Ruhu saflaşdıran musiqimiz
VIII "Muğam" Müsabiqəsi
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII "Muğam" Televiziya Müsabiqəsi davam edir. Müsabiqənin açılış günündə böyük muğam şənliyinə tanınmış mədəniyyət və elm xadimləri, yaradıcı ziyalılar və gənclər qatılıblar.
Gecənin aparıcıları diqqətə çatdırıblar ki, bu il 300-dən çox namizəd arasından 18 finalçı seçilib. Həftədə iki dəfə - çərşənbə və cümə axşamları AzTV ilə canlı yayımlanan müsabiqənin sonrakı mərhələlərini ölkənin regionlarında da keçirmək planlaşdırılır.
Tədbirdə 44 günlük Vətən müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin ifasında "Xudayar təsnifi" kimi tanınan, Xalq artisti Əlibaba Məmmədovun bəstəsi olan "Vətən yaxşıdır" mahnısının videoçarxı nümayiş etdirilib. Tamaşaçılar gecənin xüsusi qonaqlarını - 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını salamlayıblar.
Əvvəlcə Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Babək Niftəliyevin ifasında qısa konsert proqramı təqdim edilib.
Müsabiqənin yarandığı gündən onun münsiflər heyətində öz xeyir-duası və dəyərli tövsiyələri ilə gənclərə yol göstərən, bir neçə ay əvvəl dünyasını dəyişmiş görkəmli xanəndə Əlibaba Məmmədovun Ümummilli Lider Heydər Əliyevlə söhbətləri və ifasından ibarət kadrlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Builki müsabiqənin münsiflər heyətinə Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi və Əməkdar artist Fərqanə Qasımova daxildir.
Muğam yarışmasının ilk günü 9 finalçı öz məharətini göstərib. Münsiflər heyəti hər bir çıxışı diqqətlə təhlil etdikdən sonra onları 10 ballıq sistem üzrə qiymətləndiriblər. Müsabiqənin ikinci günündə səhnədə ikinci yarımqrupun 9 iştirakçısının ifası dinlənilib. Çox sevindirici haldır ki, bu iştirakçılar arasında yaşı 18-dən aşağı olanlar da var. İfalar münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və ilk həftə olduğu üçün heç bir iştirakçı müsabiqədən kənarlaşdırılmayıb. Münsiflər müsabiqə iştirakçılarına uğurlar diləyərək öz tövsiyələrini veriblər. Müsabiqənin respublikanın regionları da daxil olmaqla 15 həftə ərzində keçirilməsi planlaşdırılır.
UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş milli sərvətimiz olan muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Muğam hər bir azərbaycanlının həyatına, demək olar ki, beşikdən daxil olur, onu bütün həyatı boyu müşayiət edir. Bu, ruhları saflaşdıran, yüksəldən, əsrlər boyu müşayiət olunan, dərin qədim keçmişdən bu günə və gələcəyə körpü olan muğam fenomenidir. Xalqımızı muğamsız, muğamı Azərbaycansız təsəvvür etmək çətindir.
Qeyd edək
ki, Heydər Əliyev Fondunun
dəstəyi ilə ilk muğam
televiziya müsabiqəsi 2005-ci ildə keçirilmiş və dahi
bəstəkar Üzeyir bəy Hacıbəylinin
120 illiyinə həsr edilmişdir.
Azərbaycan.- 2022.-15 may.- S.11.