Medianın İnkişafı
Agentliyi “Sərhədsiz
Reportyorlar” təşkilatına
məktub ünvanlayıb
Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyi
(MEDİA) “Sərhədsiz Reportyorlar”
təşkilatına məktub
ünvanlayıb.
AZƏRTAC xəbər
verir ki, məktubda təşkilatın
“2022-ci il Dünya Mətbuat Azadlığı
İndeksi”nə münasibət
bildirilərək, demokratik
cəmiyyətin mühüm
komponentlərindən biri
olan media və ifadə azadlığının
ölkə qanunvericiliyi
və beynəlxalq öhdəliklərə uyğun
olaraq tam təmin edildiyi, medianın inkişafının dövlətin
prioritet fəaliyyət
istiqaməti olduğu
vurğulanıb.
Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamı əsasında
Medianın İnkişafı
Agentliyinin yaradılması,
media islahatlarının dərinləşdirilməsi,
özəl sektoru
media ilə əməkdaşlığa
cəlb edən böyük layihələrin
reallaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi
qeyd edilərək, müvafiq beynəlxalq reytinqlər tərtib olunarkən bu müsbət təşəbbüslərin
nəzərə alınmamasından
təəssüf hissi
keçirildiyi bildirilib.
Qeyd edilib ki, 2021-ci ildə “Sərhədsiz Reportyorlar”
Təşkilatının rəsmi
veb-saytında xidməti
vəzifələrini yerinə
yetirərkən ermənilərin
Kəlbəcər rayonuna
basdırdıqları minaya
düşərək həlak
olan jurnalistlərlə
bağlı məlumatın
təhrif edilərək
təqdim edilməsi, faciənin əsl səbəbi və mahiyyətinin açıqlanmaması,
həmin məlumatın
qərəzli olaraq Azərbaycanın əleyhinə
istifadə edilməsinə
imkan yaradıb və əsassız yanaşmaların formalaşması
ilə nəticələnib.
“2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi”
ilə əlaqədar
Təşkilatın Şərqi
Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri
xanım Janna Kavelyenin
“Amerikanın Səsi”
beynəlxalq multimedia xəbər
təşkilatına müsahibəsində
səsləndirdiyi fikirlər,
o cümlədən Azərbaycanın
yeni reytinqini əsaslandırmaq üçün
irəli sürülən
arqumentlər özlüyündə
tutarlı əsaslara söykənmir və müvafiq İndeks
Azərbaycanda media azadlığının
vəziyyəti ilə
bağlı obyektiv reallığı əks etdirmir.
Məktubda “Media haqqında”
Qanunun müvafiq maddələri bir daha izah edilir,
Azərbaycanda jurnalist
fəaliyyətinə görə
heç kimin həbs edilmədiyi vurğulanır və istənilən sahədə
inkişafın qarşılıqlı
hörmətə, konstruktiv
əməkdaşlığa, bütün tərəflərin
obyektiv, qərəzsiz
yanaşmasına əsaslanmalı
olduğu bildirilir: “İnanırıq ki, bir neçə mənbədən, o cümlədən
bizim mənbələrdən
istifadə edilməsi
“Sərhədsiz Reportyorlar”
Təşkilatının təqdim
etdiyi xəbərlərin
və hesabatların dəqiqliyini, obyektivliyini və etibarlılığını
artıracaq, ixtilafa yol açan halları aradan qaldıracaqdır”.
Məktubun sonunda bir daha
qeyd edilir ki, Medianın İnkişafı Agentliyi
“Sərhədsiz Reportyorlar”
Təşkilatı, eləcə
də media sahəsində
fəaliyyət göstərən
digər təşkilatlarla
dialoqa hazırdır.
Azərbaycan.- 2022.- 13 may.- S.7.