Azərbaycanla
İƏT arasında uğurlu əməkdaşlıq həyata
keçirilir
Milli Məclisin sədri Sahibə
Qafarova mayın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatının
(İƏT) Baş katibi Xusrav Noziri ilə
görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən AZƏRTAC-a
bildirilib ki, qonağı səmimiyyətlə salamlayan spiker,
bu il Azərbaycanın təşkilata üzvlüyünün
30-cu ildönümünün tamam olduğunu, bu illər ərzində
tərəflər arasında uğurlu əməkdaşlıq
həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan regionun
iqtisadi potensialından səmərəli istifadə etmək
üçün qarşılıqlı, faydalı əməkdaşlığın
genişləndirilməsində maraqlıdır. Ölkəmiz
həmişə beynəlxalq iqtisadi əməkdaşlıq və
inteqrasiya səylərinə öz dəstəyini göstərir.
Bu kontekstdə Azərbaycanın İƏT çərçivəsində
əməkdaşlığa verdiyi töhfələr
vurğulanıb.
Görüşdə Milli Məclisin
sədri Azərbaycanla İƏT arasında münasibətlərin
möhkəmləndirilməsi, 44 günlük Vətən
müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə
və münaqişənin həllindən sonra regionda yeni
yaranmış şərait, işğaldan azad olunmuş ərazilərdə
həyata keçirilən bərpa və quruculuq işləri,
kommunikasiyaların bərpasının və yeni dəhlizlərin
yaradılmasının əhəmiyyəti, İƏT
Parlament Assambleyasının Bakıda keçiriləcək
Üçüncü Ümumi Konfransına hazırlıq məqsədilə
görülən işlər və digər məsələlər
barədə danışıb.
Baş katib Xusrav Noziri
görüşə və göstərilən yüksək
qonaqpərvərliyə görə minnətdarlığını
ifadə edib. O, Azərbaycana ikinci dəfə səfər
etdiyini və ölkəmizin yüksək səviyyədə
inkişafa nail olduğunu vurğulayıb.
X.Noziri Azərbaycanın
İƏT-də fəal rol oynayan üzv dövlətlərdən
biri olduğunu qeyd edib. O, Azərbaycanın təşkilatda fəal
təmsilçiliyini, həmçinin Milli Məclisin
İƏT Parlament Assambleyasının Üçüncü
Ümumi Konfransının keçirilməsi ilə
bağlı gördüyü işləri yüksək qiymətləndirib.
Azərbaycan.-
2022.-17 may.- S.4.