Avropanın siyasiləşən "Avroviziya"sı
Bundan sonra qalmaqallı yarışmada iştiraka ehtiyac varmı?
Son illərdə "Avroviziya" Mahnı Müsabiqəsindəki qalmaqallar bitmək bilmir. 2020-ci ildə pandemiya səbəbindən təxirə salınan yarışma ötən il tamaşaçısız keçirildi.
Bu il isə yarışma yenidən ənənəvi qaydada ötən ilin qalib ölkəsi İtaliyanın Turin şəhərində səhnəyə qayıtdı. Azərbaycan hər il olduğu kimi, bu dəfə də finala keçən 25 ölkədən biri oldu. Ancaq İtaliyada keçirilən müsabiqədə qaranlıq məqamlar yaşandı.
Avropa Yayım Birliyinin
saxtakarlığı
Ümumiyyətlə, son illərdə yarışmaya narazılıq edərək qatılmayan ölkələrin sayı artmaqdadır. Təbii ki, səbəb kimi isə yarışmanın ikili standartlara söykəndiyi və siyasi xarakter daşıması, səsvermənin saxtalaşdırılmasıdır.
Qardaş Türkiyə də səsvermə sistemində ədalətsizlik olduğu üçün yarışmada iştirakdan imtina etdiyini açıqlamışdı. Qeyd edək ki, Türkiyə artıq 2013-cü ildən "Avroviziya" ya qatılmır.
Yarışmanın ilk yarımfinal günündən hansı ölkənin qalib gələcəyi ilə bağlı ictimaiyyət arasında da müzakirələr gedirdi. Qalib ölkənin Ukrayna olacağı düşünülsə də, Azərbaycanın da təqdim etdiyi musiqi ilə ön pillələrdə olacağı müzakirə olunurdu.
Finalda 15-ci çıxış edən Azərbaycana bu il səsvermə zamanı 40 ölkənin 19-dan müxtəlif səslər verildi. Əvvəlki illərdən fərqli olaraq hər ölkənin münsif heyətinin verdiyi xallar ilk olaraq açıqlandı. Azərbaycanın 12 xalı kimə verəcəyini açıqlayacağı zaman isə texniki problem olduğu üçün qoşulmanın mümkün olmadığı bildirilirdi və Azərbaycan adından verilən xallar səhnədə səsləndirildi və ölkəmizin 12 xalı Böyük Britaniyaya verdiyi açıqlandı. Daha sonra Gürcüstan və Rumıniyaya qoşulma zamanı da belə problemin ortaya çıxdığı qeyd olunaraq, xallar yarış təşkilatçıları tətəfindən səsləndirildi.
Səsvermədən dərhal sonra Azərbaycanın əslində 12 xalı Ukraynaya verdiyi, səsvermənin məqsədli şəkildə dəyişdirildiyi ortaya çıxdı. Təbii ki, həm münsif, həm də xalq səsverməsinə görə sonda qalib Ukrayna olsa da, bir ölkənin verdiyi səslərin dəyişdirilməsi nədən xəbər verir? Belə çıxır ki, yarışmaya göndərilən hər bir səs dəyişdirilə, saxtalaşdırılaraq təşkilatçıların istədiyi ölkəyə istədiyi qədər xal verməsi ilə reallaşa bilər.
Finaldan sonra müzakirə olunan yarışma və səsvermə ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən təşkilatçılara müraciət olunduğu, ölkəmizin elan edəcəyi 12 xalın əslində Ukraynaya verildiyi və bununla bağlı araşdırma aparıldığı bildirildi. Münsif səsverməsindən sonra Azərbaycan ilk onluqda olsa da, xalq səsverməsi nəticəsində 3 alan Azərbaycan 16-cı yerdə qərarlaşdı. Bir ölkənin verdiyi səslərin dəyişdirilməsi, əslində bu məqamda da şübhələr doğurur? Həqiqətənmi verilən xal 3 idi, yoxsa...
Narazılıq və şikayətləri görən "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı Avropa Yayım Birliyi (AYB) finaldan bir gün sonra 6 ölkənin - Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marinonun münsiflər heyəti tərəfindən müsabiqədən çıxarıldığını bəyan etdi. Bu ölkələr qaydaları pozmaqda ittiham edildi. Amma təşkilatçılar tərəfindən 6 ölkənin hansı qaydaları pozduğu açıqlanmadı.
"Texniki problem",
yoxsa qərəz?
İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adları göndərilib. Həmin siyahıya əsasən, 12 bal Ukraynaya verilib. Yarışma təşkilatçıları buna cavab olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Azərbaycan tərəfindən isə bu istək qətiyyətlə rədd edilib.
Dərhal təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib və canlı yayımda onlardan alınan nəticələrin deyil, Azərbaycanın münsif heyətinin verdiyi səslərin açıqlanacağı, bu məsələnin isə ictimailəşdiriləcəyi bildirilib. Yalnız bundan sonra yarımfinal mərhələsi zamanı
6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən "qəribəliyin" olduğu barədə məlumat verilib. Bu "qəribəlik"lə bağlı isə finalın sonuna qədər heç bir məlumat verilməyib, hansısa "sübutlar" indiyə qədər təqdim olunmayıb.
Azərbaycan münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb, ölkəmiz adından öz nəticələrini elan ediblər. Bu proses isə texniki problemlərlə əlaqələndirilib. Halbuki ölkəmizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem olmayıb və təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verilməyib.
Azərbaycanın qərarı nə olacaq?
İctimai Televiziyadan müraciətlə bağlı rəsmi cavab gözləndiyi və ondan asılı olaraq növbəti addımların atılacağı bildirilib.
Bu bir daha göstərir ki, təşkilatçılar iştirakçı ölkənin səsvermə hüququnu əlindən alır, istədikləri vaxt səsləri saxtalaşdırırlar.
Ümumiyyətlə, olanlardan sonra Azərbaycanın "Avroviziya"da iştirak məsələsi geniş müzakirə obyektinə çevrilib. Çoxları yarışmada səslərin ədalətsiz olduğunu, nəticələrin reallığa söykənmədiyini, hətta bəzən yarışmadan əvvəl qalibin hansı ölkə olduğunun bəlli olduğunu bildirirlər.
İctimaiyyət arasında dolaşan fikirlər əsas bir sualı ortaya çıxarır. Ümumiyyətlə, bundan sonra Azərbaycanın "Avroviziya" yarışmasında iştirakına ehtiyac varmı?
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2022.- 17 may.- S. 10.