Ölkəmizin iqtisadi inkişafına və müdafiə qüdrətinin artırılmasına xidmət edəcək dəyərli töhfə

 

Bu gün Azərbaycan siyasi, sosial-iqtisadi və elmi-mədəni təkamül yolu keçərək sabit, təhlükəsiz ölkə kimi dünyada tanınmaqdadır. Ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastrukturu yaradılmışdır. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanlarımız uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, iqtisadi-siyasi təhlükəsizliyimizin təminatı və müdafiə qüdrətimizin daha da yüksəldilməsi üçün güclü potensial yaratmışdır.

Böyük qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində qazandığımız zəfər müstəqil respublikamızın bundan sonrakı inkişafı üçün yeni reallıqlara yol açmışdır. Qarşıdakı illərdə işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, Ermənistan da daxil olmaqla qonşu ölkələrlə yaradılacaq yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq, şəhid və qazi ailələrinə dövlətin diqqət və qayğıkeşliyinin gücləndirilməsi kimi digər zəruri məsələlərlə yanaşı, beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən və yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir. Burada əsas məqsədlərdən biri də tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdırsa, digəri bu yolla ölkənin təhlükəsizliyi və müdafiə qüdrətinin artırılmasıdır.

 "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı sənəddə öz əksini tapmış bütün bu prioritet məsələlər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və onun tətbiqyönlü elmi müəssisələrindən - kimya institutlarından yeni reallıqlara uyğun, müasir çağırışlara cavab verən ardıcıl tədbirlərin həyata keçirilməsini tələb edir.

Təbii ki, AMEA-nın, xüsusən onun kimya profilli elmi tədqiqat müəssisələrindən biri sayılan akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) bütün dövrlərdə - istər sovet, istərsə də müstəqillik illərindəki fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri ölkəmizin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılmasına müəyyən töhfələr vermək olmuşdur. Bu elmi müəssisənin alimlərinin təkcə müstəqillik dönəmində ən uğurlu tətbiqi işlərindən biri olan yüksək parafinli neftlərin donma temperaturudinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəqlini təmin edən, hər il min tonlarla istehsal olunub Bakı-Tbilisi-Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilən və bu yolla Azərbaycandan başqa həm qonşu, həm də bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verən "Depressator AKİ" aşqarının adını çəkmək kifayətdir ki, bu institutun nə qədər faydalı işlərlə məşğul olması haqqında fikir formalaşsın.

Hesab edirik ki, bu uğurlu tətbiqi işlərin davamı və ən mühümü kimi 2022-ci il üzrə "Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı"na AMEA Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodu MMC tərəfindən texnika sahəsi üzrə təqdim edilən "Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili" kompleks elmi-texniki işinixüsusi qeyd etmək olar. Bu işin adını Nazirlər Kabinetinin saytında yerləşdirilmiş 2022-ci il üzrə Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına təqdim olunanlar sırasında gördükdə bir anda diqqətimi cəlb etdi və həmin institut və zavodla əlaqə saxlayıb bəzi detallı məlumatları aldıq.

Qeyd edək ki, bu kompleks elmi-texniki ölkənin müdafiə qüdrətinin artırılması məqsədilə xüsusi təyinatlı hərbi texnika üçün yüksəkkeyfiyyətli, rəqabətədavamlı xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkilinə həsr olunub və yaxın gələcəkdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bu yağlara olan tələbatını ödəməyi və xarici ölkələrə ixracını nəzərdə tutur. Ümumiyyətlə, Aşqarlar Kimyası İnstitutu sürtkü yağlarına, yanacaqlaraxüsusi mayelərə aşqarların yaradılması və onların əsasında müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı keyfiyyətli sürtküyanacaq kompozisiyaları, xüsusi mayelərin işlənib hazırlanması və istehsalının təşkili üzrə fundamental və tətbiqyönlü elmi-tədqiqat işləri aparır. Motor, transmissiya və sənaye yağlarının, həmçinin xüsusi mayelərin istehsalını təmin edən bir sıra aşqarlar AKİ tərəfindən hələ SSRİ dövründə yaradılmış və sənaye istehsalı Azərbaycan (Bakı, Sumqayıt), Rusiya (Ufa, Perm, Yaroslavl, Novo-Kuybışevsk), Ukrayna (Şostka, Xarkov) və Belarusda (Novopolotsk) təşkil olunmuşdur.

Azərbaycan suverenlik əldə etdikdən sonra AKİ Bakı baza yağları və mövcud aşqarlardan istifadə edərək motor yağının və digər xüsusi təynatlı sürtkü yağlarının analoqlarını yaratmış, onların istehsalını institutun nəzdində fəaliyyət göstərən "Aşqar" Elmi İstehsalat Birliyində təşkil etmiş və 100 tonlarla məhsulu Azərbaycanın Müdafiə Nazirliyinə vermişdir. Sevindirici hal odur ki, qeyd edilən xüsusi təyinatlı motor yağları Birinci Qarabağ müharibəsində də uğurla istifadə olunmuşdu.

