DTX rəisi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi arasında görüş keçirilib

 

Mayın 12-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DTX-nin İctimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonağı səmimi salamlayan Əli Nağıyev dövlət başçılarının birgə səyləri ilə iki qardaş və tərəfdaş ölkə arasında mövcud münasibətlərin ən yüksək səviyyədə olmasından, ötən ilin iyun ayının 15-də imzalanmış Şuşa Bəyannaməsinə uyğun olaraq, təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən bəhs edib. Regional sabitliyə, bölgədə sülhün və əmin-amanlığın qorunub saxlanılmasına Türkiyənin verdiyi dəstəyi xüsusi vurğulayan Xidmət rəisi bölgədə təhlükəsizliyin bundan sonra da etibarlı şəkildə təmin edilməsi üçün ikitərəfli əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

Yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını çatdıran Seyfullah Hacımüftüoğlu təhlükəsizlik məsələləri üzrə dövlətlərarası əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Görüşdə, həmçinin tərəfləri maraqlandıran və qarşılıqlı əhəmiyyət kəsb edən digər məsələlərdə müzakirə olunub.

 

Azərbaycan.- 2022.- 13 may.- S.5.