"Övladımı atasına layiq böyüdürəm!"

 

Bu, şəhid xanımlarının müqəddəs andıdır

 

Azərbaycanın 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlığını, öz Prezidenti ətrafında sıx birləşdiyini bir daha tam aydınlığı ilə göstərdi. Bütün bunlarla yanaşı, bu müharibənin olayları Azərbaycan xalqının mənəvi zənginliyini, milli dəyərlərini bir daha ortaya qoydu. Həm də ən ibrətli hadisələrlə, heyrət, bəlkə də təəccüb doğuran hərəkətlərlə, ülvi, müqəddəs yaşantılarla...

Tarix boyu mərdliyi ilə seçilən Azərbaycan atası demə biz bildiyimizdən də böyük ürəyə malik imiş! Qapısına başsağlığına gələnlərin qabağına çıxan şəhid atası sərt-sərt "Mənə başsağlığı verməyin! Məni təbrik edin ki, oğlum Vətən üçün vuruşub, şəhadətə qovuşub!" dedi.

İllərdir qəlbi düşmənin xalqımıza yaşatdığı acılarla dolu şəhid anası da qəzəbdən sanki vulkan kimi püskürdü: "Qisası qiyamətə qoymayan igidim, südüm halalın olsun!". Göz yaşlarını isə xəlvətdə axıtdı şəhid anaları. Amandır, düşmən görməsin, bilməsin, eşitməsin deyə.

Hamını mat qoyan biro oldu ki, hətta evi uzaqmənzilli raketlərlə tar-mar edilən dinc sakinlərin də fikri-zikri cəbhədə idi. Deyirdilər ki, evi yenidən də tikə bilərik. Təki yağı düşmənə qalib gələk.

Şəhid bacıları saç yolmadı, üz cırmadı, "Başımın tacısan, qardaş, qürurumsan, vüqarımsan, qeyrətinə qurban olum!" deyib onlar da sakitcə ağladı, düşməni sevindirmədi.

"Balalarını sənə layid böyüdəcəyəm! Rahat uyu, əziz insan, məkanın cənnət olsun". Bunu isə yarının üçrəngli Azərbaycan bayrağına bükülmüş tabutu qarşısında qəlbi için-için göynəyən abırlı, ismətli bir gəlin dedi. Şəhid xanımı...

Sözümüz də elə onun haqqındadır. Şəhid xanımı, daha doğrusu, şəhid xanımları haqqında, çünki o, tək deyil.

Şəhid xanımları. Zamantale bu kövrək və qürurlu adı daşımağı bir çox Azərbaycan qadınının qismətinə yazdı. Şərəflə də daşıyırlar bu adı. Şəhid evlərinin çıraqlarını ulu nənələrimizdən ərməğan aldıqları sədaqətlə, dəyanətlə yandırırlar.

"Övladlarını sənə layiq böyüdəcəyəm!". Bu onların sanki andına, şüarına, devizinə çevrilib. Hansını dindirirsən, nədən danışsa da, necə danışsa da, mütləq bu kəlmələr də qopur dodaqlarından. Aralarında ali təhsili, elmi dərəcəsi olanlar da var, sadə evdar qadınlar da. Hamısı belə deyir. Bir-birini təkrar etmirlər, əsla! Bunlar hər birinin varlığından, köksündən qopan sözlərdir, hamısının andı-amalıdır.

Qısa vaxtda çox dəyişib bu gənc xanımlar. Möhkəmlənib, mətinləşib, müdrikləşiblər. Ailənin idarə edilməsini öz zərif çiyinlərinə götürərək bu işin öhdəsindən də layincə gəlirlər.

Bir şəhid zabitin həyat yoldaşı müəllimdir. Əvvəllər heç yerdə işləməyib. Üçuşaqlı hərbçi ailəsində elə ev işləri kifayət qədər idi... İndi bu şəhid xanımı paytaxt məktəblərinin birində işlə təmin olunub. Bundan çox məmnundur. Deyir ki, mən də yoldaşımın uğrunda canını fəda etdiyi Vətənə bir xeyir verməliyəm. Həm öz uşaqlarımı, həm də xalqımızın övladlarını qəhrəmanlarımıza layiq tərbiyə etmək üçün işim-sənətim mənim üçün bir vasitədir.

