MDB PA-nın Aqrar siyasət, təbii
ehtiyatlar və ekologiya
üzrə daimi komissiyasının onlayn iclası keçirilib
Mayın 12-də Müstəqil Dövlət Birliyinin Parlament Assambleyasının (MDB PA) Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.
İclasda MDB PA-ya üzv ölkələrin parlamentariləri iştirak ediblər. Azərbaycanı tədbirdə Milli Məclisin deputatı, MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının sədr müavini Mixail Zabelin və komissiyanın üzvü Afət Həsənova təmsil ediblər.
Onlayn iclasda komissiyanın sədri Bolya Vladimir iclasın gündəliyini təqdim edib. Gündəlik təsdiq olunduqdan sonra, təşkilati məsələlərə baxılıb.
Toplantıda parlamentarilər və ekspertlər MDB iştirakçısı olan dövlətlərdə yaxın üç il ərzində aqrar siyasət, təbii ehtiyatlar və ekologiya sahəsində model qanun yaradıcılığının inkişaf etdirilməsinin zəruri olduğu əsas sahələri barədə və Müstəqil Dövlətlər Birliyində 2023-2025-ci illər üçün model qanun yaradıcılığının perspektiv planına dair təkliflər haqqında danışıblar. Milli Məclisin deputatı, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyanın sədr müavini Mixail Zabelin iclasda “Coğrafi göstəricilərin, adların, mənşə yerlərinin və ənənəvi zəmanətli məhsulların mühafizəsi” haqqında model qanun barədə fikirlərini açıqlayıb, təkliflərini verib.
Tədbirdə birlik ölkələrinin parlamentariləri gündəlikdə duran və yeni redaksiyada təqdim edilən “Ekoloji təhlükəsizlik haqqında”, “İstehsal və istehlak tullantıları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri haqqında”, “Ekoloji informasiyanın əlçatanlığı haqqında” model qanun layihələrinə baxıblar.
Onlayn iclasda “Mədənçıxarma fəaliyyətinin ətraf ərazidə yaşayan əhalinin sağlamlığına potensial təsirinin qiymətləndirilməsi haqqında” model qanun layihəsinin müzakirəsi zamanı Mixail Zabelin qeyd və təkliflərini bildirib.
Sonra tədbirdə komissiya üzvləri tərəfindən “Ekoloji fondlar haqqında”, “Arıçılıq haqqında” və “Üzvi kənd təsərrüfatı haqqında” model qanun və tövsiyə layihələrinə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Videokonfransda iştirak edən komissiya üzvləri həmçinin BMT Baş Assambleyası tərəfindən 2022-ci ilin Dağlıq Ərazilərin Beynəlxalq Davamlı İnkişafı ili elan edilməsi ilə əlaqədar “Dağ ərazilərinin inkişafı və mühafizəsi haqqında” model qanunun tətbiqi perspektivləri haqqında müzakirələr aparıblar.
İclasda model qanun layihələri ilə bağlı üzv ölkələrin təklifləri dinlənilib, tövsiyə layihələrinə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Azərbaycan.- 2022.- 13 may.- S. 3.