Prezident Administrasiyasında Milli Dirçəliş
Hərəkatı Partiyasının sədri ilə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan siyasi dialoq prosesi çərçivəsində siyasi partiya rəhbərləri ilə təşkil olunan görüş və diskussiyalar davam etdirilir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin növbəti görüşü mayın 16-da Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ilə keçirilib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ədalət Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar, İkinci Qarabağ müharibəsi, yeni geosiyasi reallıqlar, Azərbaycanın dünya siyasi arenasında artan rolu, işğal nəticəsində Azərbaycana dəymiş ziyanın kompensasiyası, Qarabağa Böyük Qayıdış və digər aktual məsələlər barədə fikirlərini səsləndirib.
Şöbə müdiri siyasi dialoq, siyasi partiyaların cəmiyyətdə rolu, müxalifətlə konstruktiv əməkdaşlıq və yaranmış sağlam mühit haqqında geniş məlumat verib. Müvafiq istiqamətdə görülmüş işlərin əhəmiyyətini vurğulayan Administrasiya rəsmisi bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizdə partiyaların inkişafı üçün yaradılan şərait bilavasitə ölkə rəhbərliyinin dövlət quruculuğu məsələlərində demokratik dəyərlərə verdiyi qiymətdən xəbər verir.
Bütün demokratik təşəbbüslərə rəğmən, sabitliyin pozulmasına xidmət edən təxribatlar təəssüf hissi doğurur, milli maraqların toxunulmazlığına təhdid yaradan radikal meyillər cəmiyyət tərəfindən qəbul edilmir və sərt tənqid olunur. Azərbaycanda uzun illər ərzində yaşanan siyasi sabitlik dayanıqlı inkişafın əsasıdır və bu sabitlik milli maraqlarımızın tərkib hissəsidir.
Bununla yanaşı, görüş əsnasında siyasi partiyaların gündəlik fəaliyyəti ilə bağlı müxtəlif səpkili məsələlər, partiyaların ictimai nüfuzu, qərargahla təmin olunması və maliyyə hesabatlarının təqdim edilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Fərəc Quliyev 44 günlük Vətən müharibəsi zamanı yaranan birliyi yüksək qiymətləndirərək, cəmiyyətin, o cümlədən siyasi partiyaların nümayiş etdirdiyi həmrəylikdən danışaraq ümummilli və dövlətçilik məsələlərində özünün və rəhbərlik etdiyi siyasi partiyanın dövlətin yanında olduğunu xüsusi vurğulayıb.
Görüş zamanı dövlətimizin Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətindəki mövqeyinin də partiya tərəfindən dəstəkləndiyi bildirilib. Fərəc Quliyev xarici siyasətdə atılan addımları təqdir edib, bu istiqamətdə aparılan siyasətin tezliklə bütövlükdə Qafqaz regionunda sabitliyi və dayanıqlı təhlükəsizliyi təmin edəcəyini diqqətə çatdırıb.
Həmçinin görüşdə ölkəmizdə pandemiya ilə mübarizədə görülmüş tədbirlər yüksək qiymətləndirilib. Bu sahədə qazanılan təcrübənin digər ölkələr üçün də nümunə olduğu vurğulanıb.
Administrasiya rəsmisi
Ədalət Vəliyev görüşün
sonunda konstruktiv əməkdaşlığın
əhəmiyyətini bir daha
vurğulayaraq, Fərəc Quliyevə və
onun sədrlik etdiyi siyasi partiyaya dövlətçiliyimizin
möhkəmləndirilməsi istiqamətində gələcək
fəaliyyətində uğurlar
arzulayıb.
Azərbaycan.-
2022.- 15 may.- S.5.