Digər şəhid oğlumuzun ailəsi neçə ildir övlad həsrəti ilə yaşayırdı. Arzuolunan bala ata şəhadətə qovuşandan beş ay sonra dünyaya göz açdı. Şəhidin xanımı deyir: "Fikirləşirdik ki, balacaya hansı adı verək. Gecə atası yuxuma gəldi, qızını əzizləyərək "Ay mənim qaragözlü Məryəmim" deyirdi. Qürurluyam ki, mənim çox vətənpərvər həyat yoldaşım olubbu ali amal uğrunda şəhidlik zirvəsinə yüksəlib. Böyüdükcə bu qüruru Məryəm də duyacaq və belə bir atanın övladı olduğu üçün ömrü boyu başıuca yaşayacaq".

Bu şəhid xanımının isə... 20 yaşı var. Şəhidimiz ailənin yeganə övladı idi. Valideynləri onun qonşu kənddə qız sevdiyini eşidib sevinmiş və tezliklə evə gəlin gətirmişdilər. İndi bu evdə iki oğul bala böyüyür. İkincisi atası döyüşdə şəhid olandan sonra doğulubonun adını daşıyır. Şəhid xanımı danışır: "Bəlkə də valideynlərimin ürəyindən keçir ki, uşaqlarımı da götürüb ata evinə dönüm. Onların gen-bol evi, hər şəraiti var. Mənsə bunu heç vaxt istəmərəm. Ömür-gün yoldaşımın ruhu daim rahat olsun deyə, ata-anasını tək qoymaram. Həm də istəyirəm ki, uşaqlar öz ata ocağında böyüyüb çıraqyandıran olsunlar, yurda, torpağa, vətənə bağlı olsunlar. Dövlətin də əli şəhid ailələrinin üstündədir, köməyini, dəstəyini bizlərdən əsirgəmir. Məsələn, bizim ailənin özünüməşğulluğu üçün imkan yaradılıb və artıq işə başlamışıq".

Başqa bir şəhid xanımı keçən il qəbul imtahanları verib universitetə daxil oldu. "İgid oğullar itirdik, dərdimiz nə qədər böyük olsa da, yerində saya bilmərik, - deyir. - Qarşıda bizi böyük işlər gözləyir. Düşmənin dağıtdıqlarını yenidən tikməliyik. Vətənpərvər övladlar böyütməliyik. Düşündüm ki, bunlar üçün mükəmməl bilik lazımdır. Özüm dərin biliyə yiyələnsəm, həm də oğluma və qızıma gələcək təhsil yollarında köməkçi ola bilərəm".

Şəhid xanımı... Bu gün o, əyninə qara paltar geyinib, başına qara örpək salıb bir küncə qısılan, zəif, dərdin acizləşdirdiyi qadın deyil. Ayağı üstə dayana bilən, güclü, iradəli xanımdır. Lakin elə düşünməyək ki, yolunu Şəhidlər xiyabanına gec-gec salır, üzünü soyuq başdaşına söykəyib odlu gözyaşları axıtmır. Elə düşünməyək ki, uşaqlar yuxuya gedəndən sonra saatlarla albomları vərəqləyib şəkillərlə söhbət eləmir. Elə düşünməyək ki, gündə neçə-neçə xatirəni bir sapa düzüb boyunbağı kimi köksündən asmır. Bütün bunlara rəğmən bədbin də deyil. Buna haqqı yoxdur. Çünki qalib ölkənin qəhrəmanının həyat yoldaşı, ömür-gün dostudur. Məğrur Azərbaycan qadınıdır. Tarixin bütün məqamlarında həyatın çətin sınaqlarından keçən məğrur və sədaqətli Azərbaycan qadını!.. Bunu özü də dərk edir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 13 may.- S.7.