“YAŞAT” Fondu və Azərbaycan
Əlil Arabasında Qılıncoynatma Federasiyası
“Çiyin-çiyinə bir yumruq kimi” layihəsini
reallaşdırır
Mayın 12-də 50-yə yaxın müharibə əlili Türkiyənin Alanya şəhərinə səfər edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məqsəd “YAŞAT” Fondunun və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (ƏAQF) və “Alanyaspor” futbol klubunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Çiyin-çiyinə bir yumruq kimi” layihəsində iştirakdır.
Mayın 19-dək davam edəcək layihə çərçivəsində qazilərimizin “Alanyaspor” futbol klubunun prezidenti ilə görüşü, həmçinin şəhərin müxtəlif tarixi və mədəni yerləri ilə tanışlığı nəzərdə tutulur. Qeyd olunan müddətdə mədəniyyətlərin və təcrübələrin mübadiləsi məqsədilə müxtəlif tədbirlər təşkil olunacaq.
Səfər çərçivəsində qazilərimiz “Alanyaspor-Qaziantepspor” futbol matçını canlı izləmək imkanı əldə edəcəklər.
Qeyd edək
ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2020-ci il 8 dekabr
tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi
şəhid ailələrinin və hərbi əməliyyatlar
nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial
müdafiəsi sahəsində dövlət tərəfindən
həyata keçirilən tədbirlərə əlavə dəstək
verilməsi istiqamətində vətəndaş cəmiyyəti
təşəbbüslərinin
reallaşdırılması üçün
müvafiq platformanın yaradılması,
bu sahədə şəffaflığın,
hesabatlılığın və ictimai nəzarətin
təmin edilməsidir.
Azərbaycan.- 2022.-13 may.- S.5.