Çox da uzaq olmayan tarixə qısa nəzər yetirsək, görərik ki, SSRİ dövründə AKİ tərəfindən bir sıra xüsusi təyinatlı sürtkü yağları da yaradılmış və istehsalı təşkil olunmuşdur. Onlardan biri də Ukraynanın Xarkov şəhərində yerləşən zavodda istehsal olunan xüsusi təyinatlı mühərriklər üçün motor yağıdır.

Hər bir texnikanın, xüsusən hərbi texnikanın ildən-ilə təkmilləşməsi və yeni nəsillərinin meydana gəlməsini nəzərə alan Xarkov zavodu xüsusi texnikalarda istifadə ediləcək yeni nəsil yüksək gücləndirilmiş müasir dizel mühərriki yaratmışdır. AKİ tərəfindən əvvəlki illərdə yaradılmış xüsusi təyinatlı motor yağının keyfiyyət göstəriciləri həmin dizel mühərrikinin tələblərinə cavab vermədiyi üçün yüksək keyfiyyətli yeni xüsusi təyinatlı motor yağının yaradılması ehtiyacı gündəmə gəlmişdi.

Təxminən 3 il bundan əvvəl Xarkov zavodu tərəfindən edilən müraciət əsasında AKİ qısa müddətdə tələb olunan sürtkü yağını işləmiş və laboratoriya sınaqlarının nəticələri əsasında bu yağın mövcud motor yağlarından xeyli üstün olduğu məlum olmuşdur. Yaradılmış yeni yağın istehsalı 2020-ci ildə AMEA-nın Təcrübə-Sənaye Zavodunda təşkil edilmiş, 600 litr miqdarında nümunəsi hazırlanmış və motor sınaqları üçün Xarkov zavoduna göndərilmişdir. Elmi fəaliyyətimin əsas hissəsi hərbi sənaye üçün müxtəlif təyinatlı materialların yaradılması və istehsalının təşkili ilə əlaqədar olduğundan bizə bəllidir ki, hərbi texnika üçün yaradılmış hər hansı bir məhsul tələb olunan sınaqlardan çox ciddi şəkildə keçir və əvvəlcədən müəyyən olunmuş texniki tələblərə tam cavab verdikdən sonra müvafiq komissiya tərəfindən tətbiqə icazə verilir. Ona görə AKİ tərəfindən yaradılmış yeni motor yağı Xarkov şəhərindəki xüsusi təyinatlı zavodda bir neçə mühərrikdə stend sınaqlarından keçirilmiş və müsbət nəticələr alınmışdır.

Onu da qeyd edək ki, bu yağla maraqlanan təkcə Ukrayna tərəfi olmamışdır. Pakistan müəssisəsi də hələ 2020-ci ilin sentyabrında Aşqarlar Kimyası İnstitutuna müraciət etmişdir ki, müsbət nəticələrlə sınaqdan keçmiş yeni motor yağı ilə Pakistan Ordusunun təchizi məsələsinə baxılsın. Bir sıra yazışmalardan sonra tərəflər arasında müqavilə hazırlanmış və hazırda qeyd olunan müqavilə rəsmiləşmək mərhələsindədir.

Son nəsil dizel mühərrikləri üçün AKİ tərəfindən xüsusi təyinatlı motor yağının yaradılması və həmin yağın Xarkov zavodunda müsbət sınaq nəticələri haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məlumat verildikdə nazirlikqeyd olunan motor yağına maraq göstərmiş və onlar da bəzi sınaqların aparılması üçün yağ nümunəsinin əldə olunması barədə müraciət etmişlər. Yaradılmış xüsusi təyinatlı motor yağı müvafiq mühərriklərdə müəyyən olunmuş proqram üzrə praktiki sınaqlardan uğurla keçmiş və sınaq komissiyası bu motor yağının xüsusi təyinatlı mühərriklərdə istifadəsini məqsədəuyğun hesab etmişdir. Verilən məlumatlara görə, yaradılmış xüsusi təyinatlı motor yağına "Məxfi" qriflə Azərbaycan patenti də alınmış, ümumiyyətlə, bu sahədə aparılmış tədqiqatlar və alınan nəticələr Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci və 2021-ci illər üçün yekun hesabatlarına mühüm elmi və tətbiqi nəticələr kimi daxil olunmuşdur.

Dövlət mükafatına təqdim olunan təkcə bir xüsusi təyinatlı motor yağından ibarət deyil. Belə ki, ölkənin müdafiə qabiliyyətinin artırılması və xarici ölkələrdən asılılığın azaldılması məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamında olan müasir xüsusi təyinatlı itiyerişli yerüstü texnikanın turboüfürmə ilə yüksək gücləndirilmiş dizel mühərriklərinin bütün mövsümlərdə istismarını təmin edən və xarici analoqlardan keyfiyyətcə üstün xassələrə malik olan motor yağının yaradılması sahəsində Aşqarlar Kimyası İnstitutunda elmi tədqiqat işləri aparılmışdır. AKİ tərəfindən yaradılmış yeni motor yağı Rusiyanın Elmi-Tədqiqat İnstitutu VNİİ NP tərəfindən işlənib hazırlanmış eyni markalı yağdan xeyli üstündür.

Dövlət mükafatına təqdim olunan kompleks elmi-texniki işin müəllifləri də öz sahələrində sözünü demiş, elmi nailiyyətlər qazanmış mütəxəssislərdir. Layihənin rəhbəri aşqarlarsürtkü yağları sahəsində beynəlxalq miqyasda tanınmış alim akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutunda yerinə yetirilən bütün elmi tədqiqat işlərinə, xüsusi təyinatlı sürtkü yağlarının yaradılması, tədqiqi, sınaqlardan keçirilməsi, istehsalın təşkili, əlaqəli təşkilatlarla, o cümlədən xarici təşkilatlarla danışıqların aparılmasına və alınan nəticələrin müzakirəsinə bilavasitə rəhbərliyi həyata keçirib. Eyni zamanda yaradılacaq xüsusi təyinatlı sürtkü yağlarına qoyulan tələbləri nəzərə alaraq onların tərkibinə daxil ediləcək baza yağlarının və müvafiq aşqarların seçilməsinin elmi cəhətdən əsaslandırılmasına, işin yerinə yetirilməsində gündəmə gələn bir sıra məsələlərin elmi araşdırılmasına və işin düzgün istiqamətləndirilməsinə daim başçılıq edib.

Digər müəlliflər də "Aşqarlar kimyası" məktəbinin yetirmələri kimi müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalata tətbiqində böyük təcrübəyə malik tanınmış alimlərdir. Onlar Dövlət mükafatına təqdim olunmuş elmi işin yerinə yetirilməsində əvvəldən axıra kimi bilavasitə iştirakçı olmuşlar.

Dövlət mükafatına təqdim olunan kompleks elmi-texniki işdə AMEA Təcrübə Sənaye-Zavodunu təmsil edən alimlər isə xüsusi təynatlı yağların elmi cəhətdən işlənmiş və müvafiq sınaqlara əsasən tələb olunan keyfiyyətə cavab verən tərkibə uyğun istehsal texnologiyasının yaradılmasında, istehsalın təşkilində, müxtəlif sınaqlar üçün tələb olunan partiyaların texniki şərtlərə uyğun istehsalında həm rəhbər, həm də icraçı kimi bilavasitə iştirak etmişlər.

Yuxarıda qeyd olunan məlumatların ümumiləşdirilməsindən də belə bir nəticəyə gəlmək olar ki, Dövlət mükafatına təqdim edilən kompleks elmi-tekniki təkcə ölkəmizin strateji məhsullara olan tələbatının ödənilməsi və müdafiə qüdrətinin artırılmasına deyil, eyni zamanda müştərək əməkdaşlıq edilən dostqardaş ölkələrin iqtisadi inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə müəyyən töhfə verir. Xüsusən də o ölkələrin strateji məhsullarla təchizat məsələsi meydana gəldikdə Azərbaycanla analoji problemləri yaşayan və 44 günlük Vətən müharibəsi zamanı bizi tək qoymayan Türkiyə, Pakistan, Ukrayna kimi qardaşdost ölkələr üçün bu faydanın miqyası dəfələrlə artmış olur.

Beləliklə, mükafata təqdim edilən kompleks elmi-texniki birmənalı olaraq həm fundamental nəzəri, həm də tətbiqi işdir. Bu da o deməkdir ki, adıçəkilən mükafatın verilməsi üçün müəyyənləşdirilmiş əsas tələblərə tam cavab verən, elm və texnikanın inkişafına mühüm töhfələr verə biləcək fundamental və tətbiqi elmi araşdırmanın nəticəsi olmaqla, ölkəmizin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılması hədəflərini özündə əks etdirir.

Bir sözlə, AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodu MMC tərəfindən xüsusi təyinatlı motor yağının yaradılması sahəsində uğurla görülmüş işlərin nəticəsi kimi "Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili" adlı kompleks elmi-texniki Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatını almağa layiqdir.

 

Cavad ABDİNOV,

akademik, Azərbaycan DövlətMükafatı laureatı

 

Azərbaycan.- 2022.- 15 may.- S. 10.