Böyük Britaniyada kral ailəsinin üzvlərinin şərəfinə
ənənəvi olaraq təşkil edilən
Vindzor Kral
Atçılıq Şousu start götürür
Mayın 12-də Londonda Böyük Britaniyada Kral ailəsinin üzvlərinin
şərəfinə ənənəvi
olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu başlayır.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) AZƏRTAC-a bildiriblər ki, Böyük Britaniyanın Vindzor qəsrində Birləşmiş Krallığın Kraliçası II Elizabetin şəxsən iştirakı ilə keçirilən bu şouya 2012-ci ildən etibarən Azərbaycan təmsilçiləri də qatılırlar.
Bu il Kraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümünə həsr olunan Vindzor Kral Atçılıq Şousunda təmsilçilərimiz tərəfindən “Odlar Yurdu” adlı xüsusi proqram təqdim ediləcək.
Heydər Əliyev Fondunun dəstəyi, ARAF-ın təşkilatçılığı ilə ərsəyə gələn, 70 nəfərlik heyətin cəlb olunduğu, Azərbaycanın Əməkdar artisti Nicat Kazımovun quruluş verdiyi proqramda Dövlət Sərhəd Xidmətinin 15 süvarisi tərəfindən Qarabağ atları üzərində möhtəşəm igidlik hərəkətləri nümayiş etdiriləcək. Həmçinin Azərbaycanın Əməkdar artisti, xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə “Sərhədçi” ansamblı tərəfindən milli musiqimizin sədaları altında möhtəşəm rəqs kompozisiyası sərgilənəcək.
Mayın 12-dən 15-dək təşkil olunacaq şouda Azərbaycan nümayəndələrinin ümumilikdə dörd çıxışı nəzərdə tutulub.
Tədbirin bədii hissəsində Azərbaycanla yanaşı Oman, Bəhreyn, İsveçrə, Fransa, Norveç və Hindistan nümayəndələri də iştirak edəcəklər.
Ənənəvi olaraq böyük
tamaşaçı marağına səbəb olan Kral
atçılıq tədbirləri Britaniyanın və
dünyanın aparıcı dövlətlərinin media qurumları tərəfindən geniş işıqlandırılacaq.
Azərbaycan.- 2022.- 13 may.- S.5.