb. İrəvanda isə istehlak qiymətləri 2,4 faiz artıb. Bu ilin aprel ayında mart ayı ilə müqayisədə ərzaq və alkoqolsuz içkilərin inflyasiyası 4 faiz artıb. Statistika Komitəsinin məlumatına görə, aprel ayında mart ayı ilə müqayisədə çörəyin qiyməti 1,7 faiz artıb. Unun qiyməti 2,9 faiz, makaron məmulatının qiyməti isə 7,3 faiz bahalaşıb.
İndi Ermənistanda belə hesab olunur ki, mövcud problemlərin meydana gəlməsi və dərinləşməsində Paşinyan iqtidarının yarıtmaz siyasəti əsas rol oynayır. Nikol Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu isə o deməkdir ki, Ermənistanı qarşıdakı dövr ərzində hələ də ağır günlər gözləyir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2022.- 12 may.- S.8.