ABŞ Azərbaycanın yaratdığı reallıqları qəbul edir

 

İkinci Qarabağ müharibəsində Azərbaycanın yaratdığı reallıqlar dünya ictimaiyyəti tərəfindən tam dəstəklənir. Bunun ən bariz nümunələri ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsinə, azad olunmuş torpaqlarda aparılan quruculuq işlərinə göstərilən beynəlxalq ehtiramdır. Həmçinin Bakının ATƏT-in Minsk qrupu ilə bağlı qənaətlərini həmsədr dövlətlərin özlərinin də bölüşməsi göstərir ki, 44 günlük müharibədən sonra yaranan reallıqlar hər kəs tərəfindən qəbul olunur.

 

Vaşinqton prosesə dəstək verməyə hazırdır

 

Artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsindən sonra əsas diqqət Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəlib. Ötən ilin dekabrından Avropa İttifaqının vasitəçiliyi ilə start götürən "Brüssel prosesi"nin də məqsədi üçtərəfli bəyanatlarda nəzərdə tutulmuş məsələlərin reallaşması, münasibətlərin normallaşması və sülhün əldə olunmasıdır.

Ermənistanın Azərbaycanın təkliflərini qəbul etməsi ilə müşayiət olunan proses tədricən beynəlxalq səviyyədə özünə daha güclü dəstək qazanır. Bunu mayın 11-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi də göstərir. Telefon danışığı zamanı ABŞ Dövlət katibi Azərbaycanla Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Antoni Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, aprelin 6-da keçirilən Brüssel görüşündən bir gün əvvəl də Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng etmişdi. Söhbət zamanı Antoni Blinken Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın yüksək önəm verdiyini bildirmişdi.

Bütün bu təmaslar ilk növbədə ondan xəbər verir ki, ABŞ İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqları tam bölüşür. Ən əsası, Vaşinqton da qəbul edir ki, bundan sonrakı proseslər, münasibətlərin normallaşmasının təmin olunması məhz yeni reallıqlar fonunda baş verməlidir.

 

Azərbaycanın mövqeyi konstruktiv və nəticəyönümlüdür

 

Normallaşma prosesində diqqəti çəkən əsas məqam isə Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında predmetli danışıqların aparılmasıdır. Bu prinsplər dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasıdır.

Göründüyü kimi, bu prinsiplərdə qoyulan hər bir məsələ beynəlxalq hüququn norma və tələbləri çərçivəsindədir və tərəflərin maraqlarını qarşılıqlı şəkildə ehtiva edir. Bu prinsiplər beynəlxalq səviyyədə də təqdir olunur. Avropa İttifaqı da Azərbaycanın təkliflərini dəstəkləyir. Başqa çıxış yolu olmayan Ermənistanın isə Azərbaycanın beş prinsipini qəbul etməkdən başqa yolu yoxdur. Çünki bunun əksinə getmək sülhə və təhlükəsizliyə qarşı çıxmaq olar ki, bunun da Ermənistana necə başa gələcəyini İrəvanda yaxşı anlayırlar.

Ermənistanla münasibətləri normallaşdırmaq məqsədilə təqdim olunan 5 prinsip Ermənistan tərəfindən qəbul olunub və Azərbaycan bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazırdır. Bunu ABŞ Dövlət katibi ilə telefon söhbətində bildirən Prezident İlham Əliyev onu da qeyd edib ki, delimitasiyademarkasiya prosesinin tezliklə başlanılması üçün Azərbaycan milli komissiyanın tərkibini müəyyən edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları, sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, bütün kommunikasiyaların açılışı və etimad quruculuğu tədbirlərini NATO da dəstəkləyir.

Azərbaycan münasibətlərin normallaşdırılmasına xidmət edən konkret fəaliyyət ortaya qoyur. Regionda kommunikasiyaların bərpası istiqamətində Bakının fəaliyyəti də respublikamızın münasibətlərin normallaşdırılması istiqamətində konstruktiv və nəticəyönümlü fəaliyyətinin təsdiqidir. Bütün bunlar Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi arasında telefon söhbətində bir daha bəyan olundu.

Beləliklə, Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı təklifləri, təşəbbüsləri və bu istiqamətdə atdığı konkret addımlar beynəlxalq miqyasda təqdir olunur və dəstək qazanır. Bütün bunlara nail olan Prezident İlham Əliyev həm də Azərbaycanın postmüharibə dövründə milli maraq və mənafelərini qətiyyətlə təmin edir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 13 may.- S.4.