Qarabağ regionunda əməkdaşlıq üçün yaxşı potensial var  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrə toxunuldu, kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın perspektivlərindən danışıldı. İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı.

Oded Forerin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı müasir dövrdə ərzaq təhlükəsizliyinin bütün ölkələr, o cümlədən Azərbaycan üçünprioritet məsələ olduğunu qeyd edərək, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışdı. Prezident İlham Əliyev yerli kənd təsərrüfatı istehsalının və ixracatın əhəmiyyətli dərəcədə artdığını vurğuladı, eyni zamanda, idxaldan asılılığın maksimum dərəcədə azaldılması istiqamətində də işlərin həyata keçirildiyini dedi.

Erməni işğalından azad edilmiş ərazilərdə görülən işlərdən danışan dövlətimizin başçısı bu torpaqlarda dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanıldığını və artıq müəyyən nəticələrin əldə edildiyini bildirdi. İşğal dövründə ermənilərin ərazilərimizdə ekoloji soyqırımı törətdiyini vurğulayan Prezident İlham Əliyev xüsusilə bunun nəticəsində bu yerlərin su mənbələrindən də məhrum olunduğunu, buna görə hazırda həmin ərazilərdə su mənbələrinin bərpası və irriqasiya sistemi ilə bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını qeyd etdi.

Oded Forer kənd təsərrüfatı sahəsində ölkələrimizin müvafiq qurumları arasında yaxşı əməkdaşlığın mövcud olduğunu dedi, Bakıda keçiriləcək “Caspian Agro 2022” - Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyətini qeyd etdieyni zamanda, Azərbaycan-İsrail kənd təsərrüfatı biznes forumunda iştirak etmək üçün onunla birlikdə İsraildən xeyli sayda şirkətin nümayəndələrinin də gəldiyini məmnunluqla bildirdi. İsrailin kənd təsərrüfatı sahəsində yaxşı təcrübəsinin olduğunu qeyd edən nazir bu təcrübəni azərbaycanlı həmkarları ilə bölüşməsindən məmnunluğunu ifadə etdi.

Oded Forer bildirdi ki, Azərbaycanda əldə edilən inkişafın böyük imkanlar yaratdığı nəzərə alınaraq Qarabağ regionunda da əməkdaşlıq üçün yaxşı potensial var.

 

Azərbaycan.- 2022.- 18 may.- S.